Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 08:12

Üç ay tamam oldu. Cəriməsini ödəməyənlər...


Bakıda karantin
Bakıda karantin

Azərbaycanda COVID-19 (koronavirus) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin ilk vaxtlarında vətəndaşlara yazılan cərimələrin məcburi ödənilməsi prosesinə başlandığı bildirilir. Məhkəmə sistemindəki mənbənin AzadlıqRadiosuna verdiyi məlumata görə, karantin cərimələrini ödəməyən şəxslərlə əlaqədar məhkəmələrə müraciətlər başlayıb:


"Yazılan cərimə üç ay ərzində ödənilməlidir. Üç ay tamam olsa da, cəriməni ödəməyən şəxslərlə bağlı məhkəmələrə müraciətlər başlanıb. Artıq daxil olan müraciətlər, əsasən, martda və aprelin ilk günlərində cərimələnənlərlə bağlıdır".

Mənbə hesab edir ki, zaman keçdikcə, məhkəmələrdə belə işlərin sayı daha da artacaq. Çünki Azərbaycanda karantin rejimi aprelin 5-dən daha da sərtləşdirildi, SMS-icazə tətbiq olundu və bundan sonra daha çox adam cərimələndi. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamalarından məlum olur ki, hər gün təxminən 4-5 min nəfər karantin rejimi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə məsuliyyətə cəlb olunurdu.

"Heç kimdən icazə alası deyiləm"

Karantin rejimi qaydalarının pozuntusuna görə cərimələnlər arasında ictimai-siyasi fəallar da vardı. Məsələn, D-18 Hərəkatının rəhbəri Ruslan İzzətli aprel ayında SMS-lə icazə almadan hərəkət etdiyinə görə İXM-nin 211-ci maddəsi ilə 100 manat cərimələnmişdi. O, polisin bu qərarından məhkəməyə şikayət versə də, nəticə dəyişməmişdi. Cəriməni ödəməkdən imtina edən R.İzzətli fikrini belə əsaslandırırdı:

Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00


"Konstitusiyanın 28-ci maddəsinə görə, hər kəsin sərbəst hərəkət etmək hüququ var. Bu hüquq yalnız ölkədə fövqəladə vəziyyət elan ediləndə məhdudlaşdırıla bilər. Amma hökümət fövqəladə vəziyyət elan etmir, çünki bu halda bir sıra iqtisadi öhdəlikləri yerinə yetirməlidir. Cərimənin hüquqi əsası olmadığına görə ödəməyəcəm".

Jurnalist Fatimə Mövlamlı da icazə olmadan evdən çıxdığına görə 200 manat cərimələnib. Amma o da bu qərarı qanunsuz sayır: "Mən jurnalistəm, məlumat əldə etmək, yaymaq hüququm var. Reportaj hazırlamaq üçün heç kimdən icazə alası deyiləm".

DİN deyir, ciddi problem yoxdur

Karantin cərimələrini ödəməyən barəsində məhkəmələrdə İXM-nin 529.1 (cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) maddəsi əsasında iş qaldırılır. Cərimə qərarını əsassız icra etməməyə görə bu maddədə 160 saatdan 240 saata qədər ictimai işlər cəzası nəzərdə tutulub. Amma maddənin qeyd hissəsində yazılıb ki, əgər şəxs məhkəmə qərar qəbul edənə qədər cəriməni ödəsə, məsuliyyətdən azad olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elsan Zahidov AzadlıqRadiosuna açıqlamasında karantin cərimələrinin ödənilməsində ciddi problem olmadığını bildirib: "Vətəndaşlarımız bu məsələyə anlayışla yanaşırlar. Bilirlər ki, qanun pozuntusuna yol verilibsə, cərimə yazılıbsa, ödənilməlidir. Ödəyirlər də. Ödənilməyən cərimələrlə bağlı da qanuna müvafiq qaydada məhkəməyə müraciət olunur. Ümumilikdə bununla bağlı ciddi problem yoxdur".

K.Əliyev
K.Əliyev

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzadlıqRadiosuna deyib ki, karantin rejimi qaydalarının pozuntusuna görə yol polisinin tərtib etdiyi protokollar üzrə cərimələrin ödənilməsi üçün müddət hələ başa çatmayıb. Vaxtın tamamında həmin protokollar üzrə də cərimələrin məcburi ödənilməsi üçün məhkəmələrə müraciət olunacaq:


"Prezidentin fərmanıyla yol polisinə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti aprelin 13-dən verildi. O vaxta qədər qərar digər polis orqanları tərəfindən verilirdi. Bu baxımdan, yol polisinin qərarı əsasında yazılan karantin cərimələrinin icrası üçün məhkəməyə müraciətlər iyulun 13-dən sonra olacaq. Çünki üç aylıq müddət başa çatmalıdır. Amma aprelin 13-dək olan qərarlarla bağlı vaxt tamam olduqca, məhkəmələrə müraciət edilir".

K.Əliyevin sözlərinə görə, pandemiya dövründə 70 minə yaxın hərəkət işçirakçısı karantin rejiminin pozulmasına görə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Cərimə məbləği yüksəkdir, amma...

İXM-nin 211-ci maddəsində karantin rejiminin pozulmasına görə fiziki şəxslər üçün 100 manatdan 200 manata, vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manata, hüquqi şəxslər üçünsə 2000 manatdan 5000 manata qədər cərimə, yaxud 1 aya qədər inzibati həbs cəzası nəzərdə tutulmuşdu. İyunun 29-da Milli Məclis cərimənin məbləğini ikiqat artırmaq qərarı verdi. Həbsin müddəti dəyişməz qalsa da, cərimələr fiziki şəxslər üçün 200 manatdan 400 manata, vəzifəli şəxslər üçün 3000 manatdan 4000 manata, hüquqi şəxslər üçünsə 4000 min manatdan 10000 manata qədər müəyyənləşdirildi.

Y.İmanov
Y.İmanov

Hüquqşünas Yalçın İmanov deyir ki, Azərbaycanda əhalinin sosial-iqtisadi durumunu nəzərə alanda bu cərimələrin məbləği yetərincə yüksəkdir. Bununla belə vurğulayır ki, əgər qüvvəyə minmiş qərar varsa, icra olunmalıdır: "Əgər şəxs inzibati tənbeh qərarından (o cümlədən cərimə) məhkəməyə şikayət verməyibsə, avtomatik o deməkdir ki, həmin qərarla razılaşıb. Ola da bilər ki, məhkəməyə şikayət verilib, hakim də inzibati tənbeh qərarını haqlı sayıb. Bundan apellyasiya şikayəti verilməyibsə, ya da verilib, amma apellyasiya məhkəməsi də təsdiqləyibsə, qərar artıq qüvvəyə minmiş sayılır. İnzibati işlərdə apellyasiya məhkəməsi sonuncu hüquqi müdafiə vasitəsidir. Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasında istisnaya yol verilmir".

Y.İmanov əlavə edib ki, qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına görə şəxsin ölkədən çıxışına da qadağa da qoyula bilər.

XS
SM
MD
LG