Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:12

''Çernobıl' serialı orda baş verənləri tam əks etdirmir'


«Çernobıl» serialından kadr

««Çernobıl» filmi (serialı) möhtəşəm bir hadisədir. SSRİ-ni bu dəqiqliklə göstərmək olarmış», – azərbaycanlı politoloq Hikmət Hacızadə ABŞ-ın HBO kanalının çəkdiyi «Çernobıl» miniserialını bu cür dəyərləndirir. Serial ilk gündən diqqət çəkməyi, müzakirələrə yol açmağı bacardı.

O, Azərbaycanda da baxılmaqdadır. Azərbaycandan 1986-cı ilin aprelində baş verən qəzanın nəticələrini aradan qaldırmağa 7 minə yaxın insan yollanıb. Onlardan 2 mindən çoxu artıq həyatda yoxdur.

AzadlıqRadiosu həmin hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Çernobıl Əlilləri Cəmiyyətinin sədr müavini Eldar Sultanovun da serialla bağlı fikrini öyrənib. Onun fikrincə, Çernobılda baş verənlərin hamısı serialda əksini tapmayıb.

«Bu haqda danışan şəxslər də yəqin 100 faiz ya orda olmayıblar, ya da ssenarini yazanda bəzi məqamlara fikir verməyiblər. Orda «smertniklər» olub, orda elə işlər olub ki... Bizə bu haqda 25 il danışmamaq üçün sənəd imzalatmışdılar. Mənimlə orda şüalanan bir neçə insan öldü, amma mən qaldım...», – söyləyən E.Sultanov səhhətində problemlər yarandığından nə keçmişə qayıdıb həmin hadisələr, nə də bugünlərdə izlədiyi film haqqında danışmaq istəyir.

Kinoşünas: «Baxıb o dəqiqə unutdum»

Kinoşünas Aygün Aslanlı serialı rejissor həmkarı ilə izləyib və onda emosional təsir doğurmadığını söyləyir. «Baxıb o dəqiqə də unutdum», – deyə fikrinə əlavə edir.

Bununla belə, serialın peşəkarlıqla çəkildiyini, hər bir detalı xırdalıqlara qədər işlədiklərini bildirir: «Səhnələr, xüsusi effektlər, qrimlər çox peşəkardır, necə də olsa bu, HBO-nun çəkdiyi serialdır. Necə deyərlər, Sezarın haqqı Sezara verilməlidir. HBO görüntü tərəfinə həmişə fikir verir, bu «Taxt-tac oyunları»nda da belə idi. Faktlar əsasında çəkilmiş, hadisələri dəqiqliklə canlandırmağa çalışılmış bir serialdır. Bəlkə başqalarına təsirinin səbəbi Sovet İttifaqı, rejim haqda çox məlumatlı olmamalarıdır. Amma mən Svetlana Alekseyiviçin kitabını oxumuşam, Pelevini, Soljenitsını oxumuşam, o dövrdə yaşamışam, çox şey bilirəm, bəlkə buna görə çox təsir göstərmədi. Mən Çernobılla bağlı 3-4 il əvvəl azərbaycanlı fotoqraf Orxan Əzimin fotolarını, videolarını görəndən sonra həyəcanlanmışdım. Bəlkə də bunlardan xəbərdar olduğuma görə serial digər tamaşaçılara, xüsusən də xarici tamaşaçılara təsir etdiyi qədər mənə təsir göstərmədi».

Çernobıl hadisələri "likvidatorlar"ın yaddaşında
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Rejissor: «Hadisənin özünün fatallığı, faciəviliyi onu bu qədər populyarlaşdırdı»

Rejissor Mirbağır İsmayılovun fikrincə, əvvəla «Çernobıl» serial yox, 5-saatlıq filmdir. «Amma hər hansı kinematoqrafik özəlliyi yoxdur, olma ehtimalı da yoxdur», – deyə düşünür: «Hadisənin özünün fatallığı, faciəviliyi onu bu qədər populyarlaşdırdı. Ancaq kinematoqrafik özəlliyi olan serial deyil. Ona görə də hər hansı kriteriyalara görə serialları götürsək, «Çernobıl», çox güman, onluğa düşməyəcək, yüzlükdə birtəhər yer alacaq».

M.İsmayılovun fikrincə, sadəcə serialın mövzusu, hadisələrin fərqliliyi ajiotaja, reytinqlərdə birinci olmasına səbəb oldu.

Rejissor özü tarixi hadisələrin və ya bu cür faciəvi qəzaların filmə gətirilməsinin tərəfdarı deyil: «Bu, hamı üçün tanış mövzudur, düzdür, bütün faktları ilə yox. Ancaq burda rejissor improvizə edə bilməzdi. Üstəgəl, filmlə bağlı ajiotaj böyük idi deyə, onunla bağlı gözləntilər də vardı. Bəlkə bu gözləntilərlə baxmasaydım, film məndə də yüksək təəssürat yaradardı. Amma olmadı».

Bəzi kinoşünaslar, tənqidçilər kimi A.Aslanlı serialın antisolçu təbliğatına hesablandığını düşünsə də, rejissor M.İsmayılov bunu daha çox kommersiya layihəsi hesab edir.

Rejissor Ayaz Salayev çoxsaylı tövsiyələrə görə «Çernobıl»a baxmağı planlaşdırır. O, belə mövzuların ekranlaşdırılmasının əleyhinə deyil: «Bu, əbədi mövzudur, maraq doğuran mövzudur. İnsanın qavrama psixologiyası ilə bağlıdır».

Çernobıl - turist attraksionu?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid

Siyasətçi baxışı: «Sovet idarəetməsinin qəzası»

Azərbaycanlı siyasətçilərdən seriala baxmayanlar da var. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də serialı izləməyi planlaşdırırlar.

Ə.Kərimli Çernobıl hadisələrini sovet sisteminin, sovet idarəçiliyinin fəlakəti adlandırır: «Bu hadisə sovet idarəetməsindəki zəiflikləri ortaya çıxardı, informasiyanın xalqdan gizlədilməsindən tutmuş insan həyatına olan biganə münasibətə qədər. Nə qədər insanı orda şüalanmaya məruz qoydular, bilə-bilə ki bu onların həyatına təhlükəlidir. Ona görə buna qəza kimi yox, sovet idarəetməsinin qəzası kimi baxmaq lazımdır».

Xatırlatma

1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhərində Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. On minlərlə insan güclü radiasiyaya məruz qalıb, minlərlə insan ölüb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınmasından ötrü keçirilən «Sarkofaq» əməliyyatında Azərbaycandan aparılan insanlar da iştirak ediblər.

1993-cü ildə «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Qanunu qəbul edilib. Son illər Azərbaycanda bir çox Çernobıl əlillərinin vaxtsız dünyadan köçdüyü bildirilir. Amma bununla bağlı dəqiq statistika verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG