Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 19:01

Ünvanlı sosial yardım alan ailələr 20 min artıb


"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."

Bu ilin 9 ayında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artıb.

«Turan» agentliyinin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıblı bildirib ki, bu ilin əvvəlindən ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 20 min çoxalıb: «2018-ci ilin sonunda ölkə üzrə bu yardımı alan ailələrin sayı 50 min (200 mindən çox ailə üzvü) civarında idisə, cari ilin oktyabrın 1-də 70 minə yaxın aztəminatlı ailənin 300 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də ötən ilin sonlarında 200 manata yaxın idisə, hazırda bu rəqəm 240 manata yaxındır».

Musa Urud ünvanlı sosial yardım qaydalarını dəyişməyi təklif edir
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

«Müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanıb»

F.Talıblının sözlərinə görə, nazirliyin məqsədi odur ki, ünvanlı sosial yardımı məhz özlərindən asılı olmayan səbəblərdən yoxsul şəraitdə yaşayan, yəni yardıma həqiqətən ehtiyac duyan ailələr alsınlar, bu sahədə şəffaflıq mövcud olsun: «Ona görə də nazirlik sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsinə ciddi nəzarət həyata keçirir. Saxta yollarla bu yardımı almaq hüququ əldə edənlər elektron sistem vasitəsilə aparılan araşdırmalar nəticəsində aşkar olunaraq onların yardımı dayandırılır. Məsələn, bir qisim şəxslərin ya özlərini, ya da hər hansı ailə üzvlərini hansısa müəssisədə işləyən kimi təqdim etmək üçün çox qısamüddətli əmək müqaviləsi bağladığı, yardım təyin olunandan sonra, yəni aradan bəzən heç 15 gün keçməmiş, heç sığorta ödəyicisi olmamış müqaviləyə xitam verildiyi aydın olub. Bu da deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanıb. Həmin şəxslərə təyin olunan yardımlar dərhal dayandırılıb».

Nazirliyin rəsmisi həmçinin bildirib ki, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün də tədbirlər görülür. Onun sözlərinə görə, belə ailələrin gəlir imkanlarını artırmaq, kiçik biznesə başlamaları üçün uyğun işlər aparılır: «Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6.4 dəfə çox – 7.7 min ailə cəlb olunub. Onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir. Cari ildə də 10 minədək ailənin bu proqrama cəlb edilməsi işləri aparılır ki, onların da sırasında ünvanlı yardım alan ailələrə üstünlük verilir».

N.Əliyev
N.Əliyev

«Əslində sosial yardıma ehtiyacı olan ailələrin sayı dəfələrlə çoxdur»

«Son bir il ərzində əhalinin sosial vəziyyəti ağırlaşıb». Bunu isə AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev deyib. O daha sonra da əlavə edib: «Bu, hələ rəsmi rəqəmlərdir. Əslində isə sosial yardıma ehtiyacı olan ailələrin sayı dəfələrlə çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxlu adamların ünvanlı sosial yardımını kəsib. Normalda bu yardım o vaxt kəsilməlidir ki, onu alanların gəlirləri artsın. Gəlirlər artmadığı halda yardımlar davam etməlidir».

«Görünür ki, nazirlik axına tab gətirə bilməyib»

N.Əliyev vurğulayıb ki, son iki il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımı alanların sayını azaltmışdı. Onun qeyd etməsinə görə, ilin əvvəlində həmin növ yardım alan ailələrin sayı 42.7 min idi, lakin yardıma ehtiyac duyanların axını çox böyük olduğundan rəqəmlərdə dəyişiklik yaranıb: «Görünür ki, nazirlik axına tab gətirə bilməyib və yenidən sosial ünvanlı yardımları verməyə məcbur olub. Sosial vəziyyət o qədər ağırdır ki, bunu rəqəmlər üzərində oynamaqla gizlətmək mümkün deyil. Ona görə də, ünvanlı sosial yardım alanların sayının artması tendensiyası Azərbaycanda real vəziyyəti, həyat səviyyəsinin kəskin şəkildə pisləşməsini ifadə edir».

Q.İbadoğlu
Q.İbadoğlu

«Yoxsulluq azalıbsa, sosial yardımı alanların sayı niyə artıb»

Başqa bir iqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna deyib ki, ünvanlı sosial yardımın əsas funksiyası yoxsulluğun dibində olanları oradan çıxartmaqdır.

O vurğulayıb ki, iqtisadçılar həmişə yoxsulluq göstəricisini ünvanlı sosial yardımı alanların sayı ilə müqayisə edirdilər və hökumətə «yoxsulluq azalıbsa, sosial yardımı alanların sayı niyə artıb» sualını ünvanlayırdılar: «Ondan sonra hökumət yardımların sayını da azaltmağa başladı. Görünür, bu il bu, mümkün olmayıb və müraciət edənlərin sayının çox olması, yoxsulluğun artması son nəticədə müsbət qərarların çoxalmasına gətirib çıxartdı».

Azərbaycanda rəsmi açıqlamalara görə, yoxsulluq 5 faiz civarındadır. Artiq bir neçə ildir ki, bu rəqəm dəyişmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG