Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

Azərbaycana Rusiyadan əks miqrasiya başlayarsa…


Volqoqrad vilayətində çalışan qeyri-leqal tacik miqrantları, 20 may 2005
Volqoqrad vilayətində çalışan qeyri-leqal tacik miqrantları, 20 may 2005
Prezident İlham Əliyevin sərəncamı ilə Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli ilə bağlı dövlət komissiyası yaradılıb. Rusiyada yaşayan azərbaycanlılar da yeni yaradılmış komissiyanın bu ölkədə hansı iş görə biləcəyi sualına cavab tapmaq istəyirlər.

Moskvada Azərbaycan dilində çıxan «Millətin səsi» qəzetinin baş redaktoru Aqil Alışov deyir ki, hökumətin onların problemlərini həll etmək istəyini müsbət qarşılasalar da problemin həlliylə bağlı komissiyanın necə addım atacağı qeyri-müəyyəndir. Aqil Alışov deyir ki, əslində azərbaycanlılarda belə bədgümanlığa səbəb onların Rusiyada pozulan hüquqlarının indiyə qədər elə də ciddi qorunmaması ilə bağlıdır. Bu baxımdan da indi Rusiyadakı sahibkarlar, xırda ticarətlə məşğul olanlar hüquq mühafizə orqanları ilə, Miqrasiya Xidmətinin əməkdaşları ilə özləri dil tapmağa çalışırlar.
«Yeni miqrasiya qaydalarının gələn ildən tətbiq olunacağına və aprel ayına qədər davam edəcəyinə baxmayaraq, Rusiya hüquq mühafizə orqanları indidən azərbaycanlıların sıx olduğu ayrı-ayrı bazarlarda reydlər keçirirlər»
Bundan başqa, azərbaycanlılar problemlərini həm də əmlaklarını, ticarət obyektlərini yerli rusların adına sənədləşdirmək və ya bazarlarda bilavasitə alver işini, piştaxta arxasında dayanmaq işini yerli sakinlərə həvalə etməklə həll eləməyə çalışırlar. Bir növ bazarlarda az-az görünməklə mövcud problemlərdən yayınmağa çalışırlar.

Amma, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri Şakir Səlimov hesab edir ki, elə mövcud vəziyyət Azərbaycan hökumətini narahat etdiyi üçün belə bir komissiya yaradılıb. Bu Komissiya problemi Rusiya hökumətiylə birgə araşdıracaq. Şakir Səlimov deyir ki, hökuməti narahat edən əsas məsələ odur ki, Gürcüstan vətəndaşlarına tətbiq edilən sərt qaydalar azərbaycanlılara tətbiq olunmasın. «Millətin Səsi» qəzetinin baş redaktoru Aqil Alışov bildirir ki, yeni miqrasiya qaydalarının gələn ildən tətbiq olunacağına və bunun mərhələ-mərhələ aprel ayına qədər davam edəcəyinə baxmayaraq yerli hüquq mühafizə orqanları indidən azərbaycanlıların sıx olduğu ayrı-ayrı bazarlarda reydlər keçirib onlardan iş haqqında icazə sənədlərini tələb edirlər. Aqil Alışovun fikrincə, azərbaycanlıların vəziyyəti bir qədər əvvəl Rusiyadan çıxarılan gürcülərin vəziyyətilə eyni deyil, amma, hadisələrin gedişi müsbət bir şey də vəd eləmir.


Dövlət Komitəsinin rəsmisi Şakir Səlimov məsələnin dekabrın 4-də Rusiyanın baş naziri Mixail Fradkovun Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu olacağını söyləyir. Xaricdə yaşayan azərbaycanlılarla bağlı araşdırmalar aparan «Yurddaş» Partiyasının sədri Mais Səfərli də hesab edir ki, yeni yaradılan komissiyanın Rusiya hökumətilə aparacağı danışıqlardan sonra azərbaycanlılarla bağlı yaranan problem həllini tapacaq. Onun fikrincə komissiyanın araşdıracağı məsələlər istənilən qədərdir: Rusiyada ticarətlə məşğul olan azərbaycanlıların qeydiyyat məsələsindən tutmuş onların, təhsil almaq, tibbi xidmət göstərilməsilə bağlı xeyli hüquqları həll olunmalıdır.


Politoloq Vəfa Quluzadə isə hesab edir ki, əslində Rusiyanı azərbaycanlı miqrantlardan çox Azərbaycanın Qərbə meyllənməsi, NATO-ya meyllənməsi narahat edir. Rusiya bunu istəmədiyindən Azərbaycana bu kimi təzyiq rıçaqlarından istifadə edir.


«Əslində Rusiyanı azərbaycanlı miqrantlardan çox Azərbaycanın Qərbə meyllənməsi, NATO-ya meyllənməsi narahat edir. Rusiya bunu istəmədiyindən Azərbaycana bu kimi təzyiq rıçaqlarından istifadə edir»
Belə olan təqdirdə, Azərbaycana Rusiyadan əks miqrasiya başlaya bilərmi? Məsələnin bir qədər dərinliyinə gedəndə məlum olur ki, elə problemin kökündə olan ən ciddi narahatlıq əks miqrasiya ilə bağlıdır. Misal üçün Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, Rusiyada ticarətlə məşğul olan azərbaycanlı orta hesabla hər ay Azərbaycandakı ailəsinə 150-170 dollar pul göndərir. Əgər azərbaycanlıların Rusiyadan çıxarılmasına başlanarsa bu, həm Azərbaycanda siyasi sabitliyin pozulmasına, həm də ölkəyə gələn valyutanın xeyli azalmasına səbəb ola bilər. Bundan başqa, cənab Əliyev düşünür ki, belə bir addım heç xeyli işçi qüvvəsinə ehtiyacı olan Rusiya üçün də müsbət nə isə vəd etmir.


Moskvada işləyən jurnalist Aqil Alışov isə deyir ki, Rusiya bazarlarında ticarətlə məşğul olan xeyli adam artıq Azərbaycana qayıtmağa hazırlaşır.


Aqil Alışovdan fərqli olaraq «Yurddaş» Partiyasının sədri Mais Səfərli hesab edir ki, o, azərbaycanlıların Rusiyadan kütləvi halda çıxacaqlarına inanmır və hesab edir ki, yeni yaradılan komissiya bunun qarşısını alacaq. Amma, belə bir hal olarsa belə cənab Səfərli burda narahatlığa əsas görmür. O hesab edir ki, son vaxtlar Azərbaycanda açılan yeni iş yerləri həmin adamları qəbul etməyə tam hazırdır.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Şakir Səlimov də deyir ki, elə komissiyanın yaradılmasında da məqsəd odur ki, hadisələr azərbaycanlıların Rusiyadan çıxarılmasıyla nəticələnməsin. Şakir Səlimovun dediyinə görə, hazırda komissiyada bu məsələlərin həlliylə bağlı plan üzərində iş aparılır və nəticələr haqqında yaxın vaxtlarda məlumat veriləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG