Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Şəki sakini inəyə görə həbsdə saxlanılıb


İnək
İnək

Şəki sakini Xudaverdi Hacıyusibov məhkəmə qərarını icra etməməyə görə iki dəfə inzibati qaydada həbs olunub. İkinci dəfə bu ilin fevralında İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 10 gün həbs olunub.

35-yaşlı X.Hacıyusibovun həbsinə səbəb olan məhkəmə qərarı 4 il öncə çıxarılıb. O, Şəkinin Şin kəndində inəyi ehtiyatsızlıqdan öldürüb. İnəyin sahibi olan qadının şikayəti əsasında haqqında məhkəmə qərarı çıxarılıb. Üzərinə zərərçəkmişə inəyə görə 700 manat, məhkəmə xərclərinə görə də 30 manat ödəmək öhdəliyi qoyulub.

"Qalanını əkin vaxtında ödəyə bilərəm"

X.Hacıyusibov deyir ki, borcu ödəməkdən boyun qaçırmır. Hətta 730 manatın 400 manatını hissə-hissə ödəyib. Amma ailə vəziyyətinin ağırlığına görə borcu tam ödəyə bilmir. Qarşı tərəf və icra şöbəsi isə borcun hamısını birdəfəlik tələb edir: "75-yaşlı atam və 68-yaşlı anamın pensiyaları ilə təminatımızı güclə ödəyirik. Dağdan odun tapıb gətirəndə odun ehtiyatsızlıqdan inəyə dəyib. Məhkəmənin kəsdiyi 730 manatdan 400 manatı ödəmişəm, qalanını da əkin vaxtında ödəyə bilərəm. Buna baxmayaraq, ikinci dəfədir məhkəmə qərarının icra olunmamasına görə 10 gün inzibati həbs verilib. Ailə vəziyyətim çox çətindir. Ailəliyəm, 5 ildən sonra bir övladımız olub. Yoldaşım xəstəxanada qeydiyyatdadır, orada yatmalıdır. Amma imkanım olmadığından ona evdə baxıram".

"2 ay ərzində üç dəfə polislər məni tutub"

X.Hacıyusibov onu da bildirir ki, durumunu, borcu ödəmək cəhdlərini nəzərə almırlar. Ötən ilin mayında onu axtarışa veriblər: "Həmin axtarışla 2 ay ərzində üç dəfə polislər məni tutub".

Bu iş üzrə məhkəmə qərarının icrasını təmin etmək Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Fətullayevə həvalə olunub. O deyir ki, X.Hacıyusibova dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilsə də, öhdəliyini yerinə yetirməyib: "İcranı təmin etmək üçün 2018-ci il noyabrın 29-da onun məcburi gətirilməsi barədə qərar verilmişdi".

X.Hacıyusibov ikinci dəfə 10 gün həbs olunması barədə qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.

"Qərarın icrası barədə icra məmurunun qanuni tələbini qanunsuz və əsassız olaraq yerinə yetirməyib. Borcun ödənilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi pozuntu törədib", - Şəki Apellyasiya Məhkəməsi qərarında yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG