Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:19

B. Moloud: Azərbaycanın film çəkmək üçün zəngin potensialı var və bu potensial diqqətdən kənarda qalıb


İran Azərbaycanından olan rejissor və operator Behzad Moloud
İran Azərbaycanından olan rejissor və operator Behzad Moloud

-

"Əgər İran kinosuna diqqət yetirsəniz, görərsiniz ki, ən uğurlu filmlər müstəqil düşüncənin məhsuludur. Sifarişlə çəkilən filmlərə hökumət böyük büdcə ayıra bilər, onlar Hollywood standatrlarına uyğun çəkilə bilərlər, ama beynəlxalq səviyyədə heç bir uğur qazanmazlar".

Mənşəcə azərbaycanlı olan İran rejissoru Behzad Moloud 1975-ci ildə İran Azərbaycanının Ərdəbil şəhərində dünyaya gəlib. O hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayır və film təhsili alır. “Əkiz”, “Maral”, “Birisi gün”, “Qartal qalası”, “Tısbağanın xatirələri” və s. bədii və sənədli qısametrajlı filmərin rejissorudur. “Birisigün” və “Tısbağanın xatirələri” filmləri, təxminən, on birə yaxın beynəlxalq festivalda iştirak edib, “ən yaxşı film”, “ən yaxşı rejissor”, “ən yaxşı eksperimental film” nominasiyalarında mükafatlar qazanıb.

Behzad Moloudunun "Oxu Zalı"na müsahibəsini təqdim edirik

Behzad Moloud Amerikada "Paramount" film studiyasında
Behzad Moloud Amerikada "Paramount" film studiyasında

- Behzad bəy, lütfən “Oxu zalının” izləyicilərinə özünüzü tanıdın.

​- Mən rejissoram. Rejissorluğa 20 il öncə qısametrajlı filmlə başlamışam. İlk filmim müxtəlif festivallarda uğur qazandı. Son qısametrajlı filmim “Birisi gün” isə 2016-cı ildə Avropanın bir neçə beynəlxalq festivalında “ən yaxşı rejissor işi” nominasiyasında qalib gəlib. Bir neçə gün əvvəl isə Nyu-Yorkda keçirilən Bruklin Film festivalında “ən yaxşı eksperimental film” nominasiyasında mükafata layiq görüldü. Mən rejissorluqla paralel həm də bir neçə filmdə və seriallarda operator kimi işləmişəm. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstanda, Amerikada operator kimi işləmişəm.

- Öz filmlərinizin də operatoru özünüzsünüz?

- Bəzi filmlərdə eyni zamanda həm rejissorluq, həm də operatorluq edirəm.

- Eyni vaxtda həm kamera arxasında olmaq, həm də çəkiliş meydançasını izləmək və nəzarətdə saxlamaq çətin deyil?

Behzad Molod sənədli film çəkilişi zamanı
Behzad Molod sənədli film çəkilişi zamanı

- Bu, işi çətinləşdirir. Amma mənə ikiqat zövq verir. Filmdə rejissor və operatorun bir adam olması bəzən işə təkan verir. Məsələn, bəzi sənədli filmlərdə. Ancaq ümumilikdə yaxşı operatorum olanda təkcə rejissorluq eləməyi sevirəm.

- Filmlərinizdən qısa epizodlara baxdım – müxtəlif janrlarda işləməyə üstünlük verirsiniz. Bu nədi? Hələ axtarışdasınız, yoxsa sizə bütün janrlar maraqlıdır?

- Həmişə təcrubə eləmək istəyirəm və hər zaman öyrənməkdəyəm. Ona görə də bir mövzuya və bir janra bağlı qalmağı sevmirəm.

-İran kino məktəbi, təhsili haqqında bir az məlumatımız var - əvvəlki illərə aid. İndi orda bu sahədə vəziyyət necədi – gənclər üçün hansı imkanlar var?

- İranda böyük təcrübələr, kino təhsili verən mərkəzlər var. Həmçinin müstəqil kino mərkəzləri, sonralar onların yerini alan gənc kino mərkəzi yaradılıb. Bu müəssisələr klassik kino təhsili verən universitetlərin nəzdində deyil. Mərkəzlər son dərəcə fəaldı və çoxlu gənc və yeniyetmələr burda film çəkməyi öyrənirlər. İran kinosunda böyük rejissorların əksəriyyəti bu mərkəzlərdənçıxıblar.

- Bildiyim qədərilə Azərbaycanda da işləmisiniz. Burdakı sistemdə sizi nə qane elədi, nə eləmədi?

Behzad Molod iranlı film adamı Nizam Kiai ilə birlikdə Azərbaycanda "Qoç döyüşü" serialının çəkilişində
Behzad Molod iranlı film adamı Nizam Kiai ilə birlikdə Azərbaycanda "Qoç döyüşü" serialının çəkilişində

- Mən Azərbaycanın aşiqiyəm, onun mədəniyyəti və folkoloruyla çox maraqlanıram. Bakıda bir serialda işləmək şərəfinə nail olmuşam ki, bu da mənə kino və televiziyanın çoxlu tərəflərilə tanış olmaq imkanı yaradıb. Azərbaycanın film çəkmək üçün zəngin və dəyərli potensialı var. Məncə, bu potensial diqqətdən kənarda qalıb. Azərbaycanda gənc və maraqlı nəslin təlim və təcrübəyə ehtiyacı var ki, Azərbaycan kinosunu böyük mədəniyyət həddində təqdim edə bilsinlər.

- Sizcə, İran filmlərinin dünyaya çıxması, inkişafı nə ilə bağlıdır: hökumətin dəstəyi, yoxsa ayrı-ayrı fərdlərin zəhməti ilə? Senzura kinonun inkişafına necə təsir edir?

- İnkişaf etmiş ölkələrdə mədəniyyət və incəsənətin yaradıcısı xalqdır. Hökumətin bu inkişafdakı rolu onu qorumaq və dəstək verməkdir. Amma hökumətin hər şeyi nəzarətdə saxlamağa çalışdığı ölkələrdə onun rolu təkcə nəzarətdən ibarətdir. Belə ölkələrdə bütün vasitələr, hökumətin mövqeyini gücləndirmək üçün çəkilən sifarişli filmlərə sərf olunur və ciddi senzura tətbiq olunur. Əgər İran kinosuna diqqət yetirsəniz, görərsiniz ki, ən uğurlu filmlər müstəqil düşüncənin məhsuludur. Sifarişlə çəkilən filmlərə hökumət böyük büdcə ayıra bilər, onlar Hollywood standatrlarına uyğun çəkilə bilərlər, ama beynəlxalq səviyyədə heç bir uğur qazanmazlar.

Behzad Molodun filmi Bruklin film festivalında
Behzad Molodun filmi Bruklin film festivalında

-Hazırda Amerikada təhsil alırsız. Ordan İran kinosu necə görünür? Və Amerikada İran kinosuna münasibət necədi?

- İran kinosu burda məşhurdur. Amerikanınbir çox beynəlxəlq festivallarında İran filmlərini görmək mümkündür. İran kinosu bu məşhurluğunu Abbas Kiarostəmi, Məcid Məcidi, Əsgər Fərhadi kimi rejissorlara borcludur.

- Sizcə, İranla Qərb arasındakı uzun illər sürən siyasi gərginlik olmasaydı, İran kinosu Qərbdə və dünyada indiki qədər məşhur olardımı?

Behzad Moloud İranda film çəkilişi zamanı
Behzad Moloud İranda film çəkilişi zamanı

- Məncə, əgər incəsənət siyasətdən uzaq dura bilsə, çox uğur qazanar. Lakin uzun illər İranla Qərb arasında davam edənsiyasi problemlər İran kinematoqrafiyasına böyük təsir eləyib. İranda bütün xalqın həyatına təsir elədiyi kimi. İranla Qərb arasındakı problemlər, demək olar ki, iran kinosunun texniki baxımdan geri qalmasına səbəb olub. Amma eyni zamanda da mövzu baxımından fəqrli, orijinal kino yaranıb.

- İran kinoindustriyasında azərbaycanlı rejissorlar çoxdurmu? Onlara münasibət necədi, hansı məhdudiyyətlər var, hansı imkanlar yaradılır?

- Diqqət yetirsəniz, İran kinematoqrafiyasında rejissorların və digər kino adamlarının böyük qisminin azərbaycanlı olduğunu görərsiniz. Ancaq türk dilində çəkilən və ya Azərbaycan mədəniyyətindən bəhs eləyən filmlərin yaranması ilə bağlı çoxlu maneələr var. Hərçənd son zamanlar gənc rejissorlar türk dilində qısametrajlı filmlər çəkirlər və bu böyük mədəniyyəti təbliğ etmək istiqamətində uğurlu addımlar atırlar.

XS
SM
MD
LG