Madagiz (Suqovuşan) azad edildi
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
“Azərbaycan həmişə danışıqlar masasında iştirak edir. Amma danışıqlar prosesini dağıdan, pozan Ermənistandır…”.
Bunu da jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb:
“Proses ilk növbədə nəticəyönümlü olmalıdır ki, işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılsın, BMT-nin aidiyyatı qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan danışıqlar prosesində öz konstruktivliyini aydın və birmənalı şəkildə ifadə edib"
Prezidentin köməkçisinin fikrincə, indiki şəraitdə beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, o, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın.
Hikmət Hacıyev Azərbaycanın Ermənistana mesajından danışıb
“Dünəndən ( oktyabrın 2-dən) etibarən Azərbaycan Respublikasının Tərtər şəhəri ermənilər tərəfdən intensiv şəkildə atəşə tutulur. Tərtərə 2 mindən çox mərmi atılıb. Azərbaycanın Şəmkir şəhəri Ermənistanın Vardenis ərazisindən “Toçka-U” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə atəşə tutulub... ”
Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlər və xarici dövlətlərin Bakıda akkreditə olunmuş diplomatlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vasitəsilə Ermənistana mülki şəxslərin öldürülməsinin və Azərbaycan şəhərlərinin atəşə tutulmasının dayandırılması barədə mesaj göndərib.
“Ancaq, təəssüf ki, onlar bunu etməkdən imtina etdilər. Bu, Ermənistanın həqiqi niyyətlərinin növbəti sübutudur: onların hədəfi dinc Azərbaycan vətəndaşlarıdır”, - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan müasir texnologiyaların köməyi ilə dronlardan istifadə etməklə yalnız ölkənin işğal olunmuş ərazilərindəki hərbi hədəflərə dəqiq zərbələr endirir.
Baş prokuror Kamran Əliyev həmçinin bildirib ki, yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonunun sakinidir. Onun deməsinə görə, xəsarət alanlardan 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır.
Baş Prokuror: “12 cinayət işi başlanıb”
“Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu günədək ( sentyabrın 27-dən bəri-red) 19 mülki şəxs həlak olub. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var...”
Bunu Azərbaycan Baş prokuroru Kamran Əliyev oktyabrın 3-də təşkil olunan brifinqdə söyləyib.
Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi sakini Elbrus İsa oğlu Qurbanov və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı, övladları həlak olub. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələr ilə cinayət işi başlanıb. K.Əliyev həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 63 dinc sakin yaralanıb.