Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 03:15

Şikayətçi: 'Qarabağda həlak olan ərimin pulunu vermirlər'


Ailələr etiraz edir
Ailələr etiraz edir

Sığorta pulu Milli Məclisin müzakirəsində

«Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün sərəncam imzaladı. Bu, böyük qayğı idi. Müharibə aparan dövlət bu insanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir».

«Report» xəbər verir ki, bunu Milli Məclisin bu gün, oktyabrın 16-da keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, həmin insanların bir qismi müraciət edərkən mənfi cavab alırlar:

«Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını deyirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik də bildirir ki, adınız «Azərsığorta»nın (Dövlət Sığorta Kommersiya Şirkəti-R) təqdim etdiyi siyahıda yoxdur. Bu da yanlış bir yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər».

Deputat bu prosesin sənədləşməsinin elektron qaydada aparılmasını təklif edib.

Deputat Zahid Oruc da bu məsələni qaldırıb. O deyib ki, 4 min 800-dən artıq belə ailə müavinət ala bilməyib: «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdən çox narahatdır. Məsələnin həll edilməsinə çalışırlar».

Məsələyə parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib.

«Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezidentin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, «Azərsığorta»nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun», - deyə o vurğulayıb.

Şikayətçilər deputat Fazil Mustafa ilə görüşüblər

«Şikayətçilər birdəfəlik 11min manat müavinətin ödənilməsi məsələsində problemi həll etmək üçün Milli Məclisdə deputat Fazil Mustafa ilə görüşüblər».

Bunu şikayətçilərdən biri Sevinc Quluzadə bildirib.

S.Quluzadənin deməsinə görə, deputat F.Mustafa bu məsələnin parlamentin səlahiyyətindən kənarda olduğunu bildirib: «Bizə dedi ki, mən ancaq bu məsələni parlamentdə qaldıraraq məsələni ictimailəşdirməkdə sizə kömək edə bilərəm».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bu məsələlərlə bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildiriblər ki, əgər hansı ailə şikayətlənirsə, onlara müraciət edə bilərlər. Nazirlikdən verilən cavaba görə, şikayətlər obyektiv araşdırılacaq.

+++

Bu gün, oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bir qrupu Bakıda Şəhidlər Xiyabanına tapışıblar. Onlar həlak olan yaxınlarına görə birdəfəlik müavinət-sığorta pulu ala bilmədiklərindən şikayətləniblər.

«Biz ölümüzün, şəhidimizin pulunu, qan pulunu ala bilmirik. Mənə Qarabağda həlak olan ərimin pulunu vermirlər. Ayıbdır. Azərbaycanda biabırçılıqdır. Bura toplanmağımızın səbəbi də budur», - deyə onlardan biri AzadlıqRadiosuna deyib.

Onlar bildiriblər ki, Dövlət Sığorta Kommersiya Şirkəti və bir sıra dövlət qurumlarının təqdim etdiyi siyahılar əsasında 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir. Amma onlar, demələrinə görə, uyğun saytda həlak olan yaxınlarının soyadını, adını və atasının adını daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə, isə eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar.

«Zaqatalada, Neftçalada, Bakının Sabunçu rayonundan olan bəzi ailələr belə durumla rastlaşıblar», - deyə onlardan başqa biri də vurğulayıb.

Daha sonra şikayətçilər Milli Məclisə yollanıblar.

Xatırlatma

Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.

Fərmanın icrası ilə əlaqədar olaraq bir sıra dövlət qurumları və Dövlət Sığorta Kommersiya Şirkəti siyahı tərtib etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərinin qəbuluna başlayıb. Bununla əlaqədar nazirliyin saytında «Birdəfəlik ödəmə» bölməsi işə salınıb.

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvləri bu pulu hökumətdən illərdi ki, tələb edirdilər. Hətta bundan ötrü məhkəməyə üz tutanlar da var idi.

Hələ bu ilin əvvəlində, o vaxt əmək və əhalinin sosial müdafiəsi naziri işləyən Səlim Müslümov demişdi ki, ilkin informasiyaya görə, 8 min 800 şəxs bu fərmanın icrası altına düşür: «Həmin kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq».

XS
SM
MD
LG