Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55

Şamaxıda zəlzələdən bir nəfərin dili tutulub, bir nəfərin də...


Marketlərin vitrinlərindəki mallar aşıb
Marketlərin vitrinlərindəki mallar aşıb

5 məktəbdə çatlar yaranıb

Zəlzələ nəticəsində Şirvan bölgəsində bəzi məktəblərin binalarının da xəsarət gördüyü bildirilir.

Təhsil Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda 4 məktəbdə çatlar əmələ gəlib.

Ağsu
Ağsu

Ağsunun iki kəndinə ciddi ziyan dəyib

Fevralın 5-i saat 23:32 radələrində Azərbaycanda baş verən zəlzələdən Ağsu rayonunun Kalva və Dilman kəndlərinin də ciddi ziyan gördüyü bildirilir.

AZƏRTAC-ın məlumatına görə, adıçəkilən kəndlərə keçirilən baxış zamanı 35-dən çox binada çatlar və qəza vəziyyəti müəyyən olunub.

Ağsu rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub.

+++

Dünən, fevralın 5-i gecə saat 23:32-də Azərbaycanda qeydə alınan zəlzələnin fəsadları tədricən bəlli olmaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi zəlzələnin episentrinin Pirqulu stansiyasından 11 kilometr cənub-qərb istiqamətinə, İsmayıllı rayonu ərazisinə düşdüyünü qeyd edib.

Zəlzələnin episentrdə 6, kənar rayonlarda isə 5.3 bal gücündə hiss edildiyi açıqlanıb.

Qaz və işıq təminatında problemlər

Şamaxı rayonundan aldığımız məlumata görə, fevralın 5-dən 6-na keçən gecə rayonun həm qaz, həm də elektrik təminatında problem yaşanıb. Artıq fevralın 6-sı səhər saatlarında rayonun əksər yaşayış məntəqələrində həm elektrikin, həm də qazın verilməsinin bərpa edildiyi bildirilir.

Şamaxı şəhərindəki bir sıra marketlərin vitrinlərindəki malların aşdığı deyilir.

Həm Şamaxı şəhərində, həm də bəzi yaşayış məntəqələrində bir sıra evlərin, tiklilərin zəlzələdən xəsarət aldıqları qeyd edilir. Rayon sakinlərinin sözlərinə görə, uçqun və çatlar daha çox köhnə tiklilərdə özünü göstərir.

Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndləri

«Report» agentliyinin Şirvan bürosunun məlumatına görə, daha çox dağıntı rayonun Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Agentliyin xəbərində həmçinin vurğulanır ki, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər.

Xəsarət alanlar

Şamaxıdakı vəziyyət ilə bağlı təcili yardıma 30 müraciət daxil olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən «Report» agentliyə deyiblər ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxı şəhərində xəstəxana gücləndirilmiş rejimdə çalışıb: «Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib».

Nazirlikdən bildirilib ki, bir nəfər cavan adamın həyəcandan dili tutulub: «Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyəcandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir».

Tələfat yoxdur

«Fevralin 5-də gecə saatlarında baş vermiş zəlzələ nəticəsində elə ciddi fəsadlar olmayıb».

Bunu Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.

«Bir sıra yerlərdə, əvvəlcədən qəzalı olan evlərdə divarın uçması, hasarın aşması kimi hallar baş verib. Ölüm, tələfat, dağıntı müşahidə olunmayıb», - rayon icra hakimiyyətindən vurğulayıblar.

Zəlzələnin daha güclü hiss edildiyi deyilən İsmayıllının icra hakimiyyətindən də oxşar açıqlama veriblər. Oradan da bildiriblər ki, zəlzələ nəticəsində bəzi divarlar uçub, əvvəlcədən qəzalı olan evlərdə çatlar yaranıb, bəzi yerlərdə hasarların aşması kimi hallar qeydə alınıb, amma xoşbəxtlikdən insan tələfatı yoxdur.

Zəlzələnin sürüşmə zonalarına təsiri öyrənilir

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə işçi qrup yaradılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Mətbuat xidmətindən bildirildiyinə görə, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi qrup yaradılıb və artıq adları çəkilən rayonlara yola düşüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG