Yaralıların sayının 171-ə çatdığı bildirilir
Azərbaycan Baş Prokurorluğu sentyabrın 27-dən oktyabrın 10-u saat 12.00-dək cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 31 dinc sakin həlak olub, 171 sakin yaralanıb.
“Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1137, çoxmənzilli yaşayış binalarının sayı 45, mülki obyektlərin sayı isə 146 olub”, məlumatda yazılıb.
Ermənistan da Azərbaycanı ittiham edir
Ermənistan tərəfi iddia edir ki, oktyabrın 10-da səhər saatlarında Azərbaycan ordusu Qafan rayonunda bəzi məntəqələri atəşə tutub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün Facebook səhifəsində məlumat paylaşıb. Məlumatda 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir. Azərbaycan müdafiə nazirliyi isə bu iddaları təkzib edir.
Ermənistan tərəfi atəşkəsin pozulmasında da Azərbaycanı ittiham edir. Ermənistan Müdafiə nazirliyinin sözçüsü Shushan Stepanyanın yazdığına görə, atəçkəsə baxmayaraq Azərbaycan ordusu Qaraxanbəylini ələ keçirmək üçün hücuma başlayıb.
AMN: “Atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur”
“Bu gün (oktyabrın 10-u) saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib”
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 13-12-də yayıb.
“ Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur”,məlumatda qeyd edilib.
AMN bildirir ki, bütün hücum cəhdlərinin qarşısı uğurla alınıb: “Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”
Tərtər və Ağdamın atəşə tutulduğu bildirilir
Tərtər və Ağdam rayonlarının ərazisinin atəşə tutulduğu açıqlanıb.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) təqribən saat 12-30 radələrində yayıb.
Halbuki, Moskva razılşmasına əsasən oktyabrın 10-u saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmalıdır.
AMN: “Yaşayış məntəqələri intensiv atəşə məruz qalır”
“Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.”
Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 10-06 radələrində yayıb.
AMN qeyd edib ki, cavab tədbirləri görülür.