Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:08

Məktəbdə qalmaqal: onlar «Mehriban» deyirlər- [Video]


Məktəbdə qalmaqal: onlar «Mehriban» deyirlər
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00

Məktəbdə qalmaqal: onlar "Mehriban" deyirlər

-
- Sumqayıtda yeganə məktəbdir ki, burda pul yığılmır...

- Hər yerdə fond pulu var, bir bizim məktəbdə yoxdur belə şey...

- Axırıncı müəllimlər günündə pul yığılmadığına görə, müəllimlər narazılıq edib...

- Biz Mehriban Nəcəfovadan başqa direktor istəmirik...

Noyabrın 6-da Sumqayıtdakı 24 saylı məktəb günə dərslə yox, valideynlərin narazılığı ilə başlayıb. Onlar direktor Mehriban Nəcəfovanın işdən çıxarılmasına etiraz ediblər. Buna onu əsas gətiriblər ki, Mehriban Nəcəfovanın direktorluğu dövründə rüşvətin kökü kəsilib, təhsilin səviyyəsi yüksəlib. Valideynlərin fikrincə, direktor kimlərəsə sərf etmir.

«BU MƏKTƏBDƏ UŞAQLARDAN PUL YIĞILMIRDI»

Valideyn Gülnar Balakişiyevanın sözlərinə görə, bu məktəbdə onun uşaqları da oxuyub, nəvələri də. Təhsil səviyyəsinin necə dəyişdiyini də öz gözləriylə görüb:

«Burada 3 övladım oxuyub. Məktəbdə təlim-tərbiyənin əvvəllər hansı vəziyyətdə olduğundan xəbərim var. Ancaq Mehriban müəllimə gələndən sonra təlim-tərbiyə düzəlib. O üzdən 3 nəvəmi də başqa məktəbdən çıxarıb buraya gətirmişəm».

Sumqayıtdakı 24 saylı məktəb günə dərslə yox, valideynlərin narazılığı ilə başlayıb.
Sumqayıtdakı 24 saylı məktəb günə dərslə yox, valideynlərin narazılığı ilə başlayıb.
Başqa bir valideyn – Səidə Məmmədova deyir ki, məhz bu direktor məktəbdə uşaqlardan pul yığılmasının kökünü kəsib. Onun belə işləməyi kimlərinsə yuxusunu qaçırıb:

«Hamı bilir ki, uşaqları məktəbə pulla götürürlər. Biz bu məktəbə nə uşaq qəbul olunanda, nə də bayramlarda bir qəpik pul vermişik. Hansı direktor cibindən pul qoyub ayaqqabısı olmayan uşağa ayaqqabı alır? Bundan yaxşı direktor necə olmalıdır?».

Valideynlərdən Kəmaləddin Rəhimov uşaqlarının pulsuz əlavə təhsil almasına direktorun yardımından söz açır:

«Bu gün mənim imkanın yoxdur, müəllim tutub, ona pul verəm. Valideynlər şahiddir ki, direktor evində uşaq hazırlaşdıran müəllimi çağırıb deyib ki, apar bu uşaqları pulsuz hazırlaşdır. Niyə bu cür direktoru çıxardırsınız? Ola bilsin, cənab nazirin baş verənlərdən xəbəri yoxdur».

Gürcüstan vətəndaşı olan və övladını məktəbə qoymaq üçün çox yerləri dolaşan Zahirə İsgəndərova yalnız burada ondan pul istəmədiklərini vurğulayır:
Vaqif Ələkbərov
Vaqif Ələkbərov

«Gürcüstan vətəndaşı olduğumuza görə, heç bir yerdə mənim uşağımı məktəbə götürmürdülər. Hər yerdə rüşvət istəyirdilər. Ancaq Mehriban Nəcəfova mənim uşağımı rüşvətsiz məktəbə götürdü».

SUMQAYIT ŞƏHƏR TƏHSİL ŞÖBƏSİ: DİREKTOR NÖQSANLARA GÖRƏ İŞDƏN ÇIXARILIB

Valideynlərin narazılığından soraq tutan Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov da məktəbə gəlmişdi. O, Mehriban Nəcəfovanın işindəki nöqsanlara görə və təhsil nazirinin əmri ilə işdən azad olunduğunu söyləyir:

«Uzun müddətdir kollektivdə direktorla müəllimlər arasında narazılıq yaranmışdı. Müəllimlərin də, məktəb direktorunun da şikayətini dinləmişik. Kimin hansı nöqsanı var, ona başa salmışıq. Çalışmışıq ki, münasibətlər yaxşılaşsın. Amma görünür ki, burda daha dərin məsələlər olub. Görülmüş işlərin heç bir faydası olmadığını görəndən sonra təhsil nazirinin əmri ilə məktəbin direktoru işdə yol verdiyi nöqsanlara görə işdən azad edilib. Nöqsanlar məktəbdə daxili nizam-intizamın və işgüzar iqlimin olmaması ilə bağlıdır».

Mehriban Nəcəfova öz ərizəsi ilə işdən çıxdığını deyir:
Mehriban Nəcəfova
Mehriban Nəcəfova

«Səhhətimlə bağlı işdən azad olunmağımı istədim. O yerdə ki, iş var, orada müəyyən qüsurlar var. Əmək intizamını, müəllimin hazırlıq səviyyəsini tələb etmək təhqir deyil. Deməzdim bu işin kökündə müəllimlərlə münaqişə dayanır. Onu da deməzdim ki, nöqsanlarım olmayıb, ancaq bizim məktəb cənab prezidentin sərəncamı ilə keçirilən ilin ən yaxşı məktəb müsabiqəsinin qalibi olub. Əvvəllər burada 8 sinifdə ibtidai təhsil verilirdi. İndi həmin siniflərin sayı 20-yə çatıb. Kütləvi şagird axını yaranıb məktəbimizə».

TƏHSİL NAZİRLİYİ: «İŞDƏN ÇIXMASI İLƏ BAĞLI ÖZÜ MÜRACİƏT EDİB»

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzadlıqRadiosuna Mehriban Nəcəfovanın öz xahişi ilə işdən çıxdığını bildirir:

«Mehriban Nəcəfova Təhsil Nazirliyinə 25 oktyabr 2013-cü il tarixində ərizə ilə müraciət edib. Səhhətindəki problemlə əlaqədar müalicəyə ehtiyacı olduğunu və bunun məktəb direktoru kimi vəzifə səlahiyyətlərini yerinə yetirməyə çətinlik yaratdığını göstərib. Təhsil nazirinin müvafiq əmri ilə Mehriban Nəcəfovanın ərizədə göstərdiyi səbəb nəzərə alınaraq, 25 oktyabr 2013-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib».

Sabah 24 saylı məktəbə şagirdlərin gedib-getməyəcəyi bilinmir. Valideynlər direktor işə bərpa olunmasa, övladlarını məktəbə göndərməyəcəklərini söyləyirlər. Sumqayıt şəhər təhsil şöbəsi müdir əvəzinin bu ehtimala reaksiyası belədir:

«Kim uşağını çıxardar, özü bilər»...
XS
SM
MD
LG