Avropa Birliyi liderləri Ermənistan və Azərbaycan qüvvələrini Dağlıq Qarabağ regionunda döyüşləri dərhal dayandırmağa çağırıb.
“İnsan ölümləri, mülki əhali arasındaki itki qəbuledilməzdir. Bu münaqişə hərbi yolla həll oluna bilməz, xaricdən müdaxiləyə yol verilməməlidir”, – AB Şurası oktyabrın 2-də Brüsseldə samitdən sonra verdiyi bəyanatda bildirib.
AB 1990-cı illərin əvvəlindən münaqişənin həllində vasitəçilik etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəklədiyini bildirib.
Türkiyə Azərbaycana “hər cür dəstək” göstərməyə hazırdır
Minsk qrupu həmsədrləri olan Fransa, Rusiya və Birləşmiş Ştatlar da oktyabrın 1-də Dağlıq Qarabağda döyüşləri dərhal dayandırmağa çağırıb.
Ermənistan və Azərbaycan qüvvələri sentyabrın 27-dən əməliyyatları bərpa ediblər, döyüşləri dayandırmağa meylli görünmürlər. Əməliyyatlarda xeyli dinc sakin olmaqla 100-dən çox insan həlak olub.
Türkiyə Prezidenti Recep Tayyip Erdogan oktyabrın 1-də deyib ki, ölkəsi Azərbaycana “hər cür dəstək” göstərməyə hazırdır. O, Minsk qrupu həmsədrlərini Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədiyinə görə tənqid edib. Prezidentin sözlərinə görə, həmsədrlər 30 ildir bu problemi gözardı etdiyindən “bu gün onların atəşkəsə çağırması qəbuledilməzdir”. Erdogan Ermənistan “işğalçılarını” mübahisəli ərazidən çıxmağa çağırıb.
1988-ci ildə Ermənistanın ərazi iddiaları ilə başlayan Dağlıq Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə bitib, 30 minədək insanın həlak olduğu bildirilir. Atəşkəs ara-sıra pozulsa da, son əməliyyatlar o vaxtdan miqyasına görə ən böyük toqquşmalar sayılır.
Rusiya və Türkiyə xarici işlər nazirləri nə danışıblar?
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 1-də Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon söhbəti olub.
Xəbər verilir ki, söhbət zamanı Dağlıq Qarabağda yaranmış eskalasiya təfərrüatlı şəkildə müzakirə edilib: "Nazirlər davam edən silahlı qarşıdurmadan ciddi narahat olduqlarını və hərbi əməliyyatların dərhal dayandırılmalı olduğuna dair fikir bildirmişlər".
Danışıq zamanı başqa regiondan olan qanunsuz qruplaşmalara aid yaraqlıların münaqişəyə cəlb olunmasının yolverilməzliyi vurğulanıb.
Söhbət zamanı Rusiya və Türkiyə vəziyyətin stabilləşdirilməsi üçün hərəkətlərinin koordinasiyasına hazır olduqlarını bildiriblər.
Ankara və Moskva bu məsələdə kontaktların davam etdirilməsi barədə razılığa gəliblər.
AMN: ‘Horadiz şəhərinin mülki obyektləri artilleriya atəşinə tutulub’
“Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub”
Bu məlumatı oktyabrın 1-də saat 18-18-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Nazirlik ondan 20 dəqiqə əvvəl isə bildirmişdi ki, oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.
“Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb” - deyə məlumatda yazılmışdı.
AMN oktyabrın 1-i günün birinci yarsında da Ermənistan ərazisindən atəşə tutulduqlarını açıqlamışdı.
XİN: "Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına atır"
Oktyabrın 1-də Fransanın "Le Monde" qəzetinin iki əməkdaşının Dağlıq Qarabağ ərazisində yaralanması və xəstəxanaya aparılması xəbəri yayılıb. Qəzetin baş redaktoru "Reuters" agentliyinə iki jurnalistinin yaralandığını təsdiqləyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən isə APA agentliyinə bildirilib ki, "Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir". Qurumun mövqeyincə, bu, Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir.
XİN-in Mətbuat xidməti idarəsi xarici jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər ilə əlaqədar ilk növbədə Azərbaycan tərəfinin razılığının əldə olunmasını tövsiyə edir.