Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:43

Şərqi Avropa 'əclafla evlənir'


Şərqi Avropa
Şərqi Avropa

Sofiyada fəaliyyət göstərən Liberal Strategiyalar Mərkəzinin rəhbəri Ivan Krastev AzadlıqRadiosuna yazdığı məqalədə Şərqi Avropada demokratiyanın tənəzzülünə aparan uzun yolu təhlil edib.

Məqalədə deyilir ki, 1991-ci ildə Qərb Soyuq müharibədə qələbəsini qeyd edən zaman Samuel Huntington «Journal of Democracy» jurnalında çıxmış «Demokratiyanın üçüncü dalğası» adlı məqaləsində Qərbi çox da optimist olmamağa çağırırdı. Huntington yazırdı ki, demokratikləşmənin iki öncəki dalğası, 1820-ci illərdən 1920-ci illərədək davam etmiş birinci və 1945-ci ildən 1960-cı illərədək davam etmiş ikinci dalğadan sonra «əks dalğalar» baş qaldırıb. Hər iki halda «demokratik sistemlər . . . avtoritar idarəçiliyin tarixən yeni formaları ilə əvəzlənib. O qeyd edirdi ki, üçüncü dalğa da mümkündür, bunun üçün yeni avtoritar böyük güclər qeyri-demokratik idarəçiliyin həyatda qalmaq imkanlarını sərgiləyə bilməli və insanlar uzun zamandan bəri demokratiyanın beşiyi sayılan ABŞ-ı «siyasi durğunluq, iqtisadi səmərəsizlik və ictimai xaosun cənginə aldığı, solmaqda olan güc» kimi görməyə başlamalıdırlar.

Müharibə necə başladı

Müəllif yazır ki, Huntington 2008-ci ildə vəfat edib, ancaq yaşasaydı, onun özü belə demokratiyanın nəinki demokratik təcrübəsi yalnız onilliklərlə ölçülən Braziliya və Türkiyə kimi ölkələrdə, hətta Qərbin ən oturuşmuş demokratiyalarında belə təhlükədə olduğunu görüb təəccüblənərdi.

Orban: 'Bunlar qaçqın yox, müsəlman istilaçılardır'
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

«Şərqi Avropa regionunun postkommunist demokratikləşmə baxımından iki ən mühüm ölkəsi - Macarıstan və Polşada mühafizəkar populistlər seçkilərdə ciddi qələbə qazanaraq hakimiyyəti əllərində saxlayır, siyasi müxalifəti gözdən salır, azlıqları sıxışdırır, liberal dəyərləri təhlükə altına alır. Çexiya və Rumıniya da eyni yolu gedəcək kimi görünür. Yeni populistlərdən biri, Macarıstanın baş naziri Viktor Orban 2014-cü ildə etdiyi çıxışında liberalizmə münasibətini belə ortaya qoyub: «Demokratiya hökmən liberal olmalı deyil. Sadəcə, bir şeyin liberal olmaması onun demokratiya olmaması anlamına gəlmir. ... Biz cəmiyyəti təşkil etməyin liberal üsul və prinsiplərindən imtina etməliyik». Orban kiçik ölkənin rəhbəri olsa da, onun təmsil etdiyi hərəkat qlobal əhəmiyyət daşıyır. Xalqın iradəsinin siyasi legitimliyin əsas mənbəyi olduğu Qərbdə onun qeyri-liberal demokratiyası böyük ehtimalla yaxın onilliklər ərzində liberalizmin əsas alternativi olacaq», – məqalədə deyilir.

Bəs, demokratiyanın liberalizmə müharibə elan etdiyi yer niyə məhz Şərqi Avropadır? Krastev hesab edir ki, bu sualın cavabını 1989-cu ildə baş vermiş inqilablarda axtarmaq lazımdır. O zaman Şərqi Avropanın dövlətləri Sovet imperiyasından qurtuldu. Ancaq hansısa utopiya ilə bağlı öncəki inqilablardan fərqli olaraq, bu inqilablar normallıq ideyası ilə bağlı idi. Yəni insanlar artıq Qərbi Avropadakı normal həyatı yaşamaq istəyirdilər. «Berlin divarı» uçurulan kimi ən təhsilli və liberal şərqi avropalılar ölkələrini tərk edərək regionda ciddi demoqrafik və kimlik böhranının əsasını qoydular. Beləliklə, liberal demokratiyanın yerli elektoratı Qərbə mühacirət etmiş oldu. AB və ABŞ kimi beynəlxalq oyunçular Şərqi Avropada liberalizmin simasına çevrilməyə başladılar. Liberalizmə qarşı bugünkü millətçi müqavimətin əsası məhz o zaman qoyulub.

Millətçilər Polşada qaçqınlara etiraz edirlər
Millətçilər Polşada qaçqınlara etiraz edirlər

Çexiya və Polşa nümunəsi

2015-ci ildə Polşada populist Hüquq və Ədalət Partiyası seçkidə qalib gələndə ölkənin tanınmış liberal simalarından, «Solidarnost» hərəkatının rəhbərlərindən biri Adam Michnik demişdi ki, «bəzən gözəl qadın ağlını itirərək əclafla yatağa girir».

«Ancaq Macarıstanda populist «Fidesz» partiyasının ard-arda ikinci dəfə qalib gələrək hakimiyyətdə qalmasını nəzərə alsaq, Şərqi Avropa əclafla evlənməyə qərarlı kimi görünür», - müəllif yazır.

Məqalədə qeyd olunur ki, bəzi məqamlarda populistlərin uğurları iqtisadi problemlərlə izah edilə bilər. Məsələn, Orban 2010-cu ildə, Macarıstan iqtisadiyyatının 6.6% geriləməsindən sonra seçilib. Ancaq məsələn, Avropada ən aşağı işsizlik səviyyəsi Çexiyadadır. Burada populistlər ötənilki parlament seçkilərində ciddi uğur qazanıblar. Polşanı isə anlamaq daha çətindir. Ölkə 2007-2017-ci illərdə Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub. Polşalı sosioloq Maciej Gdula göstərib ki, polyakların siyasi baxışları onların fərd olaraq postkommunist dəyişikliklərdən faydalanıb-faydalanmamasından asılı deyil. Populistləri dəstəkləyənlər arasında ölkənin iqtisadi inkişafından bəhrələnmiş çox sayda insan var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG