Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

-

"Əgər mübahisə sadəcə söhbət etməklə və ya kiçik bir hərəkətlə yoluna qoyula bilərsə, bu hekayənin bir kitabı təmin edəcək qədər güclü konflikti olmayacaq"

"Yazmaq sənəti" rubrikasında bu həftə yazıçı və yaradıcılıq müəllimi Rita Herron-un məqaləsini təqdim edirik.

Naşı yazıçıların tez-tez təkrarlanan yeddi səhvi

Yetərsiz konflikt

Konflikt – hekayədir! Konflikt hekayə yazmağa dəyəcək qədər real problem olmalıdır.

İki adam mübahisə edirsə, əlbəttə, onların arasında konflikt var. Amma əgər mübahisə sadəcə söhbət etməklə və ya kiçik bir hərəkətlə yoluna qoyula bilərsə, bu hekayə bir kitabı təmin edəcək qədər güclü konflikt deyil.

Qəhrəmanın daxili konflikti (səbəbləri) də olmalıdır. Bu daxili konflikt xarakterləri müəyyən cür davranmağa, seçim etməyə məcbur edir.

Adətən daxili səbəblər keçmişdə başlarına gəlmiş və onları yaralamış bir olayın nəticəsidir. Daxili konflikt oxucuya xarakterin zəifliklərini görməyə imkan verir.

Xarici konflikt romanı daha maraqlı və sürətli edir. Xarici konflikt xarakterləri fiziki mənada bir-birinə yaxınlaşdıran situasiyalar ətrafında cərəyan edir və süjetlə bağlı olur.

Xarici konflikti xarakterlərinin daxili konfliktlərini (zəifliklərini və qorxularını) aşkara çıxaracaq şəkildə qurmaq lazımdır.

Dolaşıq süjet

Süjet məna verməlidir. Əgər sən daim xarakterlərini bir araya gətirmək üçün yollar axtarırsansa və yaxud süjetin elə hədəqədən çıxıb ki, inandırıcılığını lap itirib, onda yəqin ki, süjet xətti dolaşıqdır.

Redaktorlar hekayələri oxutmaq və ya satmaq üçün onlarda tapdıqları "ilgək”ləri qabardırlar. Bəzən yazıçılar çoxlu element yaradır, hamısını hekayənin içində gizlədirlər.

Bir və ya iki “ilgək” seç və onları qabart. Sonra xarakterlər arasında münasibət yaratmaqla məşğul ol.

Kartondan xarakterlər

Oxucular xarakterlərin böyük, eyni zamanda stereotip yox, real insanlar olmasını arzulayırlar.

Canlı təsvirlər və arxa-hekayələrdən istifadə etməklə xarakterləri canlandırmaq, qeyri-orijinal, çox işlənib bayağılaşmış xarakterlərdən uzaq durmaq lazımdır.

Xarakterlərin məntiqli olmasına diqqət et. Hər bir xarakterin güclü və qüsurlu cəhətləri olmalıdır.

Qüsurlar bizə xarakterin zəifliklərini görməyə, bu isə xarakterə daha çox simpatiya duymağımıza kömək edir.

Həddən artıq yaxşı xarakter darıxdırıcıdır! Başının içində beyin olduğu bilinməyən bir xarakter simpatiya qazana bilməz.

Depressiyada olan, özlərinə görə xəcalət çəkən qəhrəmanlar da eləcə, bizim simpatiyamızı qazana bilməzlər, çünki onlar özlərini dəyərləndirmirlər və qəhrəman deyirlər.

Bir də, axmaq qəhrəmanlara qarşı diqqətli olmaq lazımdır (gecəyarı qaranlıq qəbirstanlığa gedən qəhrəman kimilərindən!)

Əgər gecəyarı qaranlıq qəbirstanlığa gedirsə, onun bu hərəkəti etmək üçün yetərli əsası olmalıdır (məsələn, uşağını xilas etməyə gedirsə, bu əsaslı motivasiyadır).

Onun təhlükələrdən xəbərdar olması, müdafiə üçün özülə nə isə, ayaqqabısının dabanı da olsa, götürməsi xarakterin axmaq kimi görünməsinin qarşısını almaqdan ötrü çox vacibdir.

Hər bir xarakter hekayəyə öz problemilə gəldiyinə görə, hamısı hekayə müddətində böyüməli və nə isə öyrənməlidir. Misal üçün, daha kişilərə inanmayan bir qadın bu hekayədə bir kişiyə inanmağı öyrənə bilər.

İlgəksiz

Birinci cümlə, birinci abzas və ya ilk fəsil xarakterin konfliktini göstərməli və bizi hekayənin içinə dartan ilgək olmalıdır.

Qəhrəmanı konfliktlə dərhal üzləşəcəyi bir situasiyaın içinə sal.

Darıxdırıcı arxa-hekayədən uzaq qaç, əvəzində onu hissələrə ayırmaqla yazı boyu səpələ.

Həddən artıq təhkiyə və qeyri-kafi çözüm

“Demə, Göstər!” düsturunu heç vaxt unutma. Uzun təhkiyə və təsvirlərdən qaç. Xarakterini dərhal konfliktli və ya problemli vəziyyətə sal, sonra onun reaksiyalarını demək əvəzinə göstər.

Qoy xarakter haqda onun dialoqları və hərəkətləri vasitəsilə öyrənək.

Çözümün (rezolyusiya) hekayədəki bütün sualları və problemləri bir-birilə bağlamalı olduğunu unutma. Romantik oxucular xoşbəxt sonluq istəyirlər, amma bunun inandırıcı və realist olmasını gözləyirlər.

Yetərsiz dialoq (yaxud qeyri-təbii dialoq)

Xarakteri canladırmağın yolları bunlardır: onu qarşılıqlı münasibət qura biləcəyi situasiyaya salmaq, bizə onun nə etdiyini, vəziyyətdən necə çıxmağa çalışdığını göstəmək, onun xarakterini açmaq üçün dialoqlardan istifadə etmək.

Dialoqlar yoluyla göstərmək səhifəni və uzun təhkiyə parçalarını bölür (səhifəni vizual olaraq, daha xoşagələn edir.) Xarakterlər haqda onların öz dedikləri, nə cür dedikləri, nitq formaları və intonasiyaları, eyni zamanda demədikləri şeylər vasitəsilə öyrənirik.

Daxili monoloq (fikirlər) da açıqlayıcı ola bilər: xarakter bir şey deyib başqa şeymi düşünür?!

Hekayəni və xarakterləri irəli aparmaq üçün dialoq yazdığına əmin ol, amma dialoqu girişə salmaqdan, yaxud sırf söhbət olsun deyə yazmaqdan çəkin. Dialoqlarını say.

Qeyri-təbii səslənən dialoqlardan qaçmaq üçün televizora, filmlərə bax, insanların söhbətlərini dinlə.

Çox adam qeyri-rəsmi danışıqlarda ziddiyyətli cümlələr qurur. Onların səs tonlarını, nitq şəkillərini, intonasiyalarını dəyişdir, onları fərdlərə çevir.

Misal üçün, tarix professoruyla iki yaşlı uşağın danışığı bir-birindən fərqlənməlidir.

Başdan başa tullanma – Nəzər nöqtəsini dəyişdirmək

Nəzər nöqtəsi hekayəni danışan xarakterə aid məsələdir: Biz kimin başının içindəyik?

Hekayədə oxucu bir baş xarakteri və onun problemini tanıyıb müəyyən etməlidir. Həmin tanıma işini asanlaşdırmaq istəyirsənsə, nəzər nöqtəsini sabit saxla (bir xarakterin başının içində qal).

Nəzər nöqtəsini bir xarakterdən çıxarıb başqa xarakterə keçirmək təsiri poza bilər, bunu romanda etmək effektivdir, hekayədə yox. Romanda səhnəni dəyişməklə nəzər nöqtəsini də asanlıqla dəyişmək olar.

Romantik romanlarda bir kişi qəhrəmanın nəzər nöqtəsindən, sonra qadın qəhrəmanın nəzər nöqtəsindən yazırlar, məsələn.

Unutma ki, bir xarakterin nəzər nöqtəsindən yazırsansa, onda o, başqa bir xarakterin nə düşündüyünü yalnız onun hərəkətlərindən, jestlərindən, dialoqlardan bilə bilər.

Bu halda üçüncü şəxsin dilindən yazılan, hər şeyi bilən təhkiyəçi nəzər nöqtəsindən (müəllifin nəzər nöqtəsindən) qaçmaq lazımdır.

Belə nəzər nöqtəsi oxucunu uzaqlaşdırır. Xarakterin hiss etdiklərini oxucunun da hiss etməsini çətinləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG