Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:44

Öz gücünə milyarder olanların yazdığı 10 dəyərli kitab


Richard Branson və Bill Gates
Richard Branson və Bill Gates

Təsəvvür edin ki, Warren Buffett, Mark Cuban, ya da Oprah Winfrey kimi ultrauğurlu, öz gücünə milyarder olmuş bir insanla oturub söhbət edirsiniz. Richard Branson, yaxud Bill Gates kimi bir adamla keçirdiyiniz bir neçə saat ərzində nə öyrənə bilərdiniz? Onların sizə verə biləcəkləri bütün maraqlı məsləhətləri təsəvvürünüzə gətirə bilərsinizmi?

Bütün bu şəxslərin ömür yolları fərqli olsa da, onlar öz məqsədlərinə çatmaq üçün öz yollarını tapıblar. Bəlkə də bu insanlarla tanış olmaq çoxumuz üçün əlçatmazdır. Ancaq onların yazdığı kitablar sayəsində biz möhtəşəm dəyişikliklərə imza atmış bu qeyri-adi insanlarla ünsiyyətə girə bilirik.

Beləliklə, bu qəbildən olan 10 dəyərli kitabı diqqətinizə çatdırırıq. Onların yolu ilə getməyə ümid edirsinizsə, bu kitabları oxumağınız məsləhətdir.

1. Bakirəliyimi necə itirdim (Losing My Virginity), Richard Branson

Bu kitabda Richard Branson-un hər işindən nə qədər həzz aldığını görmək olar. Bütün dünyada bestseller olmuş bu avtobioqrafiyada Branson-un universiteti atmasından tutmuş ən uğurlu musiqi leybllərindən birinin və məşhur transatlantik hava yollarının əsasını qoymasına qədər maraqlı məqamları oxuyuruq. Branson həm də hava balonunda uçmaq və okeanı qayıqla keçmək üzrə dünya rekordlarına imza atıb.

Bu kitab 1998-ci ildə çıxıb. Ancaq Branson bundan sonra da maraqla qarşılanan kitablar yazıb. Bunların arasında onun «Bakirəliyimi necə tapdım» (Finding My Virginity) adlı yenilənmiş avtobioqrafiyası da var. Bu kitab daha öncəkinin bitdiyi yerdən başlayır.

2. Fikir sürətli biznes (Business @ the Speed of Thought), Bill Gates

İnformasiya axınından yararlanaraq rəqabət üstünlüyü əldə etmək istəyən biznes liderləri bu kitabı mütləq oxumalıdır. Kitab 20 il öncə yazılsa da, Gates-in verdiyi nümunələr hələ də maraqlı və aktualdır.

3. Warren Buffett-in esseləri (The Essays of Warren Buffet), Warren Buffett

Bu kitab Buffett-in hər il Berkshire Hathaway holdinqinin səhmdarlarına göndərdiyi məktublardan götürülmüş hikmətli məqamların toplusudur. Çox zaman «Omahanın oraklı» adlandırılan Buffet öz nəhəng sərvətini uzun müddət və ağılla yatırımlar etməklə toplayıb. Kitabdakı hər bir essedə onun biznes fəlsəfəsi haqda heyrətamiz məlumatlar verilir.

4. Made in America, Sam Walton

Sam Walton bu kitabda ucuz xırdavat dükanından başlayıb Walmart imperiyasını necə qurmasından, dünyanın şəksiz satış kralına çevrilməsindən söz açır.

Walton kitabı ölümündən az öncə, 1992-ci ildə yazıb. Kitabda biz onu sadə və təvazökar adam kimi görürük. O, həm iddialarını və nailiyyətlərini, həm də yol verdiyi səhvləri detallı təsvir edir. Walton Amerikanın balaca şəhərindən Uoll Stritə doğru yolu necə getməsindən söz açır.

5. Bir onu bilirəm ki… (What I Know for Sure), Oprah Winfrey

Oprah Winfrey öz əfsanəvi tok-şousu, öz televiziya şəbəkəsini yaratması və ilk afrikalı-amerikalı milyarder olması ilə tarix yazıb. Ancaq həyatda Winfrey-nin bu uğurlarına kömək edən çətin və ağrılı məqamlar olub.

Uşaqlıqda tənha olan və təhqirlərə məruz qalan Winfrey özünün müdafiə etməyi öyrənir və həyatda özü özünə yol açır.

6. Ayaqqabı satıcısı, (Shoe Dog), Phil Knight

Bu memuar kitabında Phil Knight ultrauğurlu Nike brendini necə yaratmasından söz açır. Knight utancaq və sönük satıcı olsa da, öz məqsədinə doğru getdiyi yolda cəsarətli olub.

Özünün qeyri-adi, gözəl komandası ilə birlikdə o, çoxsaylı məhkəmə və qalmaqallardan keçməli olub. Çoxları onun uğur qazanacağına inanmasa da, bu gün Nike dünyanın iki ən uğurlu idman ayaqqabıları şirkətindən biridir.

7. İrəli (Onward), Howard Schultz

Bu kitab Starbucks-ın dünyanın ən nəhəng qəhvə dükanına çevrilməsi yolunda keçdiyi keşməkeşli yoldan söz açır. 2008-ci ildə Howard Schultz yenidən Starbucks-ın CEO-su olmaq qərarına gəlir. Məqsəd onun maliyyə vəziyyətini bərpa etmək və şirkətin əsas dəyərlərini geri gətirmək idi.

Kitabda Schultz bu proses və bu yolda verdiyi sərt qərarlar haqda yazır. O öz liderlik fəlsəfəsinin detallarını bölüşür: məsələ qazanmaqda yox, qazanmağın düzgün yolunu getməkdədir. Bu, liderlik strategiyalarının praktik tərəfini anlamaq istəyən, brendlə müştəri arasında əlaqəni təkmilləşdirmək istəyən hər kəs üçün çox gözəl kitabdır.

8. Biznes idmanında necə qalib gəlməli (How to Win at the Sport of Business), Mark Cuban

Mark Cuban bu kitabda özünün populyar Blog Maverick bloqundan götürdüyü faydalı və güclü məqamları paylaşır, oxucunu uğurlu sahibkar olmaqla bağlı qeyri-adi, ancaq son dərəcə effektiv ideyalarla tanış edir.

9. Necə zəngin olmalı (How to Be Rich), J.Paul Getty

Amerikalı sənayeçi Jean Paul Getty dahiyanə səhm taktikalarını işə salaraq neft şirkətlərinə və beləliklə nəhəng sərvətə sahiblənib. 1957-ci ildə o, «həyatda olan ən zəngin amerikalı» adlandırılıb. 1976-cı ildə vəfat edəndə onun sərvəti 6 milyard dollar təşkil edirdi, bu isə 2019-cu il üçün 24.42 milyard dollar deməkdir.

10. Birbaşa Dell-dən (Direct from Dell), Michael Dell

Michael Dell bu kitabda özünün multimilli kompüter texnologiyaları şirkətini qurması üçün keçdiyi yoldan söz açır. O bu biznesin əsasını 19 yaşında, Texas Universitetinin tələbəsi ikən cəmi 1000 dollarlıq sərmayə ilə qoyub. Ancaq onun hekayəsinin başlanğıcı bundan da əvvəllərə, uşaqlıq macəraları və ambisiyalarına gedib çıxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG