Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:32

'Ölü' ixtisaslar...


Tələbələr
Tələbələr

Təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, Azərbaycanın ali təhsil müəssisələrində öyrədilən bəzi ixtisaslar gələcəkdə lazım olmayacaq və onlara maliyyə vəsaitləri xərcləmək mənasızdır.

K.Əsədov AzadlıqRadiosuna deyib ki, bu, daha çox I ixtisas qrupuna aid məsələdir: «Artıq dünya yeni texnologiyaya keçib, mexaniki avtomobil yox dərəcəsindədir, artıq, əsasən, avtomat idarəetmə formasına keçilib. Amma biz mexanika üzrə mütəxəssis hazırlayırıq. Bunlar lazımdırmı?».

Ekspert vurğulayıb ki, dünya yeni bir texnologiyaya keçdiyi vaxtda Azərbaycan geologiya, geologiya mühəndisliyi, geodeziya, yer quruluşu, şəhər kadastrı kimi bir-birini təkrarlayan ixtisaslar üzrə mütəxəssislər yetişdirir. Onun deməsinə görə, bu məsələ ilə bağlı dəfələrlə Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə müraciətlər göndərib. Ekspert qeyd edib ki, bu ixtisasları bitirənlərin yalnız 30 faizi işlə təmin edilir.

K.Əsədov
K.Əsədov

Gələcəyin ixtisasları

K.Əsədova görə gələcəyin ixtisasları var ki, Azərbaycan universitetləri bundan «200 kilometr» aralıdır: «Bizdə biomedikal mühəndislik yoxdur. Kompüter ixtisasları var, amma kompüter oyunlarını dizayn edən ixtisaslar yoxdur. Ona görə də, bu sahədə bazarda öz məhsulumuz yoxdur. Ekoloji davamlılıq, daxili təhlükəsizlik, virtual təhlükəsizlik, yeni media, ictimai səhiyyə kimi ixtisaslara ehtiyac var. Nanotexnologiya isə bizdə «ölüb». 2-3 illik araşdırma aparmışam ki, memarlıq və mühəndislik, riyaziyyat-informasiya sahələri bir yerdə olmalıdır. Biz bu istiqamətdə kadr yetişdirmək üçün lazım olan illəri itirdik. Siyahı hazırlayıb vermişəm ki, bizim ali məktəblərdəki ixtisaslar dünənin ixtisaslarıdır, artıq köhnəlmiş və «ölü» ixtisaslardır».

Ekspert deyib ki, kənd təsərrüfatı, neft istehsalı üzrə ixtisaslar var. Amma onun qeyd etməsinə görə, bu sahələr üzrə menecer ixtisası yoxdur, xaricilər gəlib bu menecerliyi edir, proqram sistemi tərtibatçıları olmalıdır.

«Strateji planımız olsun»

K.Əsədov deyib ki, dünyada gələcəyin yeni ixtisasları formalaşır, amma Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur: «20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamam sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də araşdırmaq lazımdır ki, 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq? Bu haqda düşünən yoxdur. Azərbaycanın əmək bazarında bu hansı dəyişikliklərə səbəb olacaq, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac yaranacaq - bunu müəyyənləşdirməli və bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur».

Z.Oruc
Z.Oruc

Deputat: «Problem təkcə Azərbaycanda deyil»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc da hesab edir ki, ekspertlər təhsil məkanının heç zaman indiki kimi intensiv dəyişikliyə məruz qalmadığını bildirməkdə haqlıdırlar. Onun fikrincə, problem təkcə Azərbaycanda deyil: «Hətta ötən əsrin 50-ci illərində təsəvvürə gəlməz formada planlaşdırdılar ki, kommunikasiya inqilabı XX əsrin sonuna baş verər, amma bu inqilab gözlənilən zamanı da qabaqladı. Bu gün «Apple imperiyası» 1 trilyon dollarlıq dövriyyə ilə işləyir. Öz-özlüyündə bir dövlətə çevrilib. Sərhədləri yarır, iqtisadiyyatlarda iştirak edir, bizim anladığımız mərkəzi təsisata malik olmadan öz gücünü və tələblərini diktə edir».

Deputata görə, bu baxımdan Azərbaycanda həqiqətən də təhsil sisteminin sürətli bir şəkildə bu prosesə uyğunlaşmasına ciddi ehtiyac var və universitetlərin daxilində tədqiqat mərkəzlərinin yaradılması bu problemlərin çözülməsində müəyyən rol oynaya bilər.

«XXI əsrin ixtisasları reyestri»

Deputat hesab edir ki, XXI əsrin ixtisaslarının reyestri yaradılmalıdır: «İndinin özündə işə cəlb etdiyimiz insanları hansı ölkələrə göndərmək, bu təlimləri harada keçmələri, gələcək ixtisasların proqramlarını necə dərk etmələri kimi məsələ durur. Sabah bütün bunlar neft-kimya sənayesində, hərbi sahədə, tibb sektorunda qarşımıza çıxacaq. Bütün bunların hamısı sübut edir ki, XXI əsrin ixtisasları reyestrinin yaradılması Azərbaycan təhsil məkanının qarşısında duran ən böyük vəzifədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG