Qarabağ separatçıları itkiləri barədə xəbər yayıblar
Rusiyanın RIA Novosti agentliyinin verdiyi xəbərə görə Dağlıq Qarabağda separatçı rejimin hərbi komandan müavini Artur Sarkisyan döyüşlərdə həlak olub.
Bundan əvvəl separatçı rejimin “prezidenti” Araik Arutyunyan “general-leytenant” Calal Arutyunyanın onun yaralanması ilə bağlı onun “müdafiə naziri” vəsifəsindən azad edildiyini xəbər vermişdi.
İndi bu vəzifəyə Mikael Arzumanyan təyin edilib.
Sarkisyanın həlak olmasına dair məlumatı Rusiyanın Interfax agentliyi də verib.
Interfax Dağlıq Qarabağ separatçılarının daha bir komandirinin - Sergey Şakarayanın da adının həlak olanlatırın siyahısında olduğunu bildirir.
Bundan əvvəl separatçı rejimin müdafiə nazirliyi noyabrın 2-də Azərbaycan silahlı qüvvələri ilə döyüşlərdə həlak olmuş daha 11 erməni hərbçinin siyahısını dərc edib.
Artur Sarkisyanın və Sergey Şakaryanın adları da bu siyahıdadır.
ANAMA-nın əməkdaşı minaya düşüb
Noyabrın 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaaxtaranı Telman Zeynalov piyada əleyhinə minaya düşüb.
Bunu ANAMA-dan bildiriblər.
Məlumata görə, hadisə Cəbrayıl rayonu ərazisində mina təmizləmə əməliyyatı həyata keçirilərkən baş verib. T.Zeynalovun Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşdüyü qeyd edilir.
Açıqlamaya görə, nəticədə T.Zeynalovun sol ayağı topuq nahiyəsindən amputasiya olunub: "Hazırda T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır".
"8 kənd işğaldan azad edilib"
Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə kəndini də işğaldan azad etdiyi deyilir
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün Twitter hesabında bildirib: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir".
"Tərtər və Goranboy rayonları intensiv atəşə tutulur"
"Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəziyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi noyabrın 2-i saat 15:45 radələrində yayıb.
Hələlik, itki və dağıntı barədə məlumat verilmir.