V.Dərgahlı: "Azərbaycan atəşkəsə əməl edir"
"Azərbaycan ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir".
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə əməl edir.
MN: "Ümumi vəziyyət gərgin olaraq qalıb"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 13-ü cəbhədəki durumla bağlı növbəti açıqlama yayıb.
"Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib", - nazirlik saat 9:50-də bildirib.
Məlumatda habelə yazılıb ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. "Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır", - MN vurğulayıb.
Tərtər atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin bu gün, oktyabrın 13-ü səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutduğu bildirilir.
Bu məlumatı oktyabrın 13-ü səhər saat 7:40-da Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.
"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutur", - məlumatda yazılıb.
Halbuki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12:00-dan cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin raket zərbələrinə tutulduğu bildirilib. Nəticədə 10 nəfər dinc sakinin həlak olduğu, 30-dan çoxunun isə yaralandığı açıqlanıb.
Qarabağda 45 erməni hərbçinin həlak olduğu xəbər verilir
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan oktyabrın 12-də bildirib ki, Azərbaycan silahlı qüvvələri “cənub cəbhəsində atəşi intensivləşdirib”.
Bu arada Dağlıq Qarabağda separatçı rejimin verdiyi məlumata görə oktyabrın 12-də daha 45 erməni hərbçi həlak olub.
Beləliklə sentyabrın 27-də döyüş əməliyyatları başlanandan bəri 525 erməni hərbçinin öldürüldüyü xəbər verilir.