Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Qarabağ haqda filmi iranlı rejissorun çəkməsinə etirazlar yüksəlir


Babək Şirinsifət (Kulis.az)
Babək Şirinsifət (Kulis.az)

►“Bura gələn Kiarostamidir, Məxməlbafdır, Məcid Məcididir, Cəfər Pənahidir?.. Şirinsifəti kimdi qıraqda tanıyan? Onu heç Azərbaycanda tanımırlar”

"İranlı rejissorlara beynəlxalq arenada qapılar daha tez açılır"

...Filmin qəhrəmanı həbsdən çıxır və... yaşadığı bölgənin artıq işğal olunduğunu öyrənir.

İndi onun bir məqsədi var, əsirlikdə olan doğmalarının qəbrini ziyarət etmək üçün yol tapmaq.

“Azərbaycanfilm” kinostudiyasında çəkilən “Üç gün və bir ömür” filminin mövzusunu qısaca belə nəql etmək olar. F

ilm son 24-25 ildə Azərbaycan toplumuna tanış olan bir mövzudan, torpağı işğal edilən insanların ağrılarından bəhs edir. “Üç gün və bir ömür”ü Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İran rejissoru Babək Şirinsifət çəkir. Elə bu da kino aləmində etirazlara, dartışmalara yol açıb:

“Niyə film Azərbaycan rejissoruna yox, İran rejissoruna verilib?”

HÜSEYN MEHDİYEV: “BU QEYRİ-ETİKDİR”

Hüseyn Mehdiyev
Hüseyn Mehdiyev

Azərbaycan Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev “Azərbaycanfilm”in bu qərarına etirazını bildirib.

O, AzadlıqRadiosuna açıqlamasında etirazın səbəblərinə aydınlıq da gətirib. Gildiya rəhbərinin qənaətincə, Azərbaycanda dövlət vəsaiti hesabına ildə 10-15 film çəkilsəydi, bəlkə də bu addıma bəraət qazandırmaq mümkün idi.

Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

“Ancaq yerli kinorejissorların işsiz qaldığı vaxtda bu cür filmi kənar ölkədən gələn rejissora həvalə etmək həm yanlış, həm də qeyri-etikdir. Cəmi bir-iki film çəkilir, onu da kənardan gələnə verirlərsə, bu, lap üzücüdür, necə deyim, çox dəhşətli görünür və hansı üzünə çevirsən, düzgün deyil”, - Hüseyn Mehdiyev bildirir.

O, bir məqamın da üzərində dayanır:

“Bütün dünyada film müştərək çəkilmirsə, birgə istehsal deyilsə, o zaman kənar ölkədən müəllif çağrılması yenə qeyri-etik sayılır. Xüsusilə də dövlət vəsaiti hesabına istehsal olunan filmlərdən söhbət gedir. Dövlət o vəsaiti kinematoqrafiyanın inkişafına ayırır. Belə olan halda, kənardan rejissor və ümumiyyətlə, sənətçi dəvət etmək yaxşı əlamət deyil”.

“AZƏRBAYCANDA POTENSİALI DAHA YÜKSƏK OLAN REJİSSORLAR VAR”

Film çəkmək üçün gözləyən rejissor Şamil Əliyev də narazılar sırasındadır:

Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

“Mən bilirəm ki, Azərbaycanda o rejissordan potensialı daha yüksək olan, amma illərlə film çəkməyə növbə gözləyən rejissorlarımız var. Rejissor da, ssenarist də mədəni genefondun qoruyucusudur. Bu məsələdə gərək ehtiyatlı olaq. Müşfiq Hətəmov hansı arqumenti gətirir, xəbərim yoxdur, ancaq, sözsüz, istərdim o filmi azərbaycanlı rejissorlar çəksin”.

“İRANLI REJİSSOR QAPILARI AÇA BİLƏR”

Bəs qarşı tərəfin arqumenti nədir? Filmin prodüseri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov AzadlıqRadiosuna bu seçimin doğru olduğunu bildirir.

O deyir ki, Babək Şirinsifət Azərbaycanın Qarabağ probleminin təbliği məqsədi ilə vaxtilə üç film çəkib, həm də öz hesabına.

“Ölkənin xaos dövründə Şirinsifət burda öz hesabına iki sənədli film çəkdi: “Sıfır saatının qatarı”. Azərbaycanlılar qatarlarda necə əziyyət çəkirlər, torpaqlarından necə qovulublar... Səfirliklərimizin xahişi ilə bu filmin üzünü çıxarıb payladıq o vaxt. Sonradan o, öz şəxsi təşəbbüsü ilə Qarabağ mövzusunda “Rami” filmini çəkdi. Azərbaycan informasiya blokadasında olduğu bir vaxtda iranlı rejissor belə film çəkdi”.

Müşfiq Hətəmov İran filminin dünyadakı nüfuzundan danışır və hesab edir ki, Elçin Musaoğlunun çəkdiyi “Nabat” filmindən sonra beynəlxalq festivallarda Azərbaycan adından təqdim edilən sanballı bir işə, “növbəti zərbəyə” ehtiyac var. Onun sözlərinə görə, “Üç gün və bir ömür” də məhz beynəlxalq təbliğata hesablanıb:

“Bu filmin məhz iranlı rejissorun baxışı ilə çəkilməsi onun yayımı, təbliğatı zamanı qapıların daha asan açılmasına səbəb olacaq. İkincisi, bu filmin post-prodakşnında İran şirkəti də iştirak edəcək. Bəzi məsələlərlə bağlı razılaşma əldə etmədyimizdən bunu açıqlamırdıq”.

Yeri gəlmişkən, filmin prodüseri bu qərarla bağlı bəzi məqamları açıqlaya bilmədiyini də xüsusi vurğulayır. Bu haqda açıqlamanı çəkilişlər başa çatdıqdan sonra verəcəklərini söyləyir.

ŞAMİL ƏLİYEV: “BURA GƏLƏN MƏCİD MƏCİDİDİR?”

Şamil Əliyevsə Müşfiq Hətəmovun arqumentlərini qəbul etmir və sual verir:

“Hansı iranlı rejissordur bu filmi çəkən? Kiarostamidir, Məxməlbafdır, Məcid Məcididir, Cəfər Pənahidir bura gələn? Babək Şirinsifət çox sağ olsun, Azərbaycanı düşünüb, amma Qarabağ kimi mövzuda çəkilən film onun adı ilə qıraqda yayıla biləcəkmi? Şirinsifəti kimdi qıraqda tanıyan? Onu heç Azərbaycanda tanımırlar”.

“ÇOX AZƏRBAYCANLIDAN DAHA AZƏRBAYCANLIDIR”

Rejissor Elçin Musaoğlu isə yerli həmkarlarının yanaşmasını doğru saymır:

“Mən çox yaxşı baxıram buna. Mənim üçün əcnəbi ilə konkret adam fərqli bir şeydi. Çəkdiyim “Qırxıncı qapı” və “Nabat”ın bütün laboratoriya işlərini, montajını İranda etmişəm. Bunun üçün məndən adi İran rejissorundan aldıqları qədər pul alıblar. Mənə orda əcnəbi kimi baxmayıblar, bu da Babəkə görədir. “Nabat”ın montajçısı odur. Bundan başqa, bu adam türkoğlu türkdür. Babaları Xudatdan gedib. Üçüncüsü, o, 1990-cı illərdə Qarabağda döyüşməyə gəlib, buraxmayıblar. Bəzi rejissorlar burda özünü günə verəndə o, reklamdan qazandığı pulla Qarabağ haqda sənədli film çəkib və bu filmi səfirliklərimiz alıb yayıblar. Ona görə mən onu çox azərbaycanlıdan daha azərbaycanlı sayıram”.

Söhbəti burda da bitirmək olardı. Amma bir sualı verməmək olmur: “Kino sahəsinə cavabdeh məmurlar yerli rejissor Elçin Musaoğlunun “Nabat” filminin uğurundan məmnundurlarsa, o zaman niyə yenə də Azərbaycan rejissorlarına etimad göstərmirlər? Niyə “növbəti zərbə”ni qonşu ölkənin rejissorunun endirməsini istəyirlər?”

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

XS
SM
MD
LG