Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:26

Ekspert: ‘Şəffaflıq prezidentin özündən başlanmalıdır’


"Diqlas"da zərərin hesablanması niyə ləngiyir?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

"Diqlas"da zərərin hesablanması niyə ləngiyir?

Yeni iqtisadi inkişaf strategiyasının elan olunacağını prezident İlham Əliyev aprelin 30-da, Nazirlər Kabinetinin iclasında deyib.

Prezident deyib ki, prosesə beynəlxalq mütəxəsisslər də cəlb olunacaqlar:

“Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik. Qeyd etdiyim kimi, növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq”.

Bəs bu modelin özəllikləri nədir ? Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyir ki, strategiyanın mahiyyəti ilə tanış deyil. Amma prezidentin bununla bağlı planları gözlənirdi, indi onun üzərində iş gedir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Hökumət iqtisadiyyatın hansı sahələrini inkişaf etdirsin?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Korrupsiya qaldıqca inkişaf olmayacaq

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, iqtisadi strategiyanın əsas hədəflərindən biri iqtisadiyyatın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafı olmalıdır. Onun sözlərinə görə, başqa bir önəmli məqam prezidentin özündən başlanmalı olan şəffaflıqdır:

“Əgər Azərbaycanda islahat başlamaq istəyirlərsə, birinci növbədə korrupsiya ilə mübarizə başlamalıdır. Bu mübarizə çərçivəsində ilk addım Azərbaycan prezidentinin, dövlət məmurlarının, siyasi vəzifə tutan şəxslərin, parlament üzvlərinin, hakimlərin, prokurorların hər birinin əmlakı ilə bağlı bəyannamələr dərc edilməlidir. Azərbaycan vətəndaşları bilməlidirlər ki, onları idarə edənlər hansı imkanlarla, hansı əmlakla bu prosesə başlayıb ki, sonradan onları monitorinq edə bilsinlər”.

AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin də birgə bir neçə araşdırması prezidentin ailə üzvlərinə məxsus mülklər barədə məlumatlar üzə çıxarıb, Prezident Administrasiyasından bildiriblər ki, prezident övladları müstəqil adamlardır, biznesləri ola bilər, prezident özü isə bu vəzifədən əvvəl biznesmen olub.

Deputat Şəmsəddin Hacıyev isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycan hökuməti şəffaflığı təmin etmək üçün xeyli işlər görür və proses davam edir.

Köhnə modellərə nə oldu?

Müxalif ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, prezident 2016-cı ildə də milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini imzalamışdı, amma bu yol xəritəsinin nəticələri təhlil olunmamış, ictimaiyyətdə açıq müzakirə edilməmiş indi hökumət yeni model haqda düşünür.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin Yeni Azərbaycan Partiyasından olan üzvü Şəmsəddin Hacıyev deyir ki, strateji yol xəritəsi çox uğurla həyata keçirilib və indi yeni iqtisadi modelə ehtiyac var:

“Qarşıya yeni hədəflər qoyulur. Yeni iqtisadiyyat formalaşır, biz tamamilə yeni, post-industrial cəmiyyət tipinə keçirik, bunun tələbləri tamam başqa cürdür. İnkişafımızın bu mərhələsi mütləq surətdə həm makro, həm də mikro siyasətdə müəyyən dəyişikliyin edilməsini, dəqiqləşmələrin aparılmasını tələb edir.

İnkişafın dünya təcrübəsi var

İqtisadçı Natiq Cəfərli isə deyir ki, indiyə qədər də rəsmilər dəfələrlə yeni-yeni iqtisadi strategiyaların elan ediləcəyini bildiriblər, amma əməldə nəticə dəyişməyib. O, bildirir ki, əslində, iqtisadi inkişafla bağlı dünya təcrübəsi var, yeni modellərə heç ehtiyac yoxdur:

“Bu, qanunun aliliyidir, məhkəmə hakimiyyətinin azadlığıdır, rəqabətli mühitdir, inhisarçılıq və korrupsiyanın tamamilə sıradan çıxarılmasıdır, yaxşı investisiya mühitidir, qanunun aliliyinə riayət edilən bir ölkənin qurulmasıdır. Bütün ölkələrin keçdiyi yol göstərir ki, məhz bu model iqtisadi rifaha gətirib çıxara bilər. Yeni iqtisadi modelə Azərbaycan hansı formada keçəcək, bunun parametrləri nədir bu da ictimaiyyətə açıqlanmır”.

İqtisadiyyatda dəyişiklik təşəbbüsləri 2015-ci ildə neftin qiymətinin kəskin düşməsindən sonra başladı, hökumət qeyri-neft sektorunu dirçəltmək üçün müxtəlif proqramlar qəbul etdi.

Amma hələ də dövlət büdcəsinin əsas gəlir mənbəyi neft pullarıdır.

Bu ilin dövlət büdcəsinin təqribən 50 faizi Dövlət Neft Fondundan birbaşa köçürmələr olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG