"Bakı xahiş edərsə..."
Türkiyənin vitse-prezidenti Fuat Oktay oktyabrın 21-də bir daha ölkəsinin Azərbaycana dəstəyini dilə gətirib. O deyib ki, Bakı xahiş edərsə, Türkiyə bu ölkəyə hərbçilərini göndərməyə tərəddüd etməyəcək.
F.Oktay ATƏT-in Minsk qrupunun Yerevanı dəstəklədiyini, münaqişənin həllini yubatmağa çalışdığını iddia edib.
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb
Bu gün, oktyabrın 21- də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
“Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb”, deyə məlumatda deyilir.
Bir qəsəbə və 21 kəndin də azad edildiyi açıqlanıb
Azərbaycan ordusunun Füzuli və Cəbrayıl rayonlarının ümumilikdə 8 kəndini də işğaldan azad etdiyi bildirilir.
Bu barədə bu gün, oktyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb:
“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir...”
Azərbaycan dövlət başçısı özünün rəsmi Twitter səhifəsində başqa bir paylaşımda isə Zəngilan rayonunda da bir qəsəbə və13 kəndin azad edildiyini vurğulayıb.
“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir... "
Lavrov Mnatsakanyan və Bayramovla görüşüb
Oktyabrın 20-də və 21-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, habelə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ayrı-ayrı görüşlər keçirdiyi bildirilir.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bildirib.
"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı öncədən əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun dayanaqlı nizamlanması üçün şəraitin yaradılması ilə bağlı təxirəsalınmaz məsələlər müzakirə olunub",- məlumatda bildirilir.