Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:46

«Vəkil»i dələduzluqda ittiham edir


Foto: Arxiv
Foto: Arxiv
-
«Başa düşə bilmirəm, necə olur ki, axtarışda olan adam şəhərin mərkəzində vəkil məsləhətxanası işlədir, əyninə vəkil mantiyası geyinir, cibində Vəkillər Kollegiyasının vəsiqəsini gəzdirir, məhkəmə sədrlərinin otağına girib-çıxır, bu adama «gözün üstə qaşın var» deyən olmur».

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən Sumqayıt şəhər sakini Nəcibə Hüseynovanın adını çəkdiyi şəxsi şərti təqdim edəcəyik. Hazırda həbsdə olan həmin şəxsin təqsirsizlik prezumpsiyasını pozmamaq üçün.

ƏLDƏN-ƏLƏ GƏZƏN 11 MİN DOLLAR

Sumqayıt şəhərində yaşayan Nəcibə Hüseynovun problemləri ondan başlayıb ki, mənzil almaq üçün bir tanışına verdiyi 11 min dolları geri almaqdan ötrü vəkil köməyinə ehtiyac duyub. Sumqayıtdan Bakıya gələrək vəkil soraqlaya-soraqlaya «5 mərtəbə» yaxınlığındakı bir vəkil məsləhətxanasına girib. Vəkil xidmətinə ehtiyacı olduğunu bildirəndə, özünü vəkil kimi təqdim etmiş Z.S. ona müqavilə bağlamağı təklif edib. Elə oradaca müqavilə bağlanıb, müştəri tərəfindən Z.S.-ya 300 manat ödənilib. Gerisini şikayətçi danışır:

«Bizimlə Sumqayıta gəldi, Sumqayıt şəhər Məhkəməsinin sədrinin yanına getdik. Vəziyyəti ona danışdıq, o da məsləhət gördü ki, ərizə yazaq. Evə qayıdandan sonra məndən pulu almış adama zəng vurub xəbərdarlıq etdim ki, onun barəsində məhkəməyə şikayət ərizəsi verməyə hazırlaşıram. O da iki gün möhlət istədi, iki günün tamamında – bu il fevral ayının 2-də pulumu tam qaytardı».

«DEDİ, ƏŞYALARINIZI YIĞIN, KÖÇÜRSÜNÜZ»

Nəcibə Hüseynova deyir ki, 11 min dolları pul kisəsində heç bircə saat saxlaya bilməyib:

«Dedi ki, Sumqayıt şəhər İcra Hakimiyyətində işləyənlərlə yaxşı əlaqələrim var, mənzil almaqda yardım edə bilərlər. 11 min dolları aldı ki, icra hakimiyyətindəki tanışları ilə danışıb əlillər üçün tikilən binalardan birindən bizə bu pulla ikiotaqlı ev düzəldəcək. Fevralın 28-də zəng vurdu ki, təbrik edirəm, ev məsələniz düzəldi, order məndədir, yoldayam, gəlirəm. Əşyalarınızı yığışdırın, təzə evə köçürsünüz. Soruşdum ki, ev hansı tərəfdədir, hansı binadadır, dedi, gəlib ətraflı başa salaram. Axşama kimi gözlədik, gəlib çıxmadı, telefonuna nə qədər zəng vurduqsa, zəng çatmadı. Səhər Sumqayıt şəhər Polis İdarəsinə getdik, orda araşdırıb dedilər ki, bu adam sizdən əvvəl də çoxlarını aldadıb, dələduzluq maddəsi ilə axtarışdadır».

GÖZLƏRİ «VƏKİL» YOLUNDA QALAN MÜŞTƏRİLƏR

Nəcibə Hüseynova «bəlkə qarşılaşdıq» ümidi ilə bir neçə dəfə Bakıya – onu aldatmış «vəkilin» ofisinə də gəlib. Amma sonuncu gəlişində görüb ki, «Qış parkı»na qurban gedən başqa evlər kimi, ofis də yerində yoxdur:
Orxan Mansurzadə
Orxan Mansurzadə

«Ancaq ondan əvvəl ofisə gedəndə qarşısında adamlar görürdüm. Onlar da mənim «vəkilimin» aldadılmış başqa müştəriləri idilər. Hər gün gəlib ofisin qarşısında dayanıb onu gözləyirdilər».

«HƏMİN ŞƏXS HƏBS OLUNUB»

Nəcibə Hüseynova «vəkilini» tapa bilməsə də, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadədən «Qaynar xətt»ə xəbər var:

«Həqiqətən adıçəkilən şəxs bu günlərdə polis tərəfindən tutulub. Nəcibə Hüseynova onun tərəfindən aldadılması barədə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edib. Hazırda məsələ ilə əlaqədar İdarədə müvafiq araşdırma da aparılır».

Araşdırma davam etdiyinə görə Orxan Mansurzadə bu barədə əlavə məlumat verməyib.
XS
SM
MD
LG