"Tərtər rayonu atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 26-sı, saat 18 radələrində bildirib ki, Tərtər şəhəri və rayonun kəndlərini Ermənistan silahlı qüvvələri yenidən atəşə tutur.
İlham Əliyev: "Vasitəçi neytral olmalıdır"
Prezident qeyd edib ki, vasitəçi neytral olmalıdır: "Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan danışıqların əleyhinə deyil: "Dünən (oktyabrın 25-də) Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin".
Prezident: "Bir tərəfdən atəşkəs deyilir..."
Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciət edib.
Müraciətində Dağlıq Qarabağ münaqişəsindən, üçüncü dəfə atəşkəs razılaşmasından danışan prezident vurğulayıb ki, bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir.
Prezidentin deməsinə görə, belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir: "Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?".
Prezident sonra da deyib: "Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq?".