33 il öncə qəza baş verən Çernobılı öz gözü ilə görmək istəyənlər indi bu bölgəyə getməyə can atırlar. ABŞ-da çəkilmiş eyniadlı serial ekranlara çıxınca yaranmış bu istəyi reallaşdırmağa hazır turizm şirkətləri də var. Artıq Azərbaycanda da turizm şirkətlərindən biri belə elan yerləşdirib:
“Tarixin ən dəhşətli qəzası olan Cernobıl Atom Elektrik stansiyasında baş verən partlayışın fəsadlarının şahidi ola bilərsiniz. Radiasiyaya məruz qalmış şəhər 33 ildən sonra turistləri heyran edir”.
Turizm şirkətinin elanında deyilir ki, Cernobılın ərazisi böyük olduğundan gəzmək üçün 1 gün azlıq edir. Bu səbəbdən 320 dollardan başlayan qiymətlərlə 2 günlük səyahət təklif edilir.
Baku Holiday Travel-in departament rəhbəri Leyla Dibirova AzadlıqRadiosu-na deyir ki, elanı ötən həftə yerləşdiriblər, indilik maraqlananlar çox azdır, cəmi 1-2 nəfər, amma bununla belə, səfər baş tutacaq:
“Bu, ümumi qrupdur. Ora MDB ölkələrindən də turist salırıq. Onlar davam etsə biz də davam etdirəcəyik”.
Qeyd edək ki, Çernobıla maraq bütün dünyada artmaqdadır. Çernobıldan bir turizm agentliyi “Reuters” agentliyinə serial yayımlanandan sifarişlərin 40 faiz artdığını bildirib. İngilisdilli turlar adambaşına 100 dollara başa gəlir.
Həkim məsləhəti
Tibb elmləri doktoru, professor Adil Qeybulla Çernobılın insan həyatı üçün hələ də təhlükəli olduğunu düşünür:
“İonlaşdırıcı şüalanma olduğundan bədəni dəlib keçir və mutasiya yaradır. Bu şüa mutagen proseslərə, bir sıra xəstəliklərin başlanğıcına səbəb ola bilər. Ona görə radiasiyanın yüksək olduğu bölgədə insanların uzun müddət qalması düzgün deyil. Xirosima və Naqasakiyə 70 ildən çoxdur bomba atılıb, amma hələ də orda radioaktivlik qalmaqdadır”.
Professor bölgəyə gedənlərin radiasiya buraxmayan, qurğuşundan hazırlanan xüsusi geyimlər və fərdi dozimetrlə təmin edilməli olduğunu bildirir, orda uzun zaman qalmamağı vacib sayır.
“Ora turist aparırlarsa yəqin təhlükəsizlik tədbirləri də görürlər. İnsanlar mümkün qədər radioaktiv mənbədən uzaq durmalıdırlar, mümkün qədər az müddət orda qalmalı və mühafizələri olmalıdır, radiasiyanı bədənə buraxmayan, müəyyən maddələr hopdurulmuş xüsusi geyim geyməlidirlər”, – Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva AzadlıqRadiosu-na belə deyir.
Turizm şirkəti: “Qarantiya yoxdur”
Leyla Dibirovanın sözlərinə görə, turistlərə təhlükəylə bağlı öncədən xəbərdarlıq edilir.
“Ora haqqında hamının məlumatı var və bilərək gedir. Həm də onların təhlükəsizliyini qorumağa çalışırlar. Amma yenə də heç bir şeyin qarantiyası yoxdur”, – departament rəhbəri söyləyir.
Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva da həmin bölgədə olanların az və ya çox dərəcədə radiasiya qəbul edəcəklərini, bədəndə olan radiasiyanın isə təmizlənmədiyini qeyd edir.
“Radiasiyanın qoxusu yoxdur, rəngi yoxdur, görünmür. Az dozada olanda hiss etmirsən. Ancaq bədən üçün zərərli dərəcədə radiasiya alanda başgicəllənmə, ürəkbulanma, rəngin avazıması müşahidə edilir”, – direktor müavini söyləyir.
Mütəxəssislər qəzadan 33 il ötsə belə orda radiasiyanın zəiflədiyini deməyə tələsmirlər.
“Bu bölgədə daim ekspedisiyalar olur, təcrübə bazasıdır ora. Bütün dünya alimləri Pripyatda – hadisənin baş verdiyi şəhərdə - müxtəlif eksperimentlər aparırlar, analizlər götürürlər. Bir-birini təkzib edən nəticələr alırlar. Mən bildiyim qədər orda kimsəsizlikdən, ya radiasiyanın təsirindənmi vəhşi heyvanların sayı həddən artıq çoxalıb, balıqlar həddən artıq böyükdürlər. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Dünya Səhiyyə Təşkilatı və başqa təşkilatlar hər il ordakı araşdırmalarla bağlı xüsusi bülleten çap edirlər. İndiyə qədər o ərazidə, o torpaqda radiasiya qalır və o torpaqdan bitkiyə, bitkidən heyvana miqrasiya edir”, – Rəvan Mehdiyeva vurğulayır.
Sosial mediada serialın müzakirəsi davam edir
Azərbaycanda sosial mediada da Çernobıla getmək istəyənləri qınayanlar, irad bildirənlər az deyil. Bəxtiyar Umarlı məsələyə zarafatla yanaşır: “Gedim bir az radiasiya yığım gəlirəm”.
Kamran Ədalət yazır: “Çernobıl” serialına baxanlar da bir tərəfdən dirəşib ki, biz həmin o Çernobıla getmək istəyirik. Guya orda gecələr ölənlərin ruhları-zadı gəzir)) Bundan da turizm şirkətləri qəşəng qazanır”.
Bəziləri isə HBO kanalının çəkdiyi serialın müzakirəsini edə-edə ehtiyatla da olsa Çernobıla getmək istəklərini gizlətmirlər.
Rustam Lee Kangarli isə sual edir: “Məlumatı olan varsa köməklik etsin zəhmət olmasa. Çernobıla adi turist kimi getmək mümkündür? Yoxsa xüsusi icazə- flan lazimdir? İcazəlidirsə necə və hardan əldə etmək lazımdır”.
Çernobıl qəzası 1986-cı ilin aprelində baş verib, minlərlə insan ölüb, on minlərlə insan güclü radiasiyaya məruz qalıb. Qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da minlərlə insan iştirak edib. Artıq onlardan həyatda olmayanlar var. Bu rəqəm 3 mini ötür.