Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:32

Müstəntiqin həbsində antikorrupsiya şousu?


Xəqani Tağıyev
Xəqani Tağıyev
-

«Qaynar xətt»ə üz tutan Xəqani Tağıyev Baş Prokurorluğun əməkdaşı olmuş və antikorrupsiya əməliyyatları zamanı həbs edilmiş oğlu İqbal Tağıyevin günahsız olduğunu isbatlamağa çalışır.

İqbal Tağıyevin sonuncu iş yeri Gəncə şəhər prokurorluğu, vəzifəsi isə müstəntiq olub. Xəqani Tağıyev hesab edir ki, oğlunun həbsi antikorrupsiya ilə mübarizə şousunun tərkib hissəsidir.

Xəqani Tağıyev: «Oğlum Gəncə şəhərində müstəntiq işlədiyi dövrdə apardığı bir cinayət işinə görə həbs olunub. Onu iştirak etmədiyi bir cinayətə görə tutublar. Halbuki, həmin cinayət işinin istintaqı qısa bir müddətdə oğlum tərəfindən yekunlaşdırılaraq, məhkəmə baxışına göndərilmişdi. Məhkəmə də onun təqsirləndirdiyi şəxslərdən birinə 12, o digərinə 14 illik həbs cəzası kəsmişdi».

Ata oğlunun təqsirinin sübuta yetirilmədiyini bildirir.

23 MİN DOLLARLIQ SÖVDƏLƏŞMƏ?

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində İqbal Tağıyevin məhkəməsi keçirilir. O, bir ölüm hadisəsinin araşdırılmasında qanunsuzluğa yol verməkdə təqsirləndirilir.

Arxiv foto
Arxiv foto
Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibovla Gəncə şəhər Prokurorluğunun müstəntiqi İqbal Tağıyev bir il əvvəl Bakı sakini Tatyana Moiseyevanın şikayəti əsasında saxlanıblar. O, şikayət edib ki, əri Eldəniz Əliyevin tutulduğu cinayət işi üzrə istintaq dövründə azadlığa buraxılması üçün müstəntiqlər onlardan aldıqları pulu geri qaytarmırlar.

Baş Prokurorluq bildirir ki, xidməti araşdırma zamanı İlqar Məmmədovun qəsdən öldürülməsi ilə əlaqədar cinayət işinin istintaqını aparan İqbal Tağıyevin qanunsuzluqlara yol verdiyi müəyyən edilib.

O, şübhəli şəxs kimi tutulmuş Eldəniz Əliyevin 23 min ABŞ dolları müqabilində cinayət məsuliyyətindən azad edilməsi üçün sövdələşməyə girib. Daşkəsən rayon prokurorunun köməkçisi Cavanşir Nəsibov və həmin rayon sakini Elnur Əmrahovun vasitəçiliyi ilə Eldəniz Əliyevin atası Bayram Əliyevlə razılaşaraq, ondan 23 min ABŞ dolları məbləğində pulu alıb. Bundan sonra Eldəniz Əliyevi cinayətdə iştirak etməsinin təsdiqini tapmamasını əsas gətirərək azad edib.

ANTİKORRUPSİYANIN ŞOUSU

Lakin mərhum İlqar Məmmədovun qohumları şikayət edərək Eldəniz Əliyevin azadlığa buraxılmasına etirazlarını bildiriblər. Buna görə İqbal Tağıyev aldığı 23 min ABŞ dollarını Cavanşir Nəsibovun vasitəsi ilə Bayram Əliyevə qaytarıb. Yalnız bundan sonra Eldəniz Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Anar Qasımlı
Anar Qasımlı
Baş prokurorun ötən il sentyabrın 23-də imzaladığı əmrlə İqbal Tağıyevə və Eldəniz Nəsibova qarşı dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

Xəqani Tağıyev: «Tatyana Moiseyeva 5 il əvvəl Baş Prokurorluğa ailələrinin başına gələn işlə bağlı ərizə ilə müraciət edib. Oğlum da müstəntiq kimi onu dindirib. Oğlum həbs olunandan sonra da oğlumun işi ilə bağlı verdiyi ifadəsində oğlumu müstəntiq kimi tanıdığını, aralarında hər hansı sövdələşmə olmadığını bildirib. Ancaq bununla belə, oğlum hələ də həbsdə saxlanılır».

İqbal Tağıyevin vəkili Anar Qasımlı müvəkkilini antikorrupsiya şousunun qurbanı adlandırır:

«İşin içərisində olan vəkil kimi mənə bəlli olan budur ki, başqa prokurorluq işçilərindən fərqli olaraq, İqbal Tağıyevin arxasında dayananı olmadığına görə, onu antikorrupsiya şousunun qurbanına çeviriblər. Hazırda keçirilən məhkəmə də bu şounun davamıdır. İqbal Tağıyevin pul aldığı bildirilən adamların heç biri bunu təsdiqləmir».

Vəkil qanunun verdiyi bütün imkanlardan istifadə edərək, İqbal Tağıyevə bəraət hökmü çıxarılmasına çalışacağını deyir.
XS
SM
MD
LG