Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

«BP» rəsmisi: «İrandakı hadisələr inkişaf edərsə, BTC hədəfə çevrilə bilər»


BTC-nin inşası

BTC-nin inşası

«BP» şirkətinin təhlükəsizlik şöbəsinin rəhbəri Lin Koks hesab edir ki, İrandakı hadisələr inkişaf edərsə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri hədəfə çevrilə bilər. Mayın 1-də «Boru kəmərlərində terror aktlarının qarşısının alınması» mövzusunda keçirilən konfransda cənab Koks əlavə edib ki, kəmərin istənilən böhranlı vəziyyətdə qorunması üçün bütün tədbirlər görülüb: «Böhran şəraitində yarana biləcək təhlükələrlə bağlı bütün hazırlıq işləri görülüb. Biz böhranın idarə edilməsi şəraitində planlaşdırma qrupuna böyük ümid bəsləyirik».


Azərbaycanın Xüsusi Dövlət Mühafizə İdarəsinin nəzdindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin rəisi Tariyel Nəsirov da BTC-nin ən azı metr yarım torpağın altında olduğunu, hər mərminin onu partlada bilməyəcəyini, Azərbaycanın güc strukturlarının da bu kəmərin təhlükəsizliyini qoruduğunu söyləyib.


Tariyel Nəsirovun sözlərinə görə, Səngəçal terminalı, Bakı-Supsa, Bakı-Novorosiysk və nəhayət Bakı-Tbilisi-Ceyhan İxrac Boru kəmərlərinin Azərbaycandan keçən hissəsi mühafizə altındadır. Mühafizəni 800 nəfər həyata keçirir və bu məqsədlə 8 regional şöbə yaradılıb. Döyüş xidmətinin keyfiyyətinin yüksəldilməsi və patrulların hərəkət intnesivliyini artırmaq məqsədilə 9-cu şöbə də yaradılmaqdadır. Bundan başqa, əməkdaşların böyük əksəriyyəti təlimdən keçib. «BP» şirkətinin təhlükəsizlik şöbəsinin rəhbəri Lin Koks isə bildirib ki, təlimlərin əsasını böhranlar zamanı insanların qorunması və insan hüquqlarına hörmət təşkil edir.


Təlimləri keçirən «Equity International» şirkətinin böhranlı anların idarə olunması üzrə eksperti Maykl Ufman isə kəmər üçün təhlükə törədə biləcək səbəblərdən danışıb: «Enerji kəmərlərinə gözlənilən risklər müxtəlifdir. Birinci yerdə təbii fəlakətlər gəlir. Bura zəlzələ, güclü külək kimi təbiət hadisələri, yanğınlar və texnogen qəzalar daxildir. İkinci təhlükə beynəlxalq terrorizmlə bağlıdır. Azərbaycan qeyri-sabit regionların əhatəsindədir. Bura Şimali Osetiya, Dağıstan, Çeçenistan, Ermənistan daxildir. Bundan başqa, İran problemi də var. Bu haqda daha çox mətbuat yazır. İrandakı problem inkişaf edərsə, Bakı-Tbilisi-Ceyhan hədəfə çevrilə bilər. Daha bir təhlükə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır».


İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin zabiti Ceyhun Qəmərliyə görəsə, Bakı-Tbilisi-Ceyhana qarşı iki halda terror törədilə bilər. Azərbaycanın iqtisadi maraqlarına zərbə vurmaq və ya Qərb ölkələrində enerji böhranı yaratmaq niyyəti ilə. Cənab Qəmərli riskli hallarda İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin və «BP»nin hesabına təhlükəni dəf etməyin mümkün olduğunu bildirib. Amma əlavə edib ki, bu yetərli olmazsa beynəlxalq aləmdən yardım istəmək də olar.


Konfrans mayın 3-dək davam edəcək.


XS
SM
MD
LG