BQXK ümid edir...
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüpp oktyabrın 13-də Cenevrədə keçirdiyi mətbuat konfransında deyib ki, regionda yüz minlərlə insan münaqişənin birbaşa, yaxud dolayısı ilə təsirinə məruz qalıb. "Mülki şəxslər ölürlər, yaxud həyatlarını dəyişən xəsarətlər alırlar. Evlər, şirkətlər, vaxtilə çox məşğul küçələr yerlə-yeksan olur", – o deyib.
Şüpp Moskvada əldə olunmuş atəşkəs razılaşmasından sonra tərəflərlə təmasları davam etdirdiklərini, cəsədlərin, yaxud tərəflər razılaşarsa, əsirlərin dəyişdirilməsində neytral vasitəçi kimi xidmətlərini təklif etdiklərini söyləyib.
"Ümid edirik ki, humanitar atəşkəs razılaşmasına əməl olunacaq və münaqişənin təsir göstərdiyi şəxslərin durumunu yüngülləşdirəcək. Bu halda BQXK cəsədlərin, yaxud əsirlərin təslim edilməsini yüngülləşdirməyə hazırdır. Ancaq tərəflər öz aralarında formatı razılaşdırmalıdırlar", – o vurğulayıb.
Prezident səkkiz kəndin işğaldan azad edildiyini bildirib
Prezident İlham Əliyev bu gün, oktyabrın 14-də Azərbaycanın bəzi kəndlərinin işğaldan azad edildiyini bildirib.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib....", - İ.Əliyev Twitter səhifəsində yazıb.
Paşinyan Qarabağın statusu tanınmadan danışıqlardan imtina edir
Ermənistan Qarabağın öz statusunu təyinetmə hüququ çıxdaş olunan danışıqlar formatından imtina edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 14-də xalqa müraciətində deyib.
"Bu gün hərbi-siyasi vəziyyət bizim üçün həddən artıq vacibdir. Ancaq buna görə müharibənin səbəblərini və şərtlərini anlamaq lazımdır. Əvvəlki illər Qarabağ danışıqlar prosesi elə bir nöqtəyə çatmışdı ki, erməni xalqı qarşısında öz hüquqlarından imtina tələbi qoyulmuşdu", – baş nazir deyib. Onun sözlərinə görə, Azərbaycan işğal olunmuş yeddi rayonundan beşini geri istəyib, qalan iki rayonun təhvil verilməsi üçün qrafik, Qarabağın istənilən statusunun Azərbaycanın tərkibində olacağının bəyan olunmasını tələb edib.
Paşinyanın iddiasına görə, təklif olunan formulda ərazilər status əvəzinə deyil, sülh əvəzinə təhvil verilməliydi. "Əks halda, Azərbaycan məsələni müharibə yoluyla həll etməklə hədələyirdi", – o vurğulayıb.
Lavrov: "Hərbi müşahidəçilər də yetərlidir"
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə müzakirə olunan ilkin razılaşmada regiona sülhməramlıların yerləşdirilməsi təklif olunub, ancaq indiki məqamda hərbi müşahidəçilər də yetərlidir. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkə radiostansiyalarına müsahibəsində deyib.
"İndi heç sülhməramlı deyil, hərbi müşahidəçilər belə yetərlidir. Biz bunu tamamilə düzgün sayırıq. Hətta bizim hərbi müşahidəçilər olsa belə, son sözü tərəflər (Ermənistan və Azərbaycan) deməlidirlər", – Lavrov vurğulayıb.
Nazir münaqişənin siyasi həllinin mümkün olduğunu deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ ətrafındakı rayonların mərhələli azad olunması üzrə təkliflər hazırlayır. Bu, təhlükəsizlik zəmanəti, Qarabağın yekun statusu həll olunanadək Ermənistan və regionla etibarlı əlaqənin təminatı çərçivəsində edilməlidir.
Lavrov deyir ki, razılaşmanın birinci mərhələsində Qarabağ ətrafında beş rayonun azad olunması, kommunikasiyanın, iqtisadi, nəqliyyat əlaqələrinin bərpası, sülhməramlıların yerləşdirilməsi, ikinci mərhələdə isə daha iki rayonun azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib ki, Qarabağa sülhməramlılar yalnız Bakı və Yerevanın razılığı ilə göndərilə bilər.