Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Şaxta babaya məktub yazan məktəblinin atası niyə əsəbiləşdi


N.Ağayevanın Şaxta babaya məktubu
N.Ağayevanın Şaxta babaya məktubu

«Mən bu Yeni ildə hədiyyə kimi atam üçün dərman gətirməyini istəyirəm. Atam Nəriman Həsən oğlu Ağayev Qarabağ müharibəsində başından yaralanıb. Bizim dərman almağa pulumuz yoxdur», – Xırdalan şəhəri 4 saylı məktəbin 7-ci sinfində oxuyan Nəzrin Ağayeva Şaxta babaya məktubunda yazır. Məktub sosial şəbəkələrdə yayılıb.

AzadlıqRadiosu həmin məktəbə zəng vurub. Məktəbdən deyiblər ki, Nəzrin və 8-ci sinif şagirdi olan bacısı Nərmin burda oxuyurlar. Məktəbdən onu da bildiriblər ki, təhsil alan 1057 şagirddən təxminən 300-ü Ağayevlər ailəsi kimi əziyyət çəkir.

Qızların anası evdar qadındır, ataları işləmir, onların çətinliklə dolandıqları deyilir.

Bacıların təhsil aldığı məktəb həmin ailənin yanında olduğunu, onlara hər cür dəstək göstəriləcəyini bildirir.

Qarabağ əlili: «O uşaq bilməyib, bəlkə də səhv edib yazıb»

Qızların atası 46 yaşlı Nəriman Ağayev indi şəhərdə olmadığını, rayona qohumlarıgilə getdiyini, məktubdan xəbərsiz olduğunu, o yayılandan sonra xəbər tutaraq əsəbiləşdiyini söyləyir. Onun sözlərinə görə, qızının məktub yazdığı Şaxta baba əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Ata 1992-ci ildə Azərbaycan ərazilərinin bütövlüyü uğrunda döyüşdüyünü, bu zaman başından travma aldığını, üzündə dörd güllə yarasının izi qaldığını da qeyd edir: «Başımın arxa tərəfindən travma almışam. Beyin silkələməsi keçirmişəm. Mənim vəziyyətim bir az... O uşaq da yazıb. Dünən bir nəfər də zəng vurmuşdu. Bizə kömək etmək istəyib. O uşaq bilməyib, bəlkə də səhv edib yazıb. Dünən biz də həyəcan keçirdik, bir az əsəblərim də tarıma çəkildi, soruşdum: «Niyə yazmısan?..». Mənim qəbul etməli olduğum dərmanlarım var. Onları aptekdən almaq lazımdır. Ala bilmirik o dərmanları... 70 manatdır bu dərman».

Aptek
Aptek

«Bilmirəm nə baş verdi, necə oldu, mən niyə belə oldum..».

«O dərmanlar Qarabağ döyüşçüsü, veteran kimi sizə pulsuz verilməli deyilmi» sualını N.Ağayev emosional şəkildə cavablandırır: «Hardadır?! Hardadır o pulsuz dərman Qarabağ əlilinə?! Mənə də göstərin... Heç nə yox, üç dərmandır. Onu atmalıyam. Mənə versinlər... Bu söhbətləri etməkdən artıq yorulmuşam. Dünən bir nəfər zəng vurub ki, sən hardasan, gəlim dərmanlarını alım. Bilmirəm, tanımadığım adamdır. Bilmirəm nə baş verdi, necə oldu, mən niyə belə oldum... İndi dərmana möhtacam. Bilmirəm...».

Əsəblərini zorla cilovlayan N.Ağayev özünü toplayıb bunu deyir: «Mənə heç nə lazım deyil. İş qabiliyyətim itib. Mən demirəm ki, mənə nəsə verin. Bir dənə dərmanımı versinlər. Bütün dövlət qurumlarının, nazirliklərin qəbul otaqlarında ad, familiyam var. Mən 46 yaşımda gedim neyləyim ki, o dərmanı ala bilim? Üç dərmandır. Biri mənə zəng vurub ki, gəl sənə dərman verim. Məni ələ salırsan? Bilmirəm, nə niyyətlə deyir... Amma mənim hisslərimlə oynamaq lazım deyil. Uşaq məktub yazıb, indi zəng edir maraqlanırlar. Uşaqsız getmişdim də Sosial Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə. Hamısına dərdimi danışmışam. Dərmanların dozası artırılmalıdır. Danışıram əsəbiləşirəm. Allah haqqı... Xahiş edirəm, zəng vurmayın...».

N.Ağayev bu yerdə telefon söhbətinə son qoyur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələni araşdırıb cavablandıracaqlarını bildiriblər.

Ə.Zeynallı
Ə.Zeynallı

«Uşaq Şaxta babadan bəs nə istəməlidir?»

«Acı bir mənzərədir», – «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir. Onun sözlərinə görə, Avropada, ABŞ-da uşaqlar Şaxta babadan başqa hədiyyə istəyirlər, Azərbaycanda isə...

«Bu uşaq baxır ki, atası xəstə, evdə səhərdən axşama kimi narahatlıq, üzüntü... Uşaq prezidentdən nəsə istəyə bilmir, ona çıxışı yoxdur, atasının durumu pisdir, maaşı yox, ana, çox güman, evdar qadındır. Uşaq Şaxta babadan bəs nə istəməlidir? Ən əsas probleminin həllini istəməlidir də...», – deyən Ə.Zeynallının qənaətincə, uşaq sadəcə atasını xilas etməyə çalışır, başqa yol tapa bilmədiyindən məcbur qalıb mifik obrazdan yardım istəyir.

«Təəssüf doğuran odur ki, belə hadisələr yoluxucu xəstəlik kimi yayılıb. Hər kəsin problemi var və nicatı başqa yerdə, başqasında görür, özünə inam yoxdur. Bu, siyasi-iqtisadi problemdir, eyni zamanda da, psixoloji problemin inikasıdır», – baş redaktor deyir.

Bir məktub da vardı

Bu il daha bir 7-ci sinif şagirdi, 11 yaşlı Tufan Əşrəfov da Şaxta babaya məktub yazmışdı. O, Masallının Bədəlan kəndindəndir və hər iki valideynini itirib.

«Salam Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən», – Tufan məktubunda yazırdı.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Facebook səhifəsində bildirmişdi ki, nazirlik əməkdaşları Yeni il ərəfəsində dayısının və babasının himayəsində yaşayan, nümunəvi şagird Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcəklər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG