Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Şikayətlərin 'it-bat'a düşməsi söhbətləri


"Seçki yox, qaydasız döyüş idi" - Deputatlığa namizədlərin etirazları davam edir..
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

"Seçki yox, qaydasız döyüş idi" - Deputatlığa namizədlərin etirazları davam edir..

Növbədənkənar parlament seçkilərindən bir həftədən çox keçsə də, şikayətlər hələ də eşidilməkdədir. Mərkəzi Seçki Komissiyası (MSK) şikayətlərə baxarkən dörd dairədə seçkilərin nəticələrini ləğv edib. Bir xeyli şikayət isə baxılması üçün uyğun dairə seçki komissiyalarına (DSK) göndərilib.

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Həsənli AzadlıqRadiosuna deyib ki, əllərində videomateriallarla yanaşı, aktlar və digər faktlar da var: «Amma aidiyyəti qurumlar buna ciddi yanaşmırlar. Hesab edirəm ki, dörd seçki dairəsinin nəticələrinin ləğv olunması sırf siyasi qərar idi».

«Həmin dörd dairədə olan pozuntulardan daha ciddi...»

Onun fikrincə, əslində aralarında onun da namizəd olduğu bir sıra dairələrdə də seçkilərin nəticələrinin ləğvi üçün kifayət qədər əsaslar var: «Bütün bunlarla bağlı seçkidən bir neçə gün sonra birbaşa MSK-ya şikayətlər göndərilib. Amma MSK, sadəcə, dörd dairəni ləğv etdi. Həmin dörd dairədə olan pozuntulardan daha ciddi pozuntular baş verib».

MSK, hələlik, 9 saylı Binəqədi ikinci seçki dairəsindən lider namizəd kimi Kəmaləddin Qafarovun adını açıqlayıb. Onun özündən səslənən bu şikayətə münasibət almaq mümkün olmayıb.

A.Qurbanov
A.Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, keçmiş MSK üzvü Akif Qurbanov da şikayətlərə baxılması ilə bağlı tənqidləri əsaslı sayır. Onun deməsinə görə, bir sıra şikayətləri it-bata salırlar:

«Poçtla göndərilən şikayətləri...»

«Poçtla göndərilən şikayətləri ünvanın düz verilməməsi və başqa səbəblər göstərməklə geri qaytarırlar. Yaxud eynitipli və eyni vaxtda göndərilmiş şikayətlərin az hissəsi DSK-ya göndərilir, qalanı təlimata uyğun olmaması, gec verilməsi adı ilə baxışdan çıxarılır.


Çoxsaylı şikayətlər var ki, DSK-larda araşdırılır, vaxt uzadılır. Hansı qərarla uzadılır, bu nə qədər davam edəcək, məlum deyil. Vaxtı uzatma ilə bağlı qərar namizədlərə verilmir».

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı isə bir qədər fərqli fikirdədir. O, bəzi şikayətlərə baxılmamasını belə izah edib: «Bunun səbəbi qanunvericilikdə şikayətlərin verilməsiylə bağlı müddətin üç gün müəyyən edilməsidir. Belə ki, üç gün keçəndən sonra MSK həmin şikayətləri qəbul etmir və qanunvericilik baxımından haqlıdır».

M.Zülfüqarlı
M.Zülfüqarlı

Qərargah sədri əlavə edib ki, fevralın 4-də AVCİYA olaraq yaydıqları aralıq hesabatda bu müddətin artırılması barədə tövsiyə veriblər.

M.Zülfüqarlı hesab edir ki, bundan sonra hansısa məntəqələrdə seçkilərin nəticələri ləğv oluna bilər, amma dairələr üzrə nəticələrin ləğvinə bir elə də inanmır.

MSK-dan cavab

MSK-dan «Turan» agentliyinə bildiriblər ki, şikayətlərə ciddi yanaşılmaması və onların obyektiv araşdırılmaması ilə bağlı fikirləri qəbul etmirlər:


«Belə yanaşma yanlışdır, iddialar qanunvericiliyin tələbləri çərçivəsində araşdırılır. Hər şikayətçiyə şikayətin araşdırılması prosesində şəxsən iştirak etmək haqqı tanınır. Bu, qanunvericiliyin tələbidir. Elə fevralın 17-də dörd namizəd araşdırmada iştirak etdi və mövqelərini bildirdilər».

Qurumdan habelə deyilib ki, 400-ə yaxın videomateriala baxmaq üçün qrup yaradılıb, onlara baxılır, pozuntular varsa, onların hansı dairələrdə, hansı məntəqələrdə olması barədə qeydiyyatlar aparılır.

Azərpoçt
Azərpoçt

«Azərekspresspoçt» deyilənləri əsassız sayır

Poçtla göndərilən bəzi şikayətlərin ünvana çatmaması ilə bağlı fikirləri isə aidiyyəti qurumlar qəbul etmirlər.

Təsisçisi «Azərpoçt» MMC olan «Azərekspresspoçt» müəssisəsindən «Turan» agentliyinə deyiblər ki, həmin şikayəti dilə gətirən şəxslər yollarda «it-bata düşmüş» saydıqları məktubların hansı poçt vasitəsilə yola salındığını bildirməlidirlər.

Konkret «Azərekspresspoçt»a gəlincə, adının çəkilməsini istəməyən əməkdaş vurğulayıb ki, bu məsələ ilə bağlı onlara verilən məktublar ünvanına yetib. Əməkdaşın qeyd etməsinə görə, məktub sahiblərindən onlara şikayət daxil olmayıb: «Məktubun çatıb-çatmamasını isə müəyyən etmək çətin deyil. Belə ki, məktub qəbul ediləndə şəxsə qəbz verilir, həmin qəbzin bir nüsxəsi göndərilən poçtda qalır. Əgər məsələ yaranarsa, bu vasitə ilə çox asan şəkildə məktubun harada olduğunu müəyyən etmək olur. Odur ki, belə iddiaları əsaslı hesab etmirik».

MSK: "Sosial şəbəkələrdə 380-dən çox videogörüntü yayılıb"
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Qurumdan fevralın 17-də vurğulanıb ki, onlara ümumilikdə 177 şikayət daxil olub, bundan 97-nə baxıblar.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG