Ölənlər 20-ni keçib
Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə raket hücumu nəticəsində ölənlərin sayının 21 nəfərə çatdığı deyilir.
Bu barədə Baş Prokurorluğun növbəti açıqlamasında qeyd edilir.
Qurumun araşdırmasına görə, 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb.
Goranboy və Tərtər rayonları atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutduğu bildirilir.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb. Nazirlik vurğulayıb ki, Ermənistan humanitar atəşkəs rejimini kobud şəkildə pozur.
14 nəfər həlak olub
Azərbaycan Baş Prokurorluğu bu gün, oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərinin atəşə tutulması ilə bağlı növbəti açıqlama yayıb. Həmin açıqlamaya görə isə, nəticədə 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb.
Baş Prokurorluq: "3 nəfər həlak olub…"
Azərbaycan Baş Prokurorluğu da oktyabrın 28-də Bərdə rayonunun atəşə tutulması ilə bağlı məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirib.
Nəticədə üç nəfərin həlak olduğu, bir neçə şəxsin isə xəsarət aldığı bildirilir.