Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Neft-qaz kəmərlərinin təhlükəsizliyi problemi aktuallaşır


BTC kəməri -- Səngəçal terminalının açılışı, may 2005

BTC kəməri -- Səngəçal terminalının açılışı, may 2005

Ekspertlər arasında bunu cari təhlükəsizlik tədbiri kimi qiymətləndirənlər də var, onu İran ətrafında baş verən hadisələrlə əlaqələndirənlər də


Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının sədr müavini, YAP-dan olan millət vəkili Aydın Mirzəzadə deyir ki, təhlükəsizlik mövzusunun aktuallaşması BTC-nin işə düşmək ərəfəsində olması ilə bağlıdır. O, yada salır ki, kəmərin təhlükəsizliyi ilə bağlı hələ mərhum prezident Heydər Əliyevin vaxtında Azərbaycan, ABŞ, Türkiyə və Gürcüstan arasında saziş imzalanmışdı. Ancaq belə görünür ki, indi həmin sazişin təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda son dövrlər bu kəməri təhlükə altına alan bir sıra bəyanatların səslənməsi də öz təsirini göstərir:


«İranın bununla bağlı bir dəfə heç bir diplomatik normalara sığmayan bəyanatı olmuşdu. Ermənistan rəsmiləri də vaxtaşırı müharibə başlayacağı təqdirdə neft kəmərinə zərbə vuracaqlarını bildirmişdilər. Dünya bu gün neft ehtiyatlarından çox asılıdır və sivil Avropa belə məsuliyyətsiz bəyanatlara biganə qala bilməz. Bu baxımdan belə tədbirlərə ehtiyac var».


Milli təhlükəsizlik nazirinin keçmiş müavini, «Müsavat» partiyası başqanının müavini Sülhəddin Əkbər isə deyir ki, BTC-nin təhlükəsizliyinin məsələsinin aktuallaşmasının həm ümumi, həm də konkret səbəbi var. Ümumi səbəb plan üzrə BTC-nin təhlükəsizliyi ilə məşğul olma dövrünün artıq yetişməsidir. Konkret səbəb isə İran ətrafında cərəyan edən hadisələrdir. Sülhəddin Əkbərin məlumatına görə, Azərbaycan tərəfi kəmərin mühafizəsini öz üzərinə götürmək istəyirdi. Bundan ötrü 1000-ə qədər canlı qüvvə də hazırlanmışdı. Amma İranın nüvə proqramı ilə bağlı böhranın dərinləşməsi vəziyyəti dəyişib:


«İran tərəfindən təhdidlərin səslənməsi Qərbi, ABŞ-ı narahat edir. Ona görə də həm ABŞ, həm də NATO dairələrində artıq bir müddətdir ki, bu məsələ Azərbaycan rəhbərliyi qarşısında qaldırılırdı. Çünki Azərbaycanın bu kəmərin mühafizəsini öz üzərinə götürmək imkanı yoxdur. Bu isə ABŞ-ı və NATO-nu ciddi düşündürür».


Sülhəddin Əkbər hesab edir ki, ümumilikdə terror təhlükəsi mövcuddur. Azərbaycanın isə öz ərazisindən keçən kəmərləri təkbaşına mühafizə etmək imkanında olmaması bu işi ABŞ-ın və ya NATO-nun öz üzərinə götürməsinə gətirib çıxaracaq.


Ekspertlərin bəziləri isə məsələyə daha qlobal yanaşmanın tərəfdarıdırlar. Politoloq Rövşən Novruzoğlu deyir ki, təhlükəsizlik probleminin aktuallaşmasını təkcə kəmərlərlə və ya İran ətrafında baş verən hadisələrlə bağlamaq düz deyil. Mövcud situasiyada ümumən Azərbaycana terror təhlükəsi var. Yəni, söhbət təkcə hansısa layihənin yox, Azərbaycanın terrordan qorunmasından gedir:


«Söhbət təkcə BTC-dən yox, ümumiyyətlə, Azərbaycanın yanacaq ehtiyatlarının qorunmasından gedir. Azərbaycanın terrorla üzləşmək təhlükəsi var. Son zamanlar İsraildə, Misirdə baş verən hadisələr bunu deməyə əsas verir. Rusiyada kiçik bombaların partladılması ehtimalı var».


Rövşən Novruzoğlu əlavə edir ki, bütün bu təhlükələrdən qorunmaqda Azərbaycanın hazırlığı qənaətbəxş deyil. BTC-nin yanında kimlərsə dayanıb nəzarət edə bilərlər. Ancaq terrorla effektli mübarizə üçün ölkənin ciddi kadr potensialı, informasiya mərkəzləri olmalıdır.


Ekspertlərin bir qismi isə hesab edirlər ki, təhlükəsizlik məsələsi qəsdən – çaşqınlıq məqsədilə gündəmə gətirilib. Əslində isə layihələrin qorunması istiqamətində tədbirlər, təlimlər həmişə olub və burada qeyri-adi bir şey yoxdur. Çünki BTC ilə bağlı müqavilədə də təhlükəsizliyin təminatı kəmərin keçdiyi ölkənin öz üzərinə qoyulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG