Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

«BTC» bahalaşmaqda davam edir


Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunur
Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunur
«bp-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord: «Layihənin istismara verilmə tarixinin uzanması əsaslı xərcləri artırır»

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin qiyməti yenə bahalaşdı. Azərbaycan neftini dünya bazarlarına çıxaracaq kəmərin qiyməti indi təxminən 4 milyard dollardır. Bu, layihəyə başlanan zaman elan olunan rəqəmdən 30 faiz, yəni, təxminən 1 milyard dollar çoxdur. Bu barədə layihənin operatoru olan «bp-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord bildirib: «Xərclərin artması bir tərəfdən, kəmərə doldurulacaq neftin baha başa gələcəyi ilə bağlıdı, çünki dünya bazarlarında neftin qiyməti qalxıb. Bundan başqa, layihənin istismara verilmə tarixinin uzanması əsaslı xərcləri artırır. Bir də ki, kəməri tikən bəzi podratçılar maliyyə iddiaları ilə çıxış ediblər».

Sonuncu dəfə layihənin 3,6 milyard dollara qədər bahalaşdığı bildirilirdi.


Maliyyə iddiaları ilə çıxış edən kəmərin Türkiyə hissəsini inşa edən «BOTAŞ» şirkətidi. Şirkət tikintinin əvvəl planlaşdırılandan baha başa gəldiyini bildirir. Devid Vudvord deyir ki, hazırda problemin yoluna qoyulması üçün «BOTAŞ»la danışıqlar aparılır.


Kəmərin Türkiyə hissəsindəki tikinti işlərinin gedişinə gəldikdə isə, Devid Vudvord bildirir ki, kəmərə vurulan neft bu yaxınlarda Türkiyə ərazisindəki üçüncü nasos stansiyasından dördüncü nasos stansiyasına tərəf nəql edilməyə başlanıb.


Bakı-Tbilisi-Ceyhan kəmərinin tam işə düşməsi və ilk neftin Ceyhan limanından yola salınması müddətinin də uzanacağı istisna deyil. Devid Vudvordun verdiyi məlumata görə, Ceyhandan ilk tanker bu ilin ikinci rübünün - iyunun axırınacan yola salınacaq. Halbuki bundan əvvəl ilk tankerin yola salınma vaxtı kimi may ayı elan olunmuşdu. Ümumilikdə isə kəmərin tam işə düşməsi il yarımdan çoxdu ləngiyir.


Bu il xarici şirkətlərin Xəzərdəki yataqlardan çıxarıb Azərbaycana verəcəyi qazın həcmi isə hökumətin istədiyi qədər olmaya da bilər. Devid Vudvord deyir ki, hökumət 3 milyard kubmetr qaz istəsə də, onların imkanı təxminən bunun yarısına, yəni 1,4 milyard kubmetrə çatır. Və indi danışıqlar aparılır ki, hökumətin istədiyi həcmdə qazı əldə etmək üçün hansı işləri görmək olar.


Azərbaycan hökumətinin təmsilçiləri bir müddət əvvəl bildirmişdilər ki, əhalinin qaza olan tələbatını ödəmək üçün Rusiyadan alınan qazın həcmi azaldıla bilər, çünki Azərbaycanın öz yataqlarından 3 milyard kubmetr əlavə qazın çıxarılması gözlənilir.


XS
SM
MD
LG