Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Şon Penn Qaşıqçının ölümü haqda film çəkir


Ş.Penn
Ş.Penn

Sentyabrda televiziya səhər proqramlarının birində #MeToo hərəkatını tənqid edən Şon Penn indi də Türkiyədə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi haqda film çəkir.

Türkiyə prezidentinin müşaviri Yasin Aktay ötən həftə «The Associated Press»ə bildirib ki, iki dəfə Oskar mükafatına layiq görülmüş Ş.Penn Ankarada üzərində işlədiyi sənədli filmin ilkin hazırlıqları üçün ondan müsahibə alıb. O, Ş.Pennin bundan sonra Qaşıqçının türkiyəli nişanlısından müsahibə almaqdan ötrü İstanbula yola düşdüyünü deyib.

«The Washington Post»un köşə yazarı olan C.Qaşıqçı öz yazılarında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edirdi. Onun bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bu ölkənin agentləri tərəfindən qətlə yetirildiyi güman olunur. Qaşıqçı konsulluğa qarşıdan gələn evliliyi ilə bağlı adi sənəd işləri üçün gedibmiş.

Qaşıqçının dostu olan Aktay jurnalistin konsulluğa daxil olduqdan sonra yoxa çıxdığını dövlət rəsmilərinə xəbər verən ilk adam olub. Sonradan mühafizə kameralarının çəkdiyi videolar araşdırılıb, jurnalistin konsulluğa daxil olduğu, ancaq oradan çıxmadığı təsdiqlənib.

Qaşıqçının konsulluq binasından çıxmaması Türkiyə hökumətini duyuq salıb. Səudiyyə hökumətindən izahat tələb olunanda isə səudiyyəlilər bir-birinə zidd izahlar verməyə başlayıblar. Vəliəhdin komandası onun jurnalistin qətlinə, cəsədinin doğranaraq aradan çıxarılmasına əmr verməsi haqda iddiaları qətiyyətlə rədd edib.

Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.

Roman müəllifi, ictimai fəal

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını Qaşıqçının qətlində ən çox günahlandıran şəxs olub. Hamıya məlumdur ki, Ərdoğanın özü hökumətini tənqid edən türkiyəli jurnalistləri həbsə atdırmaqla bütün dünyada ad çıxarıb.

Türk mətbuatı ötən həftə Ş.Pennin Səudiyyə Ərəbistanının konsulluğu qarşısında çəkiliş apardığını nümayiş etdirib.

U.Çaves Ş.Penni maşınında gəzdirir. 2007
U.Çaves Ş.Penni maşınında gəzdirir. 2007

Karyerası dövründə özünü uğurlu aktyor və rejissor kimi göstərmiş Ş.Penn həm də bir romanın müəllifidir.

Artıq xeyli vaxtdır ki, ictimaiyyət onu həm də ictimai fəal kimi tanıyır.

Penn 2002-ci ilin dekabrında Buş administrasiyasının İraqa hərbi hücum planlarına etiraz etmək üçün bu ölkəyə səfər edib.

2005-ci ildə o, «San Francisco Chronicle» qəzetinin müxbiri qismində İrana gedərək Tehran Universitetində cümə namazına qatılıb.

2006-cı ildə İraqda müharibəyə son qoyulması uğrunda hərəkatın ən görkəmli simalarından olub.

2008-ci ildə Kubaya gedərək prezident Raul Kastro ilə görüşüb və ondan müsahibə alıb.

2012-ci ildə Venesuela Suriya hökumətini dəstəkləyəndə Ş.Penn da Uqo Çavesi dəstəkləyib.

«Şon kimi adamlar azdır»

2002-ci ildə Ş.Penn «The Washington Post»da dərc etdirdiyi açıq məktubda prezident Buşu zorakılığa son qoymağa çağırıb, İraqa planlaşdırılan hücumu tənqid edib. Məktubda o, Buş administrasiyasını vətəndaş azadlıqlarını dağıtmaqda ittiham edib.

«Şon kimi adamlar azdır. Məşhurların çoxu başını qaldırmır. Heç kim qeyri-populyar olmaq istəmir. Həm də amerikalıların çoxunun dünyada baş verənlərdən xəbəri yoxdur», – Pennin keçmiş həyat yoldaşı, müğənni Madonna demişdi.

2005-ci ilin sentyabrında «Katrina» qasırğasından dərhal sonra Yeni Orleana gedən Penn zərərçəkmişlərin xilas olunmasında şəxsən iştirak edib. Tanınmış rejissor Spayk Li «Katrina» qasırğası haqda çəkdiyi sənədli film üçün Penndən müsahibə alıb. S.Linin özü də cəmiyyətin rəğbət bəslədiyi ictimai fəaldır.

2009-cu ildə Oskar mükafatını alan zaman çıxış edən Penn eynicinsli nikahların əleyhinə səs verənləri tənqid edib, hər kəsin bərabər hüquqlara malik olmalı olduğunu deyib.

2010-cu ildə Haitidə ağır zəlzələdən sonra Penn Haitini Xilas Təşkilatını təsis edib. Bu qurum Haitidə böyük bir çadır düşərgəsi salıb. 2012-ci ildə Haiti tarixində ilk dəfə bu ölkənin vətəndaşı olmayan şəxsə, Ş.Pennə Haitinin Fəxri Səfiri adı verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG