Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Namizəd Ülvi Həsənova xəbərdarlıq olunub


MSK
MSK

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.

MSK-dan “Turan” agentliyinə verilən məlumata görə, xəbərdarlıq Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsinin müraciəti ilə bağlıdır.

Qeyd edildiyinə görə, şikayətdə bildirilib ki, Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov əvvəlcədən hazırlanmış adamlar vasitəsilə Kəmaləddin Qafarovun seçicilərlə görüşünə mane olmaq istəyiblər, ona qarşı kampaniya aparıblar.

"MSK-da müraciət araşdırılaraq, qeyd olunanların həqiqətə uyğun olması qənaətinə gəlinib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib", qurumdan qeyd edilib.

Məsələ ilə bağlı Ülvi Həsənov AzadlıqRadiosuna bildirib ki, şikayətin məğzi uydurmadır və həqiqətə uyğun deyil:

"Kəmaləddin Qafarov seçicilərlə görüş keçirəndə biz də ora getdik və təsadüfən orada görüşə buraxılmayan şikayətlə gələn vətəndaşları gördük. Görüşdən sonra biz onlarla problemlərini işığlandırmağa kömək etdik. MSK təqdim olunmuş videoları yaxşı araşdırsa məlum olacaq ki, videoçəkilişin vaxtı Kəmaləddin Qafarovun görüşündən sonradır".

Ulvi Həsənov Mərkəzi Seçki Komissiyasının qərarını siyasi sifariş adlandırıb:

"Əgər məndən şikayət verilibsə, mən də bugünkü iclasa dəvət olunmalı idim, amma MSK-nın qərarı barədə mətbuatdan öyrənirəm. Qərardan şikayət verəcəm".

Məsələyə şikayəti təmin edilən K.Qafarovun özündən isə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bu qərarı prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Prezident də dekabrın 5-də Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalamışdı.

Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG