Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Çin Amerika basketbolundan niyə inciyib?


Houston Rockets komandasının matçlarından birində
Houston Rockets komandasının matçlarından birində

Çinin dövlət televiziyası elan edib ki, bu həftə Amerika Milli Basketbol Assosiasiyası (NBA) komandalarından birinin silsilə yoldaşlıq matçlarını translyasiya etməyəcək.

Pekin bütün mümkün vasitələrlə özünün NBA-dən olan narazılığını nümayiş etdirməyə çalışır. Səbəb siyasidir: Bugünlərdə Houston Rockets komandasının baş meneceri Daryl Morey Twitter-də Honk Konqda keçirilən etiraz aksiyasının iştirakçılarına dəstək bildirib:

"Azadlıq uğrunda mübarizə aparın. Honk Konqu dəstəkləyin”.

Çinin dövlət CCTV telekanalı bu tvitə dərhal reaksiya verib:

“Biz hesab edirik ki, milli suverenlik və ictimai stabilliyə təhlükə yaradan istənilən şərh söz azadlığının hüdudlarını aşmış olur”.

Bunun ardınca təkcə CCTV deyil, başqa Çin telekanalları ilə yanaşı bütün idman yarışlarının internet-striminqi hüquqlarına malik Tencent Holdings də Houston Rockets klubunun yoldaşlıq matçlarını translyasiya etməyəcəyini bildirib.

Amma Pekinin qəzəbini görən Daryl Morey, necə deyərlər, dal dabana qoyub. O şərhi ilə xətrinə dəyə biləcəyi hamıdan üzr istəyib və yazıb ki, onun şərhi mürəkkəb prosesin yalnız birtərəfli interpretasiyası olub.

Menecer bildirib ki, o “bizim çinli azarkeşlərimizə” böyük dəyər verir və heç kimin xətrinə dəymək niyyətində olmayıb. Morey bunu da qeyd edib ki, onun şərhi Rockets-in mövqeyini əks etdirmir.

Bunun ardınca NBA də Çini və bütün dünyanı bunun həqiqətən də belə olduğuna əmin edib edib və bir növ “qələt eləmişik” deyib:

NBA-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mike Bass yazıb:

"Biz başa düşürük ki, Daryl Morey-nin şərhi Çindəki bir çox dost və azarkeşlərimizi təhqir edib...Bizim Çin tarixi və mədəniyyətinə böyük ehtiramımız var və ümid edirik ki, ümumilikdə idman və ayrılıqda NBA birləşdirici qüvvə olacaq”.

Houston Rockets komandasının sahibi Tilman Fertitta isə bildirib ki, Morey komandanın adından şərh yazmayıb:

Houston Rockets NBA-in Çində ən populyar olan komandalarından biridir. Əfsanəvi çinli basketbolçu Yao Min 2002-2011-ci illərdə məhz bu komandada çıxış edib. Komandanın Çində çoxmilyonlu azarkeşlər ordusu var. Amma belə görünür ki, indi bu ordunun sıraları seyrələ bilər.

Çin azarkeşlərindən biri Twitter-də video yerləşdirib. O həmin videoda öz maşınının arxa şüşəsindəki “Rockets” sözünü qaşıyıb silməyə çalışır və sonda bir vaxtlar sevimlisi olmuş komandanı “cəhənnəmin isti bucağına” göndərir.

Amma məsələyə başqa cür baxanlar da var. Hərçənd onların sayı çox deyil.

"Mən çinliyəm və Daryl Morey-ni dəstəkləyirəm”.

Amma məsələ burasındadır ki, çinlilərdən cidd-cəhdlə üzr istəməsi NBA-yi Amerikanın özündə tənqidlərə tuş edib.

NBA-in inzibatçısı Adam Silver Yaponiyanın Kyodo News agentliyinə deyib ki, oyunçular və məşqçilər istədikləri məsələlər barədə şərh verə bilərlər.

O bildirib ki, şəxsi rəyin ifadə edilməsi azadlığı NBA-in dəyərlərindən biridir.

Adam Silverin açıqlaması məsələni bir az da qəlizləşdirib. Çinin dövlət telekanalı bildirib ki, deyəsən NBA ilə münasibətlərə bütövlükdə yenidən baxılacaq.Amma ortalıqda böyük pullar var. Çində NBA-in matçlarına baxanların sayı təxminən 800 milyon nəfərdir.

Bundan başqa NBA-in qazancının böyük bir hissəsini idman geyimlərinin, suvenirlərin və başqa əşyaların satışı təşkil edir. Çində bu cür malların ticarəti ilə məşğul olan Li-Ning şirkəti Houston Rockets-lə əməkdaşlığı dayandıracağını bəyan edib.

Çinin xətrinə dəyməkdən çəkinən başqa şirkətlər də var. Məsələn Amerikanın zinət əşyaları satan Tiffany & Co özünün Twitter reklamından bir gözünü əli bağlayan modelin şəklini yığışdırıb. Şirkət ehtiyat edib ki, bu reklam Honk Konq etirazçıları ilə həmrəylik kimi başa düşülə bilər, çünki 11 avqustda keçirilən etirazlar zamanı bir nümayişçi gözündən xəsarət alıb.

Bu, biznesin Çinlə münasibətlərdə tutduğu ehtiyatlı mövqeyin nümunələrindən yalnız biridir. AzadlıqRadiosu bu yaxınlarda Çin senzurasının Amerika filmlərinə münasibətindən və ABŞ kino sənayesinin Pekinin istəklərinə necə uyğunlaşmasından yazmışdı. Hollivudun da qazancının böyük bir hissəsi Çin tamaşaçısından gəlir.

Kompüter oyunları sahəsində də eyni problem mövcuddur. World of Warcraft, Hearthstone və StarCraft kimi oyunların yaradıcısı Blizzard şirkətinin Çindən ehtiyatlanması oyunçuların kütləvi etirazı ilə nəticələnib.

Blizzard Honk Konq etirazları ilə həmrəylik ifadə etmiş bir oyunçunu diskvalifikasiya etmişdi. Bundan sonra oyunun boykot edilməsinə çoxsaylı çağırışlar olmuşdui.

ABŞ-da basketbol qalmaqalı bir sıra siyasətçilərin də sərt reaksiyasına səbəb olub.

Onlar NBA-yi Pekinin qarşısında dəbbələməkdə ittiham edirlər. Respublikaçı senator Marko Rubio NBA-in mövqeyini “ikrah hissi yaradan” adlandırıb.

ABŞ prezidentliyinə demokrat namizədlərdən biri – Elizabeth Warren deyib ki, “Çin öz bazarının qüdrətindən onu tənqid edən hər bir kəsin ağzını bağlamaq üçün istifadə edir”.

Bu basketbolun siyasətlə toqquşduğu ilk hal deyil. 2017-ci ildə NBA kubokunun qalibi olan Golden State Warriors klubu Ağ Evə dəvət olunmuşdu. Trump-ın siyasəti ilə razı olmayan bir neçə basketbolçu dəvətdən imtina etmişdi. Bundan inciyən Trump dəvəti ümumiyyətlə ləğv etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG