Tramp cəbhədə baş verənlərdən danışdı
ABŞ prezidenti Donald Tramp dünən – sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.
"Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi", – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.
Əliyev Makronla danışıb
Sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə sentyabrın 28-də Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, E.Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
"Dövlətimizin başçısı qeyd etmişdir ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilib", - məlumatda yazılıb.
Məlumata görə, İ.Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub. Prezident Əliyevin deməsinə görə, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
"Azərbaycan Prezidenti bildirmişdir ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəlmişlər", - məlumatda bildirilir.
Talış kəndi ətrafındakı yüksəkliklərin azad edildiyi bildirilir
Azərbaycan ordusunun əks-hücum əməliyyatını davam etdirdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 28-də saat 9:30-da məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
MN-dən qeyd edildiyinə görə, qarşı tərəfin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə o, sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Açıqlamaya görə, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik azad edilib.
C.Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışıb
Sentyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.
Məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək hazırkı vəziyyəti soruşub.
Qeyd edildiyinə görə, nazir C.Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə cavab həmlələri həyata keçirdiyini vurğulayıb.
C.Bayramov yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu söyləyib.
XİN-in məlumatına görə, ABŞ Dövlət katibinin müavini S.Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.