Füzuli, Ağcabədi, Tərtər, Goranboy və Göygöl atəşə tutulur
Hazırda Füzuli rayonunun Horadiz şəhərini, Ağcabədi rayonunun kəndlərini, Tərtər şəhərini, bu rayonun kəndlərini, Goranboy və Göygöl rayonlarını Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 5-də saat 11:40-da məlumat yayıb.
AMN qarşı tərəfə cavab verdiyini vurğulayıb.
24 mülki şəxs həlak olub
Baş Prokurorluq sentyabrın 27-dən bəri cəbhədə döyüşlər başlayandan sonra Azərbaycan tərəfdən mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən oktyabrın 5-də yayılan məlumata görə, 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.
'Azərbaycan lideri döyüşləri dayandırmağa 'yox' deyir...'
"Reuters" yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin dünənki çıxışının məzmunu və tonu Azərbaycanın beynəlxalq qurumların dərhal atəşkəs çağırışlarını qəbul etməyəcəyini aydın şəkildə ortaya qoydu.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bu çıxışdan dərhal sonra deyib: "Məncə, Yerevana hər hansı risk yoxdur, amma yenə də müharibə şəraitindəyik".
Türkiyənin Xarici İşlər Nazirliyi də bazar günü Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulmasını pisləyib: "Ermənistanın Gəncədə mülki şəxslərə hücumu... Ermənistanın qanunsuz münasibətinin yeni göstəricisidir. Bu hücumları pisləyirik".