Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Övladınız internetdə sizdən öndədirsə...


Foto illüstrasiya
Foto illüstrasiya

Hələ 90-cı illərin ortalarından internet məkanında iş görən Stiven Balkam elə bilirmiş ki, texnologiya məsələlərini qızını bir həftə internetdən ayırmağa yetəcək qədər yaxşı bilir. Ancaq yanılırmış.

Vaşinqtonda yerləşən Ailələrin Onlayn Təhlükəsizliyi İnstitutunun (FOSI) baş icraçı direktoru olan Balkamın sözlərinə görə, o, qızının coğrafiya dərsi zamanı mesajlaşdığını öyrənib və qızını bir həftəlik telefonundan məhrum etmək qərarına gəlib.

Ancaq bu cəza Balkamın qızını davranışını dəyişdirməyə yox, əvvəlkindən də kreativ olmağa vadar edib. Qız bir həftəlik ayrı düşdüyü telefonunu əvəzləmək üçün dostunun iPod-undan istifadə edib.

Balkam deyir ki, gecələr evdə wi-fi-nı söndürsə də, qızı gecəyarısı sakitcə qalxıb onu yenidən işə salırmış.

Dörd saat ekran qarşısında keçirsə...

Bunu görən Balkam evin wi-fi ruterini öz otağına qoyub ki, qızı gecələr onu işə sala bilməsin. Ancaq qızı bu dəfə də çıxış yolu tapıb – qonşunun wi-fi-na qoşulub.

«Məhz o zaman anladıq ki, problemimiz var», – Balkam İndianapolisdə uşaqlar və internet təhlükəsizliyi haqda danışarkən deyib.

Hamıya bəllidir ki, süni zəka proqnozlaşdıra bildiyimizdən də sürətlə inkişaf edir. Ancaq texnologiyanı uşaqlara təqdim etməyin düzgün zamanını və yollarını anlamaq o qədər də asan deyil. Bu, valideynlər üçün əsl döyüş meydanına çevrilib.

İnternet-klub
İnternet-klub

«Əgər sizin 7, 8, 9 yaşınız varsa və həyətdə oynamaqdansa, ekran qarşısında dörd saat keçirirsinizsə, deməli, problem var. Valideynlərin əlləşib-vuruşduqları da həmin o balansı tapmaqdır», – Balkam deyir.

Elə FOSI də ailələrin ətrafda sürətlə irəliləməkdə olan texnologiyadan baş çıxarmasına və ondan təhlükəsiz yararlanmasına yardım etməkdən ötrü yaradılıb.

«Düşündük ki, mütəxəssisləri, hökuməti, qeyri-hökumət qurumlarını, məktəb müəllimlərini, …araşdırmaçıları bir araya gətirərək birlikdə əməkdaşlıq etmək və innovasiyalara çalışmaq yaxşı olardı. Buna görə də bu institutu yaratdıq», – Balkam deyir.

İnstitut ailələr üçün daha təhlükəsiz internet mühiti yaratmaqdan ötrü alətlərə, qaydalara və məktəblərə əsaslanır.

«Alətlər» dedikdə, telefonlar, tabletlər və hətta Alexa və Google Home kimi ən yeni cihazlar da daxil olmaqla texnologiya nəzərdə tutulur.

Balkam uşaqlarla açıq dialoq qurmağı və onlara ailədaxili qaydaların qoyulmasında iştirak imkanı tanımağı təklif edir.

«Əslində, uşaqlar həmin qaydaları yaratmaq məsələsində təəccüblü dərəcədə açıqdırlar, xüsusən də o qaydalar onların kiçik bacı-qardaşlarına aid olacaqsa», – Balkam deyir.

Valideynlər də dəyişsinlər

Məktəblər bütün bu qaydaları bir-birinə bağlayan amildir. Texnologiya haqda adekvat təhsil almaq uşaqlara düzgün nəticələr çıxarmağa kömək edir.

«Ekran qarşısında keçirilən vaxtla cihazdan istifadə arasında fərq qoymağa çalışırıq. Yəni, passiv şəkildə YouTube videolarına baxmaq, məsələn, Skype-la Əfqanıstanda yaşayan nənə-babanla danışmaqdan fərqlidir. İkinci halda uşaqlar kommunikasiya bacarıqlarını öyrənirlər və bu, çox yaxşıdır», – Balkam deyir.

Ancaq təhsil uşaqlarla bitmir. Valideynlər də yaxşı nümunə olmaq üçün öz texnologiya vərdişlərini dəyişə bilərlər.

Valideynlərin öz uşaqlarının nailiyyətlərini sosial mediada həddindən artıq paylaşması ciddi ziddiyyət yaradır. Hətta artıq bunu bildirən kəlmə də yaranıb – «sharenting» ingiliscə «share» (paylaşmaq) və «parenting» (tərbiyə, valideynlik) sözlərinin birləşməsindən yaranıb.

«Əlbəttə, siz körpə balanızın ilk şəkillərini …dostlarınız və ailənizlə paylaşmaq istəyirsiniz. Ancaq bunu qapalı edin, ictimai şəkildə etməyin. Çünki, övladınız 17, 18 yaşına çatanda illər öncə ayaqyolunda çəkilmiş o şəkilləri görməkdən çox da məmnun olmayacaq», – ekspert deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG