İ.Əliyev Minsk qrupundan zəmanət istəyir
"Bizim tələblərimiz var. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq".
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev "TRT Haber" telekanalına müsahibəsində səsləndirib. Onun əlavə etməsinə görə, təbii ki, o zaman müharibə dayanacaq: "Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun".
Dövlət başçısının qeyd etməsinə görə, bəzi vasitəçilər istəyirlər ki, sadəcə, atəşkəs olsun.
"Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?", - deyə o, vurğulayıb.
Qeyd edilən sualların havada qaldığını bildirən İ.Əliyev deyib: "Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin...".
Prezidentin sözlərinə görə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər: "Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam".
Prezidentin köməkçisi: "Bu əmrlər..."
"Qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu əmrlər bilavasitə Ermənistanın siyasi, hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir".
Bunu bu gün, oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun fikrincə baş verənlər Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır: "Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb...".
Prezidentin köməkçisinin vurğulamasına görə, onlar bununla münaqişəyə üçüncü tərəfi də cəlb etmək istəyirlər.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri atılan raketlərin bir çoxunu havadaca məhv edir.
Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Beyləqan şəhərlərini atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 5-də günün ikinci yarısı məlumat yayıb. Məlumata görə, yaralılar var.