Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Elman Fəttah: «Bizi zorla namizəd etmək istəyirlər»


Elman Fəttah.
Elman Fəttah.

-

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının parlament seçkilərə 3-4 gün qalmış seçkilərə qatılmaqdan imtinasını «şüurlu olaraq əngəl yaratmaq» kimi dəyərləndirib. Qurumun adından yayılan bəyanatda belə deyilir.

Müsavat Partiyası isə MSK-nın bu cür bəyanat verməsini qanunazidd sayır. Partiyanın başqan müavini Elman Fəttah AzadlıqRadiosuna bunları söyləyib:

- Mərkəzi Seçki Komissiyasının qərarı nə Seçki Məcəlləsinə, nə də Konstitusiyaya uyğundur. Qurumun verdiyi bəyanat onu göstərir ki, MSK siyasi hakimiyyətin ruporundan başqa bir şey deyil. Bu daha çox Yeni Azərbaycan Partiyasının bəyanatına bənzəyir, MSK-nın belə siyasi bəyanatlarla çıxış etməsi heç bir halda düzgün deyil. Bu qurum Azərbaycan qanunvericiliyinə zidd olaraq müsavatçı namizədlərin seçkilərdə iştirakını bir öhdəlik kimi üzərinə qoyur. Bu, son 20 ildə seçkilərlə bağlı verilən ən absurd qərardır. Vətəndaş seçkidə iştirak etmək istəmirsə, heç kim onu zorla buna vadar edə bilməz. Qanunda belə öhdəlik yoxdur.

- MSK bildirir ki, Seçki Məcəlləsinə uyğun olaraq bu haqda səsverməyə 10 gün qalmış xəbərdarlıq etmək olardı.

- Dəqiqləşdirim ki, qanunda söhbət bülletenlərin 10 gün qalmışadək çap edilməsindən gedir. Seçki Məcəlləsində tövsiyə xarakterli bir bənd var ki, səsverməyə 10 gün qalmışadək namizədlər seçkilərdə iştirakdan imtina etsələr, adları bülletenə salınmasın. Amma burda seçkidən imtinayla bağlı hər hansı məhdudiyyətdən söhbət getmir. Seçkidən imtinanın son anı, son dəqiqəsi deyə bir şey yoxdur qanunvericilikdə. MSK bu halda bülletenlərdən seçkilərdə iştirakdan imtina edən namizədin üstündən xətt çəkməlidir, vəssalam. Özü də bu, birinci belə hal deyil. Əvvəlki seçkilərdə də bu cür hadisələr olub. 2010-cu ildə iki belə presedent baş vermişdi. O zaman seçki komissiyaları həmin namizədlərin adının üstündən xətt çəkmişdilər. Ona görə də MSK-nın dünənki bəyanatını YAP-ın Siyasi Şurasının bəyanatına bənzədirəm sadəcə.

- Müsavat seçkidə iştirak etməyəcəyini deyir, MSK-nın isə mövqeyi ortadadır. Məsələ necə həll olunacaq? Bu o deməkdirmi ki, Müsavat namizədləri səsvermədə iştirak etmiş olacaqlar?

- MSK heç bir halda bizim qərarımıza təsir edə bilməz. Biz mövqeyimizi ortaya qoymuşuq. Bizi zorla namizəd etmək istəyirlər. Ancaq bizim belə öhdəliyimiz yoxdur.

XS
SM
MD
LG