Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

R.Siami: İndi İranda çox gənc filmlərini Azərbaycan türkcəsində çəkir


Reza Siami

Reza Siami

-

"İranda demək olar ki heç bir gənc öz cibinin puluyla qısametrajlı film çəkməyib. Amma görürəm ki, Azərbaycanda gənclərin çoxu çətin durumda özləri pul tapır, borc alıb qısametrajlı film çəkirlər. Belə olmaz. Bununla heç yerə çıxmaq olmaz."

O, bir neçə Azərbaycan aktyorunu İrandakı filmlərinə çəkib. Deyir ki, çəkdiyi filmlərin əksəriyyəti Azərbaycanla bağlıdır. Hazırda Türkiyədə yaşayır.

Reza Siami ilə OxuZalında söhbət

- Rza bəy, azərbaycanlısınız, filmlərinizin çoxu azərbaycancadır, azərbaycanlı təəssübkeşliyi ilə çəkilib. Maraqlıdır, doğulduğunuz İranda ayrıca Azərbaycan kinosu dalğası varmı?

Siz özünüzü Azərbaycan, yoxsa İran kino məktəbinin yetirməsi sayırsınız?

- Mən hər şeydən öncə özümü Azərbaycan türkü bilirəm… Çalışmışam filmlərimin bir çoxunda da Azərbaycanla bağlı sujetləri çəkəm.

Reza Siami (sol), Həsən Məmmədov (ortada)

Reza Siami (sol), Həsən Məmmədov (ortada)

İran kinosunda, professional kinoda, yəni tammetrajlı kinoda demək olar ki, Azərbaycan dalğası adında bir şey yoxdur.

Amma qısametrajlı film sahəsində yavaş-yavaş bu dalğa təşəkkül tapmaqdadır.

Reza Siami

Reza Siami

İndi bir çox gənc rejissor filmlərini Azərbaycan türkcəsində çəkir. Bəzi süjetlər də Azərbaycanla bağlı olur...

Məncə, ümumiyyətlə ayrıca “Azərbaycan kino məktəbi” adlı bir məfhum yoxdur. Azərbaycan kinosu daha çox rus kino məktəbinin təsiri altındadır.

Təəssuf ki, Azərbaycan kinosu özünəməxsus bir estetika yaratmamışdır.

Mən də kino təhsilimi İranda almışam və bu kinoda çalışmışam, ona görə də deyə bilərəm İran kinosunun yetirməsiyəm. Amma çalışmışam öz tərzimdə sözlərimi söyləyəm...

- Filmlərinizdə quzey Azərbaycandan olan bir çox aktyor və bəstəkarla işləmisiniz, amma onların əksəriyyəti sovet kino məktəbinin yetirmələriydi. Necə düşünürsünüz, sovet dövrü ilə hazırkı Azərbaycan kino estetikamızda hansı keyfiyyət fərqi yaranıb? Hansı çatışmazlıqları, ya da üstünlükləri sezirsiniz?

- Dediyim kimi, Azerbaycan kinosu estetika baxımından rus kinosunun ardınca gedir. Hazırda gənc rejissorlar çalışırlar rus kinosunun təsiri altından çıxsınlar və yeni bir kino dili və estetikası yaratsınlar. Amma buna çox zaman lazımdır.

Azərbaycanın özünəməxsus kino uslubu və estetikası olmalıdır. Zəngin ədəbiyyatı, teatrı, opera musiqi xəzinəsi olan millətin gərək fərqli və özəl bir kino estetikası olsun və olacaq.

- Azərbaycan kino tənqidçiləri adətən kinomuzun İran kinosu ilə müqayisədə xeyli geridə qaldığını deyirlər. Bəlkə siz izah edəsiniz İran kinosunun belə yüksək inkişafının kökündə nələr dayanır? Kinomuzun İrandakı kimi inkişafı üçün hansı şərtlər təmin olunmalıdır?

- İran kinosunun inkişafı üçün 1980-ci illərdə çox fərqli və eyni zamanda yeni bir proqram hazırlandı. Belə ki, kino sahəsində üniversitetlərdən fərqli bir təhsil sistemi quruldu.

İranın hər bölgəsində Mədəniyyət Naziliyi tərəfindən iranlı gənc kinomatoqrafçılar üçün kurslar açılmağa başladı. Gəncləri 15 yaşından bu kurslara götürdülər və bir illik kurs keçirdilər. Dərslər də demək olar ki universetlərdən çox fərqli idi. Bir il sonra həmin gənclər qısa filmlər çəkməyə başlayırdılar.

Reza Siami

Reza Siami

Bu gənclərin bir çoxu sonra universitetlərə də daxil olurdular. Amma əslində o bir ildə onların kinoya baxışları formalaşır və bu yeni formada, estetikada çəkilən filmlər bir çox festivallara çıxarılırdı.

Həmin gənclər bir neçə il sonra qısametrajlı filmlər, sonra tammetrajlı filmlərə başlayırdılar. Bu filmlər indiyə qədər çox mükafatlar alıb.

Azərbaycanda təəssüf ki, qısametrajlı filmlərə önəm verilmir. Kinonun universitetlərdə tədris səviyəsi aşağıdır. Dövlət tərəfindən gənclərə maddi yardım yoxdur.

İranda demək olar ki heç bir gənc öz cibinin puluyla qısametrajlı film çəkməyib. Amma görürəm ki, Azərbaycanda gənclərin çoxu çətin durumda özləri pul tapır, borc alıb qısametrajlı film çəkirlər. Belə olmaz. Bununla heç yerə çıxmaq olmaz. (davamı aşağıda)

- Azərbaycan və İran kino sənayesinin bir ortaq cəhəti məncə, senzuradır. Yəqin bilirsiniz, Azərbaycanda dövlət hesabına çəkilən filmlərə qeyri-rəsmi kinosenzura tətbiq olunur.

Bəs bir rejissor kimi necə düşünürsünüz, senzura rejissorun özünü ifadə etməsinə müsbət, yoxsa mənfi təsir edir? Misalçün, siz indiyədək çəkdiyiniz filmlərdə senzuradan hansısa formada yayına bilibsinizmi?

Reza Siami (sağda)

Reza Siami (sağda)

- Senzura yalnız İran və ya Azərbaycan kinosuna aid deyil Kinosenzura bir çox ölkələrdə mövcuddur. Elə İranı götürək. Senzura ola-ola kino necə inkişaf edib? Demək olar ki, senzura heç bir halda kinonun və ümumən sənətin qarşısını ala bilməz.

Hər bir sənət adamı, hər bir rejissor özu senzuradan yayınmaq yolların tapa bilir. Daha doğrusu, bu, bəzən alınır, bəzən yox.

İranda bir çox film çəkiləndən sora ekrana çıxmasına izn verilmədi, amma neçə illər sora nəhayət, məcbur olub izn verdilər.

Təəssüf ki, bizim ölkələrdə bu senzura var, olacaq da, amma kaş bizim hökümətlər senzura olmayan ölkələrə bir baxalar, görələr nə baş verir ki, senzura yoxdur, məsələn Amerikada. Kino ilə hakimiyyət devrilir bəyəm? Ya Avropa ölkələrində rejissorlar senzurayla uğraşmırlar və istədiklərini çəkə bilirlər, hansı zərərləri yetirirlər hakimiyyətə və ya insanlara?!

- Azərbaycan müstəqil olandan sonra zaman-zaman İrandan Azərbaycana çox sayda rejissorlar gəlir, burada filmlər çəkirlər. Diqqət çəkən bir məqam var ki, Azərbaycandan gedib İranda film çəkən rejissorlar demək olar ki, yoxdur. Siz bunu nəylə bağlayırsınız?

Reza Siaminin bir filmindən görüntü

Reza Siaminin bir filmindən görüntü

- İrandan gəlib Azərbaycanda Azerbaycan büdcəsilə film çəkən olmayıb. Bir neçə İran filmi Azerbaycanda çəkilib, amma İran istehsalıdır. Az da olsa, İranda çəkilmiş Azərbaycan filmləri də olub. Ya da məsələn, bəzən Azərbaycandan aktyorlar gəlib İran filmində oynayıblar.

Həmçinin İranla Azərbaycanın müştərək filmləri də var, yani filmi iki ölkə maliyyələşdirib.

Eşitdiyimə görə, Azərbaycan kinosunda texniki sahədə işçi azlığı var, bəlkə elə bu üzdən bir neçə İran rejissoru və operatoru Azərbaycan filmlərində çalışıb...

- İran filmləri haqda məni və ümumilikdə Azərbaycan tamaşaçılarını düşündürən bir məqam var. Tez-tez Məcid Məcidinin, ya da Abbas Kiarostaminin dünyaca məşhur filmlərində azərbaycanca kiçik dialoqlar qarşımıza çıxır.

Bəs əhalisinin böyük bir hissəsi azərbaycanlı olan İranda tamam azərbaycanca filmlər çəkilib dünyaya çıxarılırmı? İranda istehsal olunan filmlərin təqribən neçə faizi azərbaycandilli filmlərdir?

- Kiarostami, ya Məcidinin filmlərində bu iki-üç dialoqun olub-olmaması heç önəmli deyil və məncə, mənasızdır…

Reza Siaminin bir filmindən səhnə

Reza Siaminin bir filmindən səhnə

İranda Azərbaycan türkcəsində tammetrajlı film çəkilmir. Səbəbi icazə verilməməsi deyil. Necə ki, bir neçə Azərbaycandilli telekanallarda, məsələn, Təbrizin SAHƏND TV-sində, yaxud Ərdəbilin SAVALAN TV-sində Azerbaycan türkcəsində bir çox tele-seriallar çəkilir.

Reza Siaminin bir filmindən səhnə

Reza Siaminin bir filmindən səhnə

Kino isə çəkilmir, ona görə ki, kino sənəti İranda 20-30 faiz dövlətə bağlı olsa da, 70 faiz özəl firmalar tərəfindən maliyyələşdirilir.

Onlar Azərbaycan türkcəsində film çəksələr, sadəcə azərbaycanlıların yaşadığı bölgələrdə ekrana çıxara bilərlər, amma fars dilində çəkdikləri İranın hər yerində kino zallarında nümayiş oluna bilir və prokat üçün bu, daha sərfəlidir, daha çox qazandırır.

Amma, az da olsa, Azərbaycan türkcəsində bir neçə film var və onlar bir neçə ölkədə festivallarda da iştirak ediblər.

- İran rejissorları içərisində azərbaycanlıların sayı çoxdur. Maraqlıdır, həmin azərbaycanlı sənət adamları arasında bir həmrəylik, qrup maraqlarına görə hərəkət etmə, təşkilatlanma və s. varmı? İranda azərbaycanlı sənət adamları nə dərəcədə həmrəydirlər?

- Bir şey deyim ki, azərbaycanlı maraqlarından çıxış etmək, bununla bağlı film çəkmək üçün sadəcə azərbaycanlı olmaq kifayət eləmir, azərbaycançı düşüncə lazımdır, öz kimliyini bilmək lazımdır, tarixini, ədəbiyyatını oxumaq lazımdır, musiqisini dinləmək lazmdır, öz dilində yazıb-oxumağı bacarmaq lazımdır.

Reza Siaminin film çəkilişindən

Reza Siaminin film çəkilişindən

Bilirsiniz ki, İranda Azərbaycan dilində təhsil almağa icazə verilməyib. Sənət adamının özünün gedib zəhmət çəkib dili öyrənməsi lazmdır ki, ondan sonra gəlsin Azərbaycan dilində film çəksin və bü filmdə sadəcə dil deyil, millətinin maraqların əks etdirsin.

Yoxsa Azerbaycan dilində boş-boş sujetlərdən ibarət film çəkməkdənsə, elə başqa dildə çəkməsi daha yaxşıdır.

Amma hələlik belə rejissorlarımız yoxdur. Gənclərin arasında yavaş-yavaş belələri yetişir və bunlar inşallah, gələcəkdə o həmrəyliyi yaradacaqlar…

Qısacası, İranda azərbaycanlı rejissor çoxdur, amma onların azərbaycanlı olub-olmamaları heç fərq eləmir.

- Bu yaxınlarda İrandan olan azərbaycanmənşəlli rejissor Cəfər Pənahinin “Taksi” filmi Berlin festivalıdna “Qızıl ayı” mükafatı aldı və bu İran kinosunun növəbti böyük uğuru kimi qiymətləndirilir. Siz həmin filmə baxmısınızmı, onu necə şərh edərdiniz?

- Mən bu filmə baxmamışam, ona görə də heç nə deyə bilmərəm.

- Bildiyim qədər, bir müddətdir Qarabağ haqda film çəkmək istəyiniz var. Bu istəyin gerçəkləşməsi uğrunda nə kimi işlər görürsünüz? Ümumiyyətlə, indi hansı film üzərində işləyirsiniz?

Azərbaycandan sizə film təklifləri gəlibmi?

- Qarabağ haqda bir sənədli-bədii film çəkmək planım var. Tammetrajlı filmdir. Ssenarisi TRT-də (Türkiyə ictimai televiziyası) təsdiqlənib, amma hələ ki, büdcə verilməyib.

İndi bir bədii film və bir tele-serialın baş tutması üçün də çalışıram. Baxaq hansı alınacaq. Amma çox istərəm ki, öncə Qarabağ filmini çəkim. Azerbaycandan isə indiyədək mənə heç film təklifi gəlməyib.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG