Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:43

Orduya yığılan pullar hara gedir


Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov

-

Silahlı Qüvvələrə Yardım Fonduna bu il mayın 1-ə qədər 73 milyon 95 min 369 manat, 212 min 373 dollar, 2 min 993 avro və 5 min rubl daxil olub. Xəbəri Müdafiə nazirliyi yayıb.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb.

Aprelin 2-dən 5-dək cəbhədəki döyüşlərdən sonra cəmiyyətin müxtəlif təbəqələrindən orduya yardımların artması haqqında xəbərlər gəlir. Hərbi büdcəsi 4 milyarda yaxın olan bir ölkənin ordusunun bu yardımlara ehtiyacı varmı? AzadlıqRadiosu-nun suallarına ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov cavab verir:

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Azərbaycan vətəndaşları mütəmadi olaraq həmin fonda həm milli, həm də xarici valyuta ilə vəsaitlər keçirə bilirlər. Bildiyim qədər, həmin hesaba kifayət qədər pul yığılıb. Aprelin əvvəlindəki döyüşlərdən sonra insanlar Azərbaycan ordusuna bir növ diqqət və qayğı əlaməti olaraq bu vəsaiti köçürüblər.

– Bu vəsaitlərin toplanmasında bəzən adamların məcburi edilməsi ilə bağlı fikrilər də eşidilir...

– Bir sıra qurumlarda müəyyən xoşagəlməz halların olması haqda mən də oxumuşam. Müəllimlərin, ya da başqa dövlət qurumunda işləyənlərin aylıq məvacibindən tutulması haqda da xəbərlər eşidilir. Əslinə qalsa, bu yardımların toplanmasının tərəfdarı deyiləm. Bu gün tam açıq və səmimi deyirəm ki, Azərbaycan əsgərinin gündəlik qida rasionu, geyimi, silah-sursatı ən yüksək səviyyədədir. Mütəmadi olaraq, cəbhə bölgələrinə gedib gəlirəm, əsgərlərin şəraiti ilə maraqlanıram. Çox böyük dəyişikliklər var. İndi 90-cı illər deyil. Bu gün Azərbaycan əsgərinin ən ucqar nöqtələrdə belə təminatı ən yüksək səviyyədədir. Tərif üçün demirəm. Əvvəlki illərin nöqsanları və çətinlikləri tamamilə aradan qaldırılıb. Bu gün bəzi şəxslərin özlərini yaxşı göstərməkdən ötrü kimisə pul verməyə məcbur eləməsi əxlaqsızlıq, vicdansızlıqdır. Hər bir insan özü bilər, aldığı məvacibindən, qazandığı gəlirindən, ürəyi istəyər, istənilən poçt, bank şöbəsinə yaxınlaşıb vəsait köçürə bilər.

– Bəs yığılan pulların orduya yox, ayrı-ayrı ciblərə getməsi mümkündürmü?

– O pullar heç kimin əlinə gəlmir. Yalnız və yalnız hesaba köçürülür.

– Bəs, hesaba köçürməmək halı ola bilərmi?

– Əlbəəl pul vermək qanunsuzluqdur. Belə şey olarsa, bu dələduzluqdur. Dərhal hüquq mühafizə orqanları tərəfindən qarşısı alınmalıdır. Belə şeyləri ictimai qınağa gətirmək lazımdır ki, o insanlar çirkin yollardan çəkinsinlər. Əsgərə ön xətdə pul lazım deyil. Əsgərin yeməyi də var, suyu da, yatmağa şəraiti də. Hesab nömrəsi var, ağlı olan pulu o hesab nömrəsinə keçirib qəbzi özündə saxlayar.

– Ordunun təminatı yüksəkdirsə, Silahlı Qüvvələrə Yardım Fondu nə üçündür?

– O yığılan pullar sabah, lazım gələrsə, hər hansı müdafiə təyinatlı avadanlığa, yaxud əsgərlərin müəyyən sosial məsələlərinin həllinə, ya da şəhid ailələrinə sərf oluna bilər. Orda Direktorlar Şurası var. O şura hansı qərarı qəbul edəcəksə, yəqin ona uyğun da addım atılacaq. O fonda yığılan pul ən bahalı silahlardan birinin alışına da sərf oluna bilər. Ya da əsgər və zabitlərin müəyyən sosial məsələlərini həllində istifadə edilər. O fond şəffafdır, rəqəmlər də göstərilir. O bank hesabına heç kimin əl uzatmaq ixtiyarı yoxdur. Fondun olmağı yaxşı haldır. Çünki insanların sanki öz doğmalarına dəstək göstərməsi daha çox mənəvi əhəmiyyət daşıyır. Bu, ehtiyacdan yaranmış görüntü təsiri bağışlamamalıdır.

– Bəs bu cür fonda yığılan vəsait hansı şəraitdə istifadə olunur?

Orduya pul yığılması üçün ərizə forması, apr2016
Orduya pul yığılması üçün ərizə forması, apr2016

– Bildiyim qədərilə, 2002-ci ildən bu günə qədər o vəsaitdən, 1 qəpik də olsun, xərclənməyib. Çünki, ən azından, Müdafiə Nazirliyi deyə bilərdi ki, «o puldan müəyyən məqsədlər üçün istifadə edib silah-sursat almışıq». Bu 14 il ərzində ordan bir qəpik də sərf edilməyib. Sadəcə, pul ehtiyatı kimi yığılır. İnanıram ki, nə vaxtsa o pul işğaldan azad olunmuş ərazilərdə əsgər və zabitlərimiz üçün sosial infrastrukturun yaradılmasına xərclənəcək. Bu günə qədər ordumuzun vəsaiti, bir qəpik də olsun, kəsilməyib. Hər il ölkə büdcəsi müzakirə olunarkən vəsaitlər ayrılır. Amma o fondun olmasının nəyi pisdir ki? İnsanlar bütün dünyada qəbul olunmuş qayda ilə ora vəsait köçürürlər.

– Fonda vəsaitlərin toplanmasında şəffaflıq varmı?

– Ordunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, ora yığılan məbləğ açıqlanıb. Amma çox istərdim ki, tam şəffaflıq naminə hər bir qurum ay, yaxud il ərzində topladığı vəsaitin rəsmi hesabatını Müdafiə Nazirliyinə təqdim eləsin. Bəlkə elə qurum, elə idarə var ki, orda doğrudan da ordu adına pul yığılır, ancaq o pul gedib fonda çatmır?

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalından izləyin:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG