Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

- "Yazmaq sənəti" rubrikasında bu həftə yazıçı P.D.JamesLes Edgerton'un gənc yazıçılara mələhətlərini təqdim edirik.

Yazmaq üçün doğulmalısan

Sözləri təsirli və gözəl seçməyi kiməsə öyrədə bilməzsən. Artıq yaza bilən insanlara effektli yazmağı öyrədə bilərsən. Roman yazmaq üçün məsləhətlər vermək olar, amma yaza bilməyən, söz adamı olmayan bir adamdan yazıçı düzəldə bilməzsən. Bu, sadəcə olaraq mümkünsüzdür.

Necə ki, məndən heç kəs musiqiçi düzəldə bilməz. Mənə piano çalmağı öyrədə bilərlər, səy göstərib öyrənə bilərəm, amma musiqiçi ola bilmərəm.

Bildiyin şey haqda yaz

Bildiyin şey haqda yaz. Yazıçı üçün itki yoxdur, heç nə itmir, hər şeyi toplamalı və onlardan istifadə etməlisən. Amma bu o demək deyil ki, elə hey özünü yazasan. Özündən kənara çıxmağı öyrənməlisən.

Ağrılı, ya xoşbəxt, fərqi yoxdur, - bütün təcrübələr toplanır və gec-tez istifadə olunur.

İnanıram ki, yaza bilən, sözləri hiss edə bilən və o sözlərdən necə istifadə etmək lazım olduğunu bilən kəs naşir tapacaq. Ən azı ona görə ki, naşirlər də yeni yazıçılar axltarışındadırlar. Hamımız yaşlanırıq, öləcəyik və bizim ardıcıllarımız olmalıdır.

Öz cədvəlini tap

Hər yazıçı bir cürdür. Bəzilərinin otağı, qələmi olmalıdır, bəzilərinin kompüteri. Mən əllə yazıram, rahat stulum, mil-mil dəftərim, qələmim olsa, hər yanda yaza bilirəm.

Mənim üçün yazdıqca yoxlamaq vacibdir. Səhər sübhdən, hələ London oyanmamış qalxıram. Bu, mənim üçün ən yaxşı vaxtdır. Sən də öz ən yaxşı vaxtını tap.

Oxu, yaz və xəyala dalma!

Yaxşı yazmaqdan ötrü çox oxumalısan. Uğurlu insanların necə yazdıqlarına bax, amma onları kopyalama.

Biz yaza-yaza öyrənirik, boş səhifəyə baxa-baxa yox, gələcək uğurlarımız haqda xəyala dalmaqla yox.

Hekayə, roman girişi, ya yerli jurnal üçün yazı, fərqi yoxdur, əsas odur ki, yazaraq inkişaf edək. Bu haqda düşünmə, bu haqda danışma, - yaz. Biz yaza-yaza öz üslubumuzu tapırıq, xəyala dala-dala yox.

Özünlə otur-dur

Bu, tənha karyeradır. Amma bunu dəhşətli dərəcədə tənha karyera hesab edənlər yazıçı deyillər. Əgər yazıçısansa, tək olduğun zamanın xarakterlərinlə baş-başa qalmaq üçün necə qiymətli olduğunu bilməlisən.

Bu tənhalıq gərəkli tənhalıqdır.

Qurğu

Hər romanın qığılcım saçan tərəfi var. Mənim üçün bu, qurğudur. Mənim üçün “məkan ruhu” çox vacibdir, bəzən elə bir yerə düşürəm ki, o yer mənim ağlıma roman qurğusunu gətirir.

Bir dəfə Şərqi İngiltərədə bir tənha çimərlikdəydim. Gözlərimi yumub dalğaların sahilə çırpılan səsini dinləyirdim. Gözlərimi açanda o soyuq, təhlükəli Şimal dənizi sahili bir anda nəhəng, boş nüvə enerjisi stansiyasına çevrildi. O anda romana hamilə qaldığımı anladım.

Qeyd dəftərçən olmadan heç yerə getmə

Heç vaxt qeyd dəftərçən olmadan küçəyə çıxma, sən elə bir sifət görə bilərsən ki, xarakterlərindən birinin dəqiq siması olar o sifət.

İndi mən növbəti romanımı yazıram. Qurğum artıq var. Süjetimin çoxu fikrimdə hazırdır. İndi ciddi oturub yazmağa başlamalıyam, gələn ay başlamağı düşünürəm.

Yuxuyla başlama

Heç vaxt belə başlama: Hadisələri nəql edirsən, sonra göstərirsən ki, xarakter bunları yuxuda görürmüş.

Belə başladığın bir hekayəni redaktorlara, ədəbiyyat agentlərinə göndərsən, onu əzib zibilqabına tullayacaqlar.

Hekayəni belə sonlandırmaq da olmaz: guya bütün bu olanlar yuxuda imiş.

Zəngli saatın çalmasıyla başlama

Qəhrəman zəngli saatın səsinə yuxudan ayılır, yaxud kimsə onu silkələyir, yataq otağının pəncərəsinə balaca quş qonur. Hekayəni radiodan gələn bir xəbərlə də açma.

Bu girişi oxuyan agent və ya redaktor bilir ki, onu maraqsız, boz, darıxdırıcı hekayə gözləyir.

Əsas hekayəyə çatana qədər çox vaxt keçəcək. Belə hekayə başlamaqdan daha pis hekayə başlamaq üsulu da var: zəngli saat çalır, qəhrəman yuxudan ayılıb onun düyməsini basır və deyir: “Gecikdim!”

Dialoqla başlama

Belə açılış 19-cu əsrin axırı üçün səciyyəvidir. İndi köhnəlib. Hekayəyə dialoqla başlamağın problem odur ki, oxucu hekayədəki qəhrəmanlar haqda hələ heç bir şey bilmir.

Bu vəziyyətdə bir qədər də oxumaq lazımdır ki, sonra dayanıb dialoqa qayıtsın, daha sonra fikrində hissələri birləşdirsin. Başlayan kimi oxucunu belə bir çətinliklə yükləmək yaxşı deyil.

Bu, oxucunu usandıra və başlamadan soyuda bilər. Sənin məqsədin bu deyil. Nəyin bahasına olur olsun belə şeylərdən qaçmalısan.

Əlbəttə, bəzi istisnalar var. Məsələn, “Nancy ilə sevişmək istəyirəm” – Tom Coya dedi, “amma bunu etmək üçün onun üzünə baxmalıyam, üzünə isə baxa bilmirəm.” Belə açılan dialoq bəzi hallarda uğurlu ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG