Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

'Çəhrayı dalğa': ABŞ seçkilərində rekord sayda qadın namizəd var


ABŞ-da qadın seçici səs verir. 2012
ABŞ-da qadın seçici səs verir. 2012

ABŞ-da rekord sayda qadın qarşıdakı ştat və milli seçkilərdə namizədliyini irəli sürərək bu seçkilərin əhəmiyyətini artırıb.

Noyabrın 6-da keçiriləcək seçkidə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 kürsüsü uğrunda mübarizə aparılacaq. Bundan başqa, 33 ştatın qubernatoru və əksər ştatların qanunverici orqanları seçiləcək.

Yalnız Konqresə baxsaq, builki seçkilərdə namizədliyini irəli sürmüş qadınların sayı ötən illərdəkindən əhəmiyyətli dərəcədə artıqdır. Nyu-Cersidəki Ratqer Universitetinin Amerika Qadın və Siyasət Mərkəzi bildirir ki, Nümayəndələr Palatasındakı yerlər uğrunda 239, Senata seçilmək üçünsə 23 qadın mübarizə aparır.

Hələ burada bu il praymerizlərdə - ilkin seçkilərdə mübarizə aparan qadınların sayı nəzərə alınmayıb. Xatırladaq ki, praymerizdə seçicilər bu və ya digər siyasi partiyanı təmsil edəcək namizədləri müəyyən edirlər.

Hər iki əsas partiyada - həm demokratlar, həm də respublikaçılarda qadın namizədlərin artımı müşahidə olunur. Amma ən böyük artım Demokratlar Partiyasındadır. Onların arasında qadın namizədlərin sayı 2014-cü ilin aralıq seçkilərində iştirak edən bütün qadınların sayından artıqdır.

«Bu, rekordların qırıldığı ildir, buna şübhə yoxdur. Sırf rəqəmlər baxımından biz öncəki ildən çox yuxarıdayıq», - Amerika Qadın və Siyasət Mərkəzinin direktor köməkçisi Cin Sinzdak deyir.

«Qadın namizədlər… özləri kimi mübarizə aparırlar»

Noyabrda ölkənin 46 ştatı qanunverici orqanın seçkilərini keçirir. Bu seçkilərdə 3381 namizəd qadındır. Bu, 2016-cı ilin rekordundan (2649 qadın namizəd) xeyli artıqdır. Onların da çoxu demokratlardır.

Milyonlarla insan nəyə "me too" deyir?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Sinzdakın sözlərinə görə, siyasi mübarizədə qadınların həvəsi başqa məsələlərdə də özünü göstərir: ölkəboyu daha çox sayda qadın siyasi məlumat toplama işini, kampaniya aparmaqla bağlı hüquq və qaydaları öyrənmək üçün təlimlərə yazılıb. Bu tendensiya fandreyzinq - seçki kampaniyası üçün pul toplanması - sahəsinə də sirayət edib. Nümayəndələr Palatası üçün praymerizlərdə qalib gələn namizədlərə pul ianə edən fərdi sponsorlar arasında olan qadınlar demokratlara üstünlük veriblər. Bunların arasında qadın namizədlərə verilən dəstək xüsusilə seçilir. Bu məlumatı isə Çevik Siyasət Mərkəzinin (Center for Responsive Politics) «Açıq sirlər» (Open Secrets) layihəsi verib.

Respublikaçıların düşərgəsinə gəlincə, burada qadınlar praymeriz zamanı kişilərdən daha artıq vəsait toplaya biliblər. Ekspertlər deyirlər ki, bu, 2018-ci ildə qadınların ümumi fəallığının təzahürüdür.

Sinzdak deyir ki, fandreyzinqdən başqa, qadınların seçkilərdə namizəd kimi iştirakı siyasi kampaniyaların ümumi dinamikasını artırıb.

«Qadın namizədlər… özləri kimi, heç kimin qəlibinə girməyə çalışmadan mübarizə aparırlar. Onlar özlərinin cinsi təcavüzlə bağlı təcrübələrindən və bu kimi şeylərdən danışırlar. Onlar analıq və ana olmağın onların daha yaxşı millət vəkili olmasına, yaxud daha yaxşı siyasi qərarlar vermələrinə kömək etməsindən danışırlar», - o deyir.

«Pew» Araşdırma Mərkəzinin keçirdiyi sorğunun avqustda elan olunmuş nəticələrinə görə, amerikalıların çoxu daha çox qadının dövlət vəzifələri uğrunda mübarizə aparmasını müsbət qiymətləndirir.

Ekspertlər qeyd edirlər ki, qadın namizədlərin fəallaşması həm də Donald Trampın prezident seçilməsi ilə bağlıdır. 2016-cı ilin seçki kampaniyası zamanı üzə çıxan bir videoda Trampın qadınlarla nalayiq davranışından bəhs edilirdi. Ancaq Tramp seçkilərdə demokrat Hillari Klintona qalib gəldi. Trampın 2017-ci il yanvarın 20-də baş tutmuş andiçmə mərasimindən bir gün sonra çoxu qadın olan milyonlarla insan Vaşinqton və ölkənin digər şəhərlərində Trampa qarşı nəhəng etiraz aksiyası keçirdi.

K.B.Ford və B.Kavano
K.B.Ford və B.Kavano

«Təxirə salınan hakim»

Sinzdakın sözlərinə görə, #MeToo hərəkatı da qadınları siyasi fəallıq ətrafında birləşdirib. Söhbət tanınmış aktrisalar və çox sayda digər qadınların yüksək mövqe sahibi olan kişilər tərəfindən cinsi təcavüz və qısnamaya məruz qalmalarını açıq bəyan etməsindən gedir. Hərəkat ictimai qınaq, utanc və siyasətçilər, media maqnatları, Hollivud prodüserləri, məşhurlar və s. arasında bir çox kişinin işdən qovulması və hətta cinayət işlərinin açılması ilə nəticələnib.

Sinzdak deyir ki, 2018-ci ildə qadınları siyasi fəallığa həvəsləndirən hadisələrdən biri də Tramp administrasiyasının ABŞ sərhədini qanunsuz keçən mühacirlərin uşaqlarını valideynlərindən ayırmaqla bağlı ziddiyyətli qərarıdır.

Son günlərdə isə ABŞ Senatında Trampın Ali Məhkəmənin hakimi vəzifəsinə irəli sürdüyü namizəd Brett Kavanonun dinləmələri keçirilir. Hamı respublikaçıların üstünlük təşkil etdiyi Senatda Kavanonun rahat təsdiq olunacağını gözləyirdi. Ancaq Kristin Blasi Ford adlı qadın professor onu açıq şəkildə cinsi qısnamada ittiham etdi. Ford bu hadisənin 30 il öncə, hər ikisinin gənc yaşlarında baş verdiyini iddia edir.

Sentyabrın 27-də keçirilən qeyri-adi ictimai dinləmədə Ford Senatın Məhkəmə Komitəsi qarşısında ifadə verdi. Onun ardınca ifadə verən Kavano isə ittihamları qətiyyətlə inkar etdi. Milyonlarla amerikalı televiziyada canlı yayımlanan bu dinləməni izlədi.

«Bütün bunlar birlikdə qadınların …narazılığı ətrafında siyasi mədəni hərəkat formalaşdırıb», - Sinzdak deyir.

Kavano müzakirəsi 27 il öncə Senatda baş vermiş oxşar hadisəni xatırladıb. O zaman Klarens Tomasın Ali Məhkəməyə namizədliyi Anita Hillin cinsi təcavüzə dair ittihamları ilə çətinə salınmışdı. Həmin dinləmə də ABŞ-da geniş ictimai marağa səbəb olmuşdu.

Bu hadisədən sonrakı ildə də ictimai vəzifələrə namizədliyini irəli sürən və Senata seçilən qadınların sayında ciddi artım müşahidə olunmuşdu.

Bu səbəbdən ABŞ-da 1992-ci il «Qadınlar ili» kimi tanınır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG