Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:29

Dilqəm Əsgərov və  Şahbaz Quliyev Bakıya gətiriliblər


Şahbaz Quliyev və Dilqəm Əsgərov
Şahbaz Quliyev və Dilqəm Əsgərov

Ermənistanda saxlanan Dilqəm ƏsgərovŞahbaz Quliyev Bakıya gətiriliblər.

Bu barədə bu gün, dekabrın 14-də Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, 10 noyabr tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirib:

“Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilmişdir.”

Açıqlamaya görə, beynəlxalq təşkilatların, Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub:

“Dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılmışdır. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar”.

Bildirilir ki, Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Kəlbəcərdə Ermənistan əsgərlərinə girov düşdükləri bildirilirdi.

Onda Azərbaycan vətəndaşı Həsən Həsənovun isə güllələnərək öldürüldüyü açıqlanıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. Həsən Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə keçirilmişdi. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onlar Kəlbəcərə (Bu rayon həmin vaxt işğal altında idi - red) ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildirmişdilər.

İkinci Qarabağ müharibəsi başlanandan sonra onların Ermənistana aparıldığı deyilirdi.

Xatırlama

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.Sənəddə əsir və meyitlərin qaytarilması məsələləri də yer alıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG