Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Hərbi liseyin müəllimləri: Müəllimi kursantın əli ilə «vururlar»


Kursantların 28 May yürüşü
Kursantların 28 May yürüşü

-

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 3 ay əvvəl işdən çıxarılmış müəllimləri Zenfira və Rauf Şəfiyevlər (həm də ər-arvaddırlar) lisey rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıblar. Bu iddia əsasında Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi başlayıb.

Zenfira Şəfiyeva liseydə ingilis dili, Rauf Şəfiyev isə tarix fənnini tədris edib. Şəfiyevlər işləri ilə bu ilin fevralında vidalaşıblar. Lisey rəhbərliyinin əmrində onların əmək funksiyalarını yerinə yetirməməsi əsas göstərilib.

Onlar məhkəmədə uzun illərdir liseydə çalışdıqlarını, korrupsiya, rüşvət hallarına qarşı çıxdıqları səbəbindən işlərini itirdiklərini bildiriblər.

«BİZƏ QARŞI 37-Cİ İL AB-HAVASI VARDI»

Rauf Şəfiyev işdən çıxarılmasını məhkəmədə belə izah edib:

«Kursantların çoxu rayonlardan, kəndlərdən gəlir, valideyni, ailə üzvü xəstə olanı var və sair. Mən təklif etmişdim ki, hansısa bir norma tətbiq edilsin, kursantların ailələri ilə əlaqə saxlamaları üçün mobil telefonları əllərindən alınmasın. Ancaq zabitlər tez-tez «oblava» edirdilər, kursantların telefonlarını əllərindən alırdılar. Həmin telefonları sonradan elə telefon sahibləri olan kursantlardan pul alaraq özlərinə qaytarırdılar. Mən də bu halların qarşısının alınması üçün əlimdən gələni edirdim. Rəhbərliyə də dəfələrlə demişdim. Ancaq təkcə bu deyildi. Mənim və Zenfira xanımın fəaliyyəti tədris işləri üzrə rəis olmuş Ələkbər Ələkbərovun siyasətinə uyğun olmadığına görə bizi məktəbdən uzaqlaşdırmaq üçün hər yola əl atırdılar. Bir sözlə, bizə qarşı məktəbdə əsl 37-ci il ab-havası vardı. Addımbaşı şər, böhtan... Bunların nəticəsidir ki, mən xəstəxanaya düşdüm».

«VAHİD ƏLİYEV DİNLƏDİ, BEYDULLAYEV YOXLAMA GÖNDƏRDİ»

Rauf Şəfiyevin həyat yoldaşı Zenfira Şəfiyeva da izahatında işdən çıxarılmasına aydınlıq gətirib:

«Nə qədər ki, liseydə türkiyəli zabitlər işləyirdi, liseydə qayda-qanun, nizam-intizam vardı. 2006-cı ildə müqavilə başa çatdı və zabitlər çıxıb getdilər. Ondan sonra liseyə özbaşınalıq hakim kəsildi. Təhsil işləri üzrə rəis bizi kursantların qarşısında bostan müqəvvası yerinə qoyurdu. İmtahanlarda demək olar ki, heç bir hüququmuz yox idi. Çünki kursant pulunu verib girirdi imtahana. Mən liseydəki rüşvət, özbaşınalıq halları ilə bağlı məktublar yazmışam. Hətta 2013-cü ildə məni Prezident Administrasiyasında general Vahid Əliyev də qəbul edib dinlədi. Elə həmin il general Beydullayev liseyə yoxlama göndərdi. Bunların bütün qanunsuz əməlləri təsdiqini tapdı. İki nəfər işdən uzaqlaşdırıldı. Onlardan biri də Ələkbər Ələkbərov oldu. Onu cəbhə xəttinə atdılar».

MÜƏLLİMİ KURSANTIN ƏLİ İLƏ «VURURLAR»

Zenfira Şəfiyeva bildirib ki, sonradan Ələkbər Ələkbərov yenidən liseyə qaytarılıb, ancaq qısa müddətdən sonra yenə işdən çıxarılıb:

«Mən dəfələrlə yazmışam, yenə deyirəm. Liseydə kursantlardan hər imtahanda 8 fənnə görə 200 manatdan rüşvət yığılır. Mənim davam ona görə idi ki, bu pulu yetimdən, şəhid balasından, əlil balasından, valideyni işləməyəndən də alırdılar. Liseyin rəisi Almazova dəfələrlə yazmışdım. Son vaxtlar bircə dəyişiklik o idi ki, daha şəhid, köçkün balalarından almırdılar. Liseydə elə vəziyyət yaradılıb ki, müəllimi kursantın əli ilə «vururlar». Rəhbərliyin müəyyən şərtlər əsasında öz «ÇP» kursantları var. Onların əli ilə istənilən müəllimi şərləmək mümkündür».

Zenfira Şəfiyeva məhkəməyə bildirib ki, bütün bunlar barədə sonuncu dəfə bu il fevralın ortasında yazıb. Fevralın sonunda isə ər-arvad hər ikisi işdən azad olunub.

Lisey rəisinin hüquq məsələləri üzrə köməkçisi Elvin Rəhimov isə deyilənlərlə razılaşmayıb. O bildirib ki, Şəfiyevlər əmək funksiyalarını yerinə yetirmədikləri üçün Əmək Məcəlləsinin 70 «ç» bəndi ilə işdən azad ediliblər. Hüquqşünas bildirib ki, hər iki müəllim Hərbi Liseyin zabit və müəllimlərinə qarşı şər və böhtan xarakterli işlər görür, onların nüfuzuna zərbə vururlar. Bu, tədris prosesinin keyfiyyətinə də mənfi təsirini göstərir.

QƏRARI HƏMKARLAR BİRLİYİ QƏBUL EDİB

Elvin Rəhimov suallara cavab olaraq qeyd edib ki, liseyə yeni gəlib və ondan əvvəl liseydə baş verənlərdən xəbərsizdir. Hüquqşünasın cavablarından o da bəlli olub ki, Şəfiyevlər barəsində qərar Həmkarlar Birliyinin iclasında qəbul edilib. Şəfiyevlər isə razılaşmayıblar:

«Bizim o iclasdan niyə xəbərimiz olmayıb? Orada bizim fəaliyyətimiz müzakirə olunubsa, niyə özümüzü də dəvət etməyiblər?».

Şəfiyevlərin vəkili Elman Osmanov onların işdən çıxarılması üçün göstərilən səbəblərin hüquqi baxımdan zəif və tutarlı olmadığını deyib.

Mayın 27-də məhkəmə iclası davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG