Lavrov Qarabağda sülhməramlılardan danışır
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağda təmas xəttinə rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsini düzgün addım sayır. Ancaq onun sözlərinə görə, buna Bakı və Qarabağ qərar verməlidir. Bu haqda "Reuters" yazır.
Lavrov həmçinin, Türkiyən münaqişədə tutduğu mövqe ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə Qarabağdakı hərəkətlərində şəffaf olmalıdır.
Ankara hərbi əməliyyatlarda Bakını dəstəkləyir.
Xəsarət alanların sayı 214-ə çatıb
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 14-də mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək qarşı tərəfin silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb: "Bundan başqa, 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb".
7 Tərtər sakini də xəsarət alıb
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 7 mülki şəxsin də xəsarət aldığı bildirilir.
Bu barədə oktyabrın 14-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 14-də qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar.
Qurum qeyd edib ki, saat 10 radələrində Tərtər rayonu ərazisində orta məktəbin həyətinə mərmi düşüb. Nəticədə Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd nümayəndəsi Ramiz Zeynalov, Əsgərli kənd nümayəndəsi Kamran Əhmədov və daha 5 sakinin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildikləri vurğulanıb.
AzTV-nin maşınının atəşə tutulduğu bildirilir
Bu gün, oktyabrın 14-də cəbhə bölgəsində yerləşən Tərtər rayonunda Azərbaycan Dövlət Televiziyasının (AzTV) avtomobilinin atəşə tutulduğu bildirilir.
Bu barədə AzTV-nin rəsmi saytı məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutub. Həmin vaxt bölgədə olan AzTV-nin avtomobilinin sürücüsünün xəsarət aldığı, avtomobilə ziyan dəydiyi açıqlanıb.