Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 21:51

Ölkədə nə qədər işsiz var?


Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) may ayının əvvəlinə olan hesabatına görə, ölkədə 297.8 min nəfər rəsmi işsiz var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirib ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul 600 min şəxsə aprel-may aylarında birdəfəlik yardım verilib. (Koronavirus pandemiyasına görə Azərbaycanda martın 24-dən karantin rejiminə keçilib. Karantin rejimi davam etsə də, mayın 18-dən küçəyə çıxmaq üçün SMS-lə icazə almaq qaydası götürülüb)


Onda may ayının əvvəlində ölkədəki rəsmi işsiz sayının 297.8 min nəfər göstərilməsi nə dərəcədə düzdür? Üstəlik, hələ bir xeyli insanın media orqanlarına şikayətlərinə görə, işsiz kimi həmin birdəfəlik yardımı (aya 190 manat) almaq üçün müraciət etsələr də, onlara "yox" cavabı verilib.

"Bu da ölkədə 600 min nəfərin işsiz olmasının təsdiqidir"

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna deyib ki, ölkədə 600 min nəfərin işsiz olması Nazirlər Kabinetinin qərarı səviyyəsində təsdiqlənib: "Özü də, nə qədər işsiz insan bu müavinətdən kənarda saxlandıqdan, "kəsib-doğradıqdan" sonra həmin qərara əsasən, 600 min nəfərə, məhz işsizə birdəfəlik 190 manat müavinət verilib. Bu da ölkədə 600 min nəfərin işsiz olmasının təsdiqidir".

N.Əliyev
N.Əliyev

"İşsiz sayı 1 milyonun üzərində"

N.Əliyevə görə, əslində 600 min nəfər də real rəqəmi əks etdirmir: "Hesablamarımıza görə, ölkədə işsiz sayı 1 milyon nəfərdən çoxdur. Amma 600 min nəfər rəqəmini hökumət özü elan etdiyi üçün önə çəkirik".

N.Əliyevin fikrincə, çox böyük ehtimalla komitənin rəsmi işsiz sayını 297.8 min nəfər göstərməsi təsadüf deyil. O xatırladıb ki, yaxın dövrə qədər rəsmilər ölkədə işsiz faizini 5 faiz göstəriblər:

"Bu rəqəmi rəsmi hesabata daxil etmək istəmirlər"

"Rəsmilərin fikrincə, ölkədə işsizlik hələ də 5-6 faizdir. Çox güman ki, postpandemiya dövründə də "ölkədə 5-6 faiz işsiz var" deyə bilmək üçün işsizlərin çox olduğunu etiraf etmək istəmirlər. Komitə öz hesabatında 600 min nəfərə müavinət verilməsini təsdiq etsə, bu, 11-12 faiz işsiz deməkdir. Bu rəqəmi rəsmi hesabata daxil etmək istəmirlər".

"Bu şəxslərə işsizlik müavinəti vermək istəmirlər"

Üstəlik, N.Əliyev hesab edir ki, 600 min şəxs işsiz kimi qeydə alınsa, hökumət onlara işsizlik müavinəti verməyə məcburdur: "Fikrimcə, ikinci səbəb də budur ki, bu şəxslərə işsizlik müavinəti vermək istəmirlər. 2019-cu ilin sonuna ölkədə işsizlikdən sığorta müavinətinin həcmi haradasa 290-300 manata yaxın olub".

DSK
DSK

DSK-dan cavab

Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Yusif Yusifov isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, 600 min işsiz dedikdə bunların heç də hamısı işsiz deyil: "Bura həm işsiz əhali, həm aztəminatlı, həm də qeyri-formal əməklə məşğul olmuş şəxslər də daxildir. Prezident həmin 200 min işsizə verilən müavinətin əhatə dairəsini 600 min nəfərə qaldırdı. Odur ki, bu 600 min nəfərə işsizlərlə yanaşı, həm aztəminatlılar, həm də qeyri-formal çalışanlar daxildir. Belə deyək ki, pandemiya ilə bağlı müvəqqəti tətbiq edilən karantin dövründə qazancından məhrum olan şəxslər də bu əhatəyə aid olundu".

DSK-nın meyarları...

Onun sözlərinə görə, işsizlərlə bağlı 297.8 min rəqəmi Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası əsasında hesablanan göstəricidir və burada üç meyar əsas götürülür: "Birinci, son bir ay ərzində heç bir yerdə işləməyən, eləcə də qazanc, gəlir gətirən bir işi olmayanlar. İkinci, müayinə (monitorinq) keçirilən dövrdə gəlir gətirən, qazanc əldə edən işi olmayanlar. Üçüncü, iş təklif olunduğu halda yaxın iki həftə ərzində işə başlamağa hazır olanlar işsiz sayılır. Hər üç meyara eyni vaxtda cavab verildiyi halda belə şəxslər BƏT metodologiyasına görə, işsiz hesab edilirlər".

XS
SM
MD
LG