Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:38

BTC- nin inşası zamanı bəzi tarixi abidələr məhv edilib


Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası

Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası

Son 50 ildə Azərbaycanda ikinci dəfə iri miqyaslı arxeoloji qazıntı işləri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri çəkilərkən aparıldı. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qoşqar Qoşqarlı deyir ki, ötən əsrin 40-50-ci illərində Mingəçevir Su Elektrik Stansiyasının inşası zamanı üzə çıxan tapıntılar Qafqaz tarixi üçün inqilab yaradıb, BTC boyunca tapılan qədim əşyalar isə yeni səhifə açıb.


Cənab Qoşqarlı bildirir ki, onlar BTC dəhlizindən çıxan tapıntıların hamısını tədqiqata cəlb ediblər. Qazıntılar zamanı daha çox kurqanlar və küp qəbirlər tapılıb ki, bu da Azərbaycanın qədim sakinlərinin yaşayışı, həyat tərzi və dini inancları barədə əlavə məlumatlar verir.


Cənubi Qafqazın tarixi üçün maraq kəsb edən faktlar isə, Ağstafa ərazisində tapılıb. Arxeoloq deyir ki, bu tapıntılar qədim İraq ərazisindən - Mesopatomiyadan bəzi tayfaların Azərbaycana köçüb gəlməsiylə bağlı mübahisələrə aydınlıq gətirib: «Qarabağda belə bir tapıntı tapılmışdı, onu tapan arxeoloq deyirdi ki, qədim dövrlərdə İraqdan Azərbaycana tayfalar gəlib, amma buna o qədər inanmırdılar. İndi bizim tapdığımız abidələr bu fikri sübuta yetirir».


BTC boyunca 36 abidə tədqiqata cəlb edilib. Qoşqar Qoşqarlı onların hamısını qiymətli tapıntı sayır və deyir ki, hazırda arxeoloqlar bu abidələri öyrənirlər. Bəzilərinin müasir üsullarla tədqiqinə isə, London və ABŞ laboratoriyalarında kömək göstərilib.


Qazıntı zamanı monitorinq qrupunda təmsil olunmuş Gəncə Dövlət Tarix - Mədəniyyət Qoruğunun direktoru Səyyaf Paşayev isə, hesab edir ki, aparılan qazıntı işləri təkcə Azərbaycan tarixinə yeniliklər gətirmədi, həm də ölkə arxeologiyasına təkan verdi. Belə ki, 15 ildən çox qazıntı işlərindən uzaq düşmüş arxeoloqlar yenə dağa-daşa düşdülər, həm də bu sənəti seçən gənc arxeoloqlar yaxşı maaşla işə cəlb edildilər.


Cənab Paşayev deyir ki, qazıntı zamanı ehtiyatsızlıqdan bəzi abidələr məhv edilib. Məsələn, Tovuz çay hövzəsində qazıntı zamanı podratçı şirkətin işçiləri işarə qoymağı unutduğundan qədim qəbiristanlıq məhv oldu ki, sonradan arxeoloqlar onu bərpa edə bilmədilər.


BTC-nin baş operatoru «bp-Azərbaycan» şirkətinin mətbuat meneceri Tamam Bayatlı isə, qazıntılar zamanı üzə çıxan bütün abidələrin arxeoloqlara verildiyini deyir. Onun sözlərinə görə, diqqət çəkən nə olubsa, hamısı tədqiqata cəlb edilib.


Ancaq arxeoloq Qoşqar Qoşqarlı belə fikirləşmir. O, deyir ki, şirkətlə bağlanan müqaviləyə əsasən, arxeoloqlar yalnız kəmər dəhlizində işləməliymişlər: «Yaşayış məskəni görürdük, amma oranı qaza bilmirdik».


Həm də əlavə qazıntılar üçün vəsait olmayıb. Cənab Qoşqarlı bildirir ki, hökumət arxeoloji qazıntılar üçün vəsait ayırmır. Halbuki Azərbaycanda öyrənməli, tədqiq edilməli şəhərlər, bölgələr çoxdur.


«Kaş kəmər qədim Gəncə xarabalığının yaxınlığından keçəydi, onda burda da arxeoloji qazıntı apara bilərdik» deyən Səyyaf Paşayevin sözlərinə görəsə, o, BTC boyunca Gəncəbasar bölgəsində tapılmış abidələrdən muzey yaradılmasını təklif edib. Qoşqar Qoşqarlı isə, deyir ki, tapılmış abidələri ölkə muzeylərinə verəcəklər.


Arxeoloji araşdırmalar təkcə Azərbaycanda yox, kəmərin Gürcüstan və Türkiyədən keçən hissəsində də aparılıb.


«bp-Azərbaycan» şirkətinin mətbuat meneceri Tamam Bayatlı deyir ki, tədqiqat yekunlaşandan sonra kitab çap edilməsi nəzərdə tutulur. Hər üç ölkənin arxeoloqlarının iştirakıyla elmi simpoziumun da keçirilməsi istisna edilmir.


O ki qaldı hökumətin arxeoloji qazıntılar üçün vəsait ayırmamasına, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli deyir ki, əgər maliyyə ilə bağlı problem varsa, onda Milli Elmlər Akademiyasının Rəyasət Heyəti növbəti ilin büdcəsinin artırılması üçün hökumət qarşısında məsələ qaldırmalıdır. Tamam Bayatlı isə, bildirir ki, onlar sosial yönümlü layihələr üçün müsabiqə elan ediblər və arxeoloqlar da bu müsabiqədə iştirak edə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG