Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12

Fradkov münasibətlərdən məmnundur…


Mixail Fradkov: «Münasibətlərdə müsbət tendensiya özünü büruzə verir»

Mixail Fradkov: «Münasibətlərdə müsbət tendensiya özünü büruzə verir»

Son vaxtlar Rusiya-Azərbaycan arasında enerji sahəsində gərginliyin yarandığı müşahidə edilir. Azərbaycan rəhbərliyinin bəyanatlarından həqiqətən də iki ölkə arasında enerji sahəsində müəyyən gərginliyin yaşandığını hiss etmək olunur. Ancaq, dekabrın 4-də Azərbaycanda səfərdə olan və prezident İlham Əliyevlə görüşən Rusiyanın Baş naziri Mixail Fradkovun dedikləri münasibətlərdə hər hansı gərginliyin olmaması təsəvvürünü yaradır. Cənab Fradkovun sözlərinə görə, Rusiya ilə Azərbaycanın təkcə ticarət yox, həm də siyasi sahədə əməkdaşlığı məmnunluq doğurur: «Münasibətlərdə müsbət tendensiya özünü büruzə verir və bu tendensiyanı davam etdirmək lazımdır». O, bildirir ki, ölkələr arasında iqtisadi əməkdaşlıq təkcə neft-qaz sahəsilə məhdudlaşmır, digər sahələrdə də münasibətlər inkişaf edəcək.



Mütəxəssislər isə hesab edirlər ki, əslində Rusiya ilə Azərbaycan arasında xüsusilə enerji sahəsində mövcud olan gərginlik iki ölkənin münasibətlərində müsbət yox mənfi tendensiyanın təzahürüdür. Bu barədə söhbət etdiyim ekspertlərin hamısı yaranmış vəziyyətə görə Rusiyanın günahkar olduğunu deyirlər.


«Rusiya bir tərəfdən qiymətləri qaldıracağını deyir, digər tərəfdən də verdiyi enerjinin həcmini azaldacağını bəyan edir. Bu iqtisadi baxımdan məntiqli görünmür»
Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov deyir ki, hazırda Rusiyanın atdığı addımların iqtisadi maraqlardan irəli gəldiyini demək çətindir: «Rusiya bir tərəfdən qiymətləri qaldıracağını deyir, digər tərəfdən də verdiyi enerjinin həcmini azaldacağını bəyan edir. Bu iqtisadi baxımdan məntiqli görünmür». Sabit Bağırovun fikrincə, Rusiya bu addımı atmaqla Azərbaycanın Gürcüstana enerji yardım etmək imkanlarını məhdudlaşdırmağa çalışır.


Ekspertlərin bir qismi isə hesab edir ki, məsələ təkcə Azərbaycanın imkanlarının məhdudlaşdırılması ilə yekunlaşmır. Bu eyni zamanda Azərbaycanın regionda aparıcı rol oynamasına qarşı çıxmaqdır. Bakının bir sıra addımları və bəyanatları Moskvanı qıcıqlandırdığı üçün lazım bildiyi anda bunun əvəzini çıxır. Bu cür məqamlardan biri də Gürcüstan amilidir. Moskva Gürcüstanda enerji böhranı yaratmağa çalışdığı vaxt Azərbaycanın Gürcüstanı darda qoymayacağını bəyan etməsi münasibətlərə təsirini göstərməli idi.


İqtisadçı ekspert Azər Mehdiyev isə deyir ki, Rusiyanın bunu Azərbaycana bağışlamayacağı əvvəlcədən gözlənilən idi: «Rusiya Gürcüstanda enerji problemi yaradıb orada vəziyyəti gərginləşdirmək istəyirdi. Azərbaycan isə bu addımın təsirini azalda biləcək istiqamətdə addımlar atdı. Təbii ki, Rusiya buna reaksiya verməli idi. Bu gün həmin reaksiyanın təsirini görürük». Azər Mehdiyev əlavə edir ki, hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmaq məsələsi var. Rusiya da bu təşkilata daxil olmaq ərəfəsindədir. Əgər Rusiya əvvəl təşkilata üzv olarsa, onda onun Azərbaycanın üzvlüyünə problem yaratmaq imkanı olacaq.


Ekspertlər bildirirlər ki, məsələ Gürcüstanla da yekunlaşmır. Ümumiyyətlə, son vaxtlar Rusiya MDB məkanında öz mövqelərini möhkəmlətmək və həmçinin qarşıdan gələn dövrdə Azərbaycana təsir imkanlarını saxlamaq üçün təzyiq siyasətinə başlayıb.


Bundan ötrü onun təsir vasitələri də çox genişdir. Rusiya ərazisində işləyən azərbaycanlılara təzyiqlər də bu vasitələrdəndir.


Politoloq Mübariz Qurbanlı isə hesab edir ki, Azərbaycan bu təzyiqlərə davam gətirmək imkanındadır. Əgər proses belə davam etsə, Azərbaycanın iqtisadi siyasəti elə qurulub ki, vəziyyəti öz xeyrinə dəyişmək imkanları var.


Günün bütün mövzuları

XS
SM
MD
LG